“Azərbaycan dövləti müstəqillik illərindən bu günədək bütün şəhid və qazi ailələrinə həmişə diqqət və qayğı göstərib. Bu diqqət və qayğı həm birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi zamanı da yetirilib”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, hərbçilərin sosial statusunun dəstəklənməsi dövlətin önəmli vəzifələrindəndir: “Şəhid ailələrinin mənzillərlə təmin edilməsi, qazilərin mənzil və maşınlarla təmin edilməsi həmişə prioritet sahələrdən və vəzifələrdən biri hesab olunub. Azərbaycanda hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Prezidentin tapşırığına uyğun olaraq banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsi təmin edilmişdi. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəlikləri tamamilə silinmişdi. Bununla yanaşı, ötən dövr ərzində bir çox şəhid və qazi ailəsi mənzillərlə təmin edilib”.
Naqif Həmzəyev bildirib ki, Yaşat Fondunun yaradılması ölkəmizdə şəhid ailələrinə, qazilərə diqqət və qayğının bariz nümunəsidir: “Dövlətin birbaşa dəstəyi ilə qazilərin bir çoxu müalicəsini davam etdirilməsi üçün Türkiyəyə göndərilir. Bir sözlə, Azərbaycan dövləti bütün şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayır. Qazi və şəhid ailələrinə qayğı sistemli xarakter daşıyır. Hesab edirəm ki, bu, gələcəkdə də davam etdiriləcək. Çünki bizim əldə etdiyimiz zəfərdə şəhidlərimizin və qazilərimizin rolu əvəzsizdir. Nə qədər ki, Azərbaycan dövləti var, həmişə şəhid və qazilərimizə borclu olacağıq və həmişə onları ehtiramla yad edəcəyik”.