4 Aprel 2022 15:14
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün haqqında əfsanələr danışılan, “Murov qartalı” adı ilə tanınan şəhid polkovnik-leytenant Rauf Orucovun anım günüdür. Aprel döyüşlərində adını tarixə yazdıran qəhrəmanın şəhadətindən 6 il ötür.

Teleqraf.com xəbər verir ki, Raquf Orucov 1972-ci il 12 iyulda Ağdamın Cinli kəndində anadan olub.

1990-cı ildə sovet qoşunlarında xidmət etsə də, Birinci Qarabağ müharibəsində hərbi hissəni tərk edir, doğma kəndinə gələrək Milli qəhrəman Allahverdi Bağırovun dəstəsinə qoşulur. Xocalıda Fərrux dağı və Aranzəmi kəndinin müdafiəsi zamanı yaralanır. Həmin günlərdə dayısı ermənilərin Ağdama hücumu zamanı şəhid olur.

Hərb yolu

1993-cü il 12 iyunda Ağdamın Cinli kəndi işğal olunan zaman isə 20 yaşlı Raqufun anası Raya xanım ermənilər tərəfindən qətlə yetirilir. Elə bu hadisədən sonra Raquf hərbçi olmağı qərara alır. Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə daxil olur. Təyinatını ön cəbhəyə, Murovdağa alır. Kəşfiyyat bölüyünün komandiri təyin edilir.

Erməni komandirinin oğlunu girov götürür

1995-ci ildə Murovdağda ermənilər 7 Azərbaycan əsgərini girov götürür. Onların təcili erməni əsriləri ilə dəyişdirilməsi qərarı alınır. Raqufun komandanlığı altında 6 nəfərlik heyət Kəlbəcərə gedir.

Raquf əsgərləri ilə birgə 10 gün ermənilərin nəzarətindəki ərazilərdə qalır. Girov götürdüyü 3 ermənidən biri alay komandirinin oğlu olur. Bu əməliyyat sayəsində əsirlikdə olan 7 əsgərimiz geri qaytarılır.

“Murov qartalı” adını qazanır

2 il sonra təkbaşına Kəlbəcərə yollanır. Kəşfiyyat zamanı anasının işğal altındakı məzarını da ziyarət edir. Anasının dəfn olunduğu yerə xüsusi işarələr qoyur.

Kəlbəcərdə erməni hərbi hissəsinə daxil olur. Erməni əsgərlərinin səhər düzülüşünü, hərbi hissənin korpuslarını videolentə çəkərək sağ-salamat geri qayıdır. Bu videoları Prezident Heydər Əliyev də izləyir və onu “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edir. Elə bundan sonra hamı onu “Murov qartalı” adlandırmağa başlayır.

“Sonuncu bayram”

Yaşasaydı bu gün 50 yaşını qeyd edəcəkdi.

Raquf Orucov Sevinc Orucova ilə ailə qurmuşdu. Aqşin və Nihad adlı övladları var. Sonuncu dəfə 2016-cı ilin Novruz bayramında ailəsi ilə vaxt keçirir və bir daha geri qayıtmır... 44 yaşlı “Murov qartalı” 2016-cı il aprel döyüşlərində şəhid olur. Şəhadətindən sonra “İgidliyə görə” medalı ilə təltif edilir.

Raqufsuz 6-cı il

Həyat yoldaşı Sevinc Orucova artıq 6 ildir ki, 4 aprel gününün onlar üçün qara hərflərlə tarixə yazıldığını deyir. Qəhramanın həyat yoldaşı illər ötməsinə baxmayaraq həqiqəti qəbul etmədiyini deyir: “Bu gün ən çətin gündür. Bəlkə bundan sonra da həyatımızın ən çətin günü olaraq qalacaq. Bu 6 il onsuz keçmədi. Sadəcə, gözümüzü yumub açırıq ki, ömrü başa vuraq. Çətindir. Amma təskinliyimiz oldu ki, vətən müharibəsində döyüş yoldaşları, əsgərləri onun qisasını aldılar.

Ağdam, Şuşa azad olundu və biz o torpaqlara gedə bildik. O torpaqdan onun məzarına səpə bildik. Onun ruhunu şad etməyi bacardıq. Yeganə təskinliyimiz budur. Amma ailəmiz üçün 4 aprel tarixi həmişə ən faciəli gün olaraq qalacaq”.

Şəhid xanımın fikrincə, Aprel döyüşləri Vətən müharibəsindəki zəfərin əlifbasını yazıb: “Bu, ən yaxın tarixdir. Övladlarımız, böyüyən gəncliyimiz bu tarixi unutmamalıdır. Məhz onların sayəsində Azərbaycan xalqı məğlubiyyət sindromundan qurtuldu. Raqufun dəfn görüntülərini izləmək kifayət edər ki, o, xalqı necə ayağa qaldırdı. Hər bir şəhidimiz elə dəfn olundu. Sübut edildi ki, biz Qarabağdan imtina etməmişik. Ordumuz torpağımızı Aprel döyüşlərində azad etməyə başladı və bu zəfərimizin başlanğıcı oldu”.

Allah rəhmət eləsin!

Bu yazı "Qadın Konsensus Mərkəzi" İctimai Birlyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Şəhid ailələrin sosial problemlərinin həllinə dair təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb


Müəllif: Aysel Azad