Ermənistan Azərbaycanla sərhədlərin açılmasında maraqlıdır və Rusiyanın dəstəyi ilə bu prosesi başa çatdırmağı gözləyir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“2021-ci il yanvarın 11-də Moskvada Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistan və Azərbaycan arasında kommunikasiya əlaqələrinin bərpası ilə məşğul olacaq üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması haqqında bəyanat imzaladıq. Bu layihənin ideyası ondan ibarətdir ki, iki ölkə qarşılıqlı şəkildə öz ərazilərindən keçən nəqliyyat marşrutlarından istifadə edə biləcək. Qlobal mənada bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir və deməliyəm ki, biz bunda çox maraqlıyıq və Rusiyanın dəstəyi ilə yaxın gələcəkdə bu məsələni həll edəcəyimizə ümid edirik”, - Ermənistan baş naziri bildirib.
Paşiyan əlavə edib:
“Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları üzrə üçtərəfli komissiyanın işində müsbət irəliləyiş var, amma hələ bütün məsələlər həll olunmayıb. Hüquqi məna kəsb edən məsələləri həll etmək lazımdır, o da bundan ibarətdir ki, bu yollar hansı hüquqi tənzimləmə əsasında fəaliyyət göstərəcək. Mövqe bəllidir: açılan yollar keçdiyi ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir. Ümid edirik ki, bu prinsip əsasında layihəni həyata keçirə biləcəyik".
Paşinyan qeyd edib ki, bu yollar Ermənistan ərazisindən keçəcək, cənubu şimalla, qərbi şərqlə birləşdirəcək:
“Hesab edirəm ki, bu layihə təkcə Ermənistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə üçün deyil, həm də Rusiya, Uzaq Şərq ölkələri, Afrika regionu, bütövlükdə Yaxın Şərq üçün çox vacibdir".
Paşinyan çıxışında “Minsk qrupu” sayıqlamasını yenidən təkrarlayıb, onun sözlərinə görə, Ermənistan Azərbaycanla danışıqlarda, o cümlədən “ATƏT-in Minsk qrupunun həmsədri” kimi Rusiyanın dəstəyinə də ümid edir:
“Qarabağ məsələsinin həlli ilə bağlı Azərbaycanla intensiv söhbət gedir və bu kontekstdə biz Ermənistanın strateji müttəfiqi kimi Rusiyanın dəstəyinə ümid edirik. Rusiya Azərbaycan üçün də çox yaxın tərəfdaşdır və bu, məncə, yeni imkanlar açır”.