“Ermənistan Azərbaycan ordusunun “Qisas” əməliyyatından sonra növbəti dəfə Qarabağın dağlıq hissəsindəki silahlı birləşmələrini çıxaracağına söz verib. Proses tezliklə tam yekunlaşmalıdır. Amma İrəvanda separatçıların “müdafiə ordusu”nun orada qalacağını, bunu Ermənistana aidiyyətinin olmadığını iddia edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İrəvan 10 noyabr bəyanatının 4-cü bəndinin Ermənistan silahlı qüvvələrinə aidiyyətinin olmadığını bildirir:
“Həmin sənədin 4-cü bəndinə əsasən, Ermənistan və separatçıların qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Bu bəyannamədə “Dağlıq Qarabağ” və “müdafiə ordusu” ifadələri yoxdur.
Ümumiyyətlə, Ermənistan Xankəndidəki separatçı rejimi hüquqi cəhətdən tanımır. Əgər Ermənistan “Dağlıq Qarabağ”ı tanımırsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, demək, hansısa “müdafiə ordusu”ndan söhbət belə gedə bilməz. 4-cü bənddə də bununla bağlı hansısa ziddiyyət yoxdur. Ermənistanın bu bənd üzərindən manipulyasiyaya əl atması və istədiyi şəkildə izah etməsi yalnız qarşıdurmanı tətikləyə bilər. Hesab edirəm ki, bu, davamlı xarakter alsa, bu pozucu oyunları ona baha başa gələcək”.
Məhəmməd Əsədullazadə hesab edir ki, qanunsuz birləşmələr Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazidə qaldıqca, Azərbaycanın antiterror əməliyyatı keçirməsi ehtimalı həmişə yüksək olacaq:
“Üstəgəl, bu qanunsuz birləşmələrin silah-sursat və ərzaqla təminatını kim təmin etməlidir? Əlbəttə Ermənistan etməlidir, bunu da Azərbaycanın Laçın dəhlizinə alternativ çəkdiyi yolla həyata keçirməlidir. Azərbaycan isə yolu buna görə çəkməyib və buna da imkan verməyəcək. Ona görə də, düşünürəm ki, ən geci bu ilin axırına kimi Qarabağdakı qanunsuz silahlı birləşmələrin fəaliyyəti və ya varlığına son qoyulacaq”.