İşğaldan azad olunan ərazilərimizə - Zəngilan və Qubadlı rayonlarına səfərimizin əsas hissəsi Horadiz qəsəbəsini keçdikdən sonra başladı. Qəsəbəni avtomobillə şütüyüb keçəndən sonra polis postunda sənədlərimiz yoxlanıldı və davam etməyə başladıq. Beləcə 1993-cü ilin avqustun 23-də Ermənistan ordusu tərəfindən işğal olunan və 2020-ci ilin oktyabrın 4-də Azərbaycan Ordusunun azad etdiyi Cəbrayıl rayon ərazisinə daxil olduq.
27 il bizdən ayrı qalan, adını hər dəfə çəksək də gedə bilmədiyimiz Cəbrayıla səfərimiz sözsüz ki, insanda başqa hisslər oyadır. Bu ağır, eyni zamanda insanda rahatlıq yaradan hisslər və düşüncələr altında Cəbrayılın “kruqu” adlandırılan dairəvi yol ayrıcına çatdıq. Növbəti yoxlanış postundan keçdikdən sonra Cəbrayıl şəhərini şimal hissədə buraxaraq Araz boyu qərb istiqamətində yolumuza davam etdik...
Viran qoyulan Cəbrayıl kəndləri
Budur, erməni vəhşiliyini, azğınlığını göstərən, onların təkcə azərbaycanlılara deyil, eyni zamanda əkin sahələrinə, əmlaka, daş-kəsəyə belə divan tutmasını əyani sübut edən qədim Şəybəy kəndi yolumuzun sağ tərəfində bizə boylanır. Kənd 2020-ci ilin 3 oktyabrında Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib. Burada amansız savaş gedib. Kənddə bir evi tarix naminə qoruyub saxlamaq, “biz buranı azərbaycanlılardan almışıq” deyə qürrələnmək üçün bel sağ-salamat saxlamayıblar.. Şəybəy yerlə yeksan edilib, dağıdılıb. Bu, erməni vəhşiliyini bizə göstərən ilk işartıdır. Hələ az sonra qarşıda hansı mənzələrələrin şahidi olacağımız az sonra bilinəcək...
Kəndi keçdikdən sonra təpələrdə ermənilərin qurduqları gözətçi və müşahidə məntəqələri diqqəti cəlb edir. Bu postlar betonla bərkidilib və hündürdə qurulmaqla bir növ düzənliyin müşahidə altında saxlanılmasına xidmət edib. İrəlilədikcə bu ucsuz-bucaqsız torpaqların işğal edilməsi və 27 il sonra silah və qan hesabına Azərbaycanın suverenliyi altına qaytarılması insana nağıl kimi görünür.
Avtomobillə irəli şütüdükcə Sarıcallı, Hacılı, Soltanlı kəndlərinin təkcə xarabazarlığı deyil, ruhu da insan ruhu ilə üz-üzə gəlir. Bu kəndlər 2020-ci il oktyabrın son günlərində azad edilib. Kəndlərə baxırsan, bir salamat ev, həyət, hətta toyuq hini belə tapa biləcəyinə ümid edirsən, amma ümidlərin puç olur və tapa bilmirsən.
Soltanlı kəndi Cəbrayılın ikinci ən böyük kəndidir. Şose yolu bu kəndi iki hissəyə bölür. Minlərlə evin dağılan divarları, yoxa çıxan damları (bəlkə də sökülüb İran kəndlərinə satılan) nə zamansa burada qaynar yaşayış və həyatın olduğunu göstərən yeganə mənzərədir. Bu dağıdılan kəndlərin viran qoyulmasını acı təəsssüratla arxada buraxıb irəli getdikcə insana elə gəlir ki, bu ərazilərin azad edilməsi tək səni deyil, kəndlərin ruhunu da sevindirir. Cəbrayılın kəndlərini keçib Zəngilan istiqamətində irəlilədikcə Vaqif Bayatlı Odərin rayonun işğaldan azad edilməsindən sonra bəndənizə verdiyi müsahibədə “Cəbrayıla sürünə-sürünə gedəcəyəm” fikri bizi heç tərk etmədi...
Zabil Müqabiloğlunu gözləyən Zəngilandakı ağacı
Zəngilanın ərazisini girişdə bizi polis postu qarşılayır. Burada sənədlərimizi yoxladıqdan sonra günün altında xidmət göstərən polis əməkdaşları və əsgərlərlə sağollaşıb davam edirik. İlk qarşımıza çıxan Məmmədbəylıi, Babaylı və digər kəndlərdir. Bu kəndlərdən indi bizə qalan dağıdılmış divarlar, məhv edilmiş həyətlər nə zamansa burada qaynar kənd həyatının, bulaqların mövcud olduğunu, kənd uşaqlarının qoyun-quzu otarması üçün yaxınlıqlardakı dağlara apardığını göstərən işarə sayıla bilər. Və bir də torpaqdan gələn qoxu... Yovşan, müxtəlif yabanı gül və bitkilərdən gələn qoxu kənd uşaqlarına bir növ neftçilərə gələn neft iyinə bənzəyir.
Bu kəndlərin heç birində işğaldan sonra yaşayış olmayıb. Babaylı kəndində dağılmış bəzi evlərin damı keyfiyyətsiz şəkildə bağlanıb və burada mal-qara saxlanılıb. Ətrafda yaşamaq üçün normal bir ev olmadığından belə nəticəyə gəlmək olur ki, ermənilər buradan ancaq örüş kimi istifadə edib və özləri də mal-qara ilə birlikdə tövlədə yaşayıblar.
Babaylı kəndi həm də vaxtsız vəfat edən həmkarımız Zabil Müqabiloğlunun doğulduğu kənddir. Zabilin doğulduğu ev kəndin ən hündür hissəsində yerləşir. Qəribədir, kənd evlərinin həyətində olan ağaclar baxımsızlıqdan və susuzluqdan qurusa da, Zabilgilin həyətində olan ağac müqavimət göstərir, sanki Zabilin ruhundan qida alaraq qurumur, evi küləkdən, yağış və qardan mühafizə edir.
Ağıllı kənd və alternativ enerji
Bir qədər irəlidə Zəngilanın Üçüncü Ağalı kəndi yerləşir. Burada ilk dəfə olaraq işğaldan azad olunan rayonlarımızda “ağıllı kənd” layihəsi reallaşdırılacaq. Müşahidələr də göstərir ki, bu kənddə əksər evlər dağıdılsa da, ermənilər burada yaşayıb və təsərrüfat işləri ilə məşğul olublar. İndi Azərbaycan dövləti bu kənddə “ağıllı kənd” layihəsini tətbiq etməklə modern bir qəsəbə salmağı planlaşdırır. Qəsəbənin enerji tələbatı bütövlükdə alternativ enerji mənbəyi ilə təmin ediləcək. Artıq Ağalı kəndində işlər başlanılıb.
Bu kəndlərin qarşısında isə Alıbəyli, Xumarlı, Sarıl və digər kəndlər yerləşir. Üz-üzə duran kəndləri Bazar çayı ayırır. Alıbəylidəki qədim türbə zədələnsə də, buraların türk torpağı olduğunun nişanəsidir və hər tərəfdən görünür.
Zəngilan rayonuna doğru irəliləyərək məşhur Cahangirbəyli kəndinin yanından keçirik. Burada da sağ-salamat evlərdən, bir zamanlar kənardan görünən hündür çinar ağaclarından, meyvə bağlarından və böyük üzüm sahələrinin yerində heç nə qalmayıb. Cahangirbəylinin üst hissəsində yerləşən Tatar kəndi ümumiyyətlə görünmür, qurumuş və saralmış kol-koslar dağıdılan kəndi buradan keçənlərə göstərməmək üçün gizlədir.
İşğaldan əvvəl Zəngilanda tikilən hündürmərtəbəli otel də Cahangirbəyli ilə rayonun arasında yerləşir. Bir zamanlar rayonun ən müasir tikilisi, bir neçə mərtəbəli oteli işğaldan sonra dağıdılıb, yalnız quru iki mərtəbəsi qalıb. Otelin yerləşdiyi ərazini keçdikdən sonra Cahangirbəyli körpüsünə çatırsan. Körpüdən sol tərəfə Mincivan qəsəbəsinə, sağ tərəfə isə Zəngilan şəhərinə yol var. Körpünü burulduqdan sonra şəhərə doğru yön alırıq. İşğaldan əvvəl bu yolun sağ və solunda hündür ağaclar tunel görüntüsü yaradırdı, rayon mərkəzinə buradan keçib gedərkən buludları görmək mümkün olmurdu. Belə gözəl və təbii aura altında şəhərə daxil olurdun. İndi bu ağaclardan əlamət yoxdur. Düşmən bu təbiət gözəlliydən divan tutaraq onu qəddarcasına məhv edib.
Zəngilan şəhəri isə xarabazarlığı xatırladır. Bir zamanlar yaşıllığın əhatəsində olan bura yer üzündən silinib. Zəngilan məscidi dağıdılıb, rayon mərkəzindəki bir neçə mərtəbəli binalardan ancaq quru daşlar qalıb. İşğalçı burada yalnız azərbaycanlıların mülklərini deyil, həm də təbiətini məhv edib. Şəhərdəki məscidi dağıdaraq, onun içində donuz saxlayan ermənilər təkcə azərbaycanlılara deyil, bütövlükdə müsəlman aləmini aşağılayıb. Məscidin yaxınlığındakı şəhərin ən gözəl məhəllələrindən olan geniş küçənin sağ və solunda yerləşən inzibati binalar və həyət evlərinin yerində daşları qalıb. Bu evlərin qapı və pəncələri sökülərək aparılıb. Bir zamanlar Zəngəzur dəhlizi adlandırdığımız kalidorun əsas girişi olan bu kiçik şəhərin təbiətini, gözlliyini, evləri, ağacları məhv edən ermənilər onun ruhunu sarsıda bilməyib.
Zəngəzur dəhlizi-172 kilometr
Söz Zəngəzur dəhlizindən düşmüşkən, Zəngilan bu mənada strateji əhəmiyyətə malik coğrafi məkanda yerləşir. SSRİ zamanı Bakı-Noraşin (Şərur) və Zəngəzur qatarları məhz buradan keçib. Hətta Qafan dəmir yolları belə Zəngilan dəmir yollarının nəzdində olub.
Zəngilan quru yoll baxımından da Naxçıvanı Bakıya birləşdirən dəhlizin üzərində yerləşir. Zəngilandan Ermənistanın Mehri rayonuna 68, Naxçıvana isə 172 kilometrdir. Başqa sözlə, Zəngilan rayonu Ermənistanın həm Mehri, həm də Qafan rayonu ilə sərhəddə yerləşir.
Qubadlıda erməni vəhşiliyi, qanunsuz məskunlaşma siyasəti-Qarlı dağlar
Qubadlı rayon ərazisinə isə Həkəri çayının əks istiqamətində hərəkət etməklə daxil olduq. Qubadlıda qarşılaşdığımız ilk məntəqə Zilanlı kəndi oldu. İşğaldan azad olunan digər rayon və kəndlərimiz kimi Zilanlı da erməni vəhşiliyinə şahidlik edib. Zilanlı kəndində olan evlərdə dağıdılıb, infrastruktur məhv edilib. Bununla belə Həkərinin əks istiqamətində hərəkət etdikcə düşmən burada qanunsuz məskunlaşma siyasəti apardığının izlərinə rast gəlmək olur. Suriya və digər yerlərdən gətirilən erməniləri məhz burada məskunklaşdırmağa çalışıb. Bu xüsusilə, Zilanlıdan çıxıb Mahruzlu kəndini keçdikdən sonra özünü göstərməyə başlayır. Həkəri çayının sol sahilində, Laçına gedən yolun altında yerləşən Xanlıq kəndində ermənilər maksimum yerləşmə siyasəti həyata keçirib.
Təbiətin bu dilbər güşəsində azərbaycanlıların evlərini məhv edən yağı düşmən erməniləri burada məskunlaşdırmaq üçün çayın sahilində yüzlərlə ev tikib. Ermənilər Qubadlının həm gözəl təbiəti, həm çoxsaylı bulaq və çayları, həm də Ermənistanın Qafan və Gorus rayonları ilə sərhəd olduğundan işğaldan sonra burada Azərbaycanın tarixi-mədəni abidlərini məhv edərək məskunlaşma üçün uyğun ərazi kimi qiymətləndirib. Xanlıq kəndindən qərbə doğru baxdıqda Qubadlını Qafan və Gorusla ayıran 120 kilometrlik başı qarlı dağlar görmək olur. İndi bu dağlarda Azərbaycan əsgəri xidmət göstərir. Zilanlı, Mahruzlu, Xanlıq kəndləri 2020-ci ilin oktyabrının son günləri düşməndən təmizlənib. Düşmən burada son ana qədər dirnəşis göstərib. Lakin Azərbaycan ordusunun qətiyyəti və iradəsi sayəsində qərbə doğru sıxışdırılıb. Xanlıq kəndindən Qubadlı rayon mərkəzinə gedən yolda, Həkəri çayı üzərində olan körpü də məhz bizim ordumuz tərəfindən vurulub. Bu körpünü keçdikdən sonra düz yol Qubadlı rayon mərkəzinə, azca irəli gedib sağa burulmaqla məşhur Qaçaq Nəbinin Mollu kəndinə çatmaq olar. Körpünü vurmaqda məqsəd həm bura ermənilərin yeni qüvvə və texnika cəlb etməsinin qarşısını almaq, həm də ərazidə olan düşmən texnikasıın Qafan və Gorus istiqamətinə dartaraq xilas etmək istəyinin qarşısını almaq olub. Elə buna görə də, indi Xanlıq kəndindən Laçının Güləbird kəndi istiqamətində olan yolda vurulub qalan düşmən texnikalarına rast gəlmək mümkündür. İndi bu ərazilərdə Azərbaycan ordusu və Dövlət Sərhəd Xidmətinin əsgərləri vətənin keşiyini çəkirlər.