«Ericsson Consumer Lab»ın ekspertləri tərəfindən keçirilmiş bir sıra tədqiqatlar əsasında 2016-cı ilin aparıcı 10 istifadəçi tendensiyası müəyyənləşdirilib:
İnternet həyat tərzinə çevrilir
Rəyi soruşulmuş beş istifadəçidən dördü internetin həyat tərzinə böyük təsirini qeyd edib. Məsələn, istifadəçilər məhsul və ya xidmətlərin seçimi zamanı başqa istifadəçilərin fikrinə daha çox önəm verirlər. Respondentlərin 38 faizi başqa istifadəçilərin rəyini ekspertlərin fikri ilə müqayisədə daha faydalı hesab edir.
Vaxtlarının çox hissəsini video izləməklə keçirən insanlar
Son 4 ildə «YouTube» videohostinqinə yüklənilən videonun həcmi 10 dəfə (30-dan 300 saatadək) artıb. Həmçinin «YouTube» servisində video izləyən insanların sayı çoxalıb. Hər beşinci istifadəçi gündə «YouTube»da 3 saatdan çox vaxt keçirir. Müasir yeniyetmələr üçün axınlı videonu izləmək adi həyatın bir hissəsidir: onların 46 faizi gündəlik sözügedən xidmətə ən azı 1 saat vaxt sərf edirlər.
Süni intellekt ekranları əvəzləyəcək
İndi hər ikinci smartfon istifadəçisi belə hesab edir ki, 5 il sonra süni intellekt sistemləri smartfonları əvəz edəcək. Belə ki, istifadəçilərin 44 faizi təhsildə süni intellektin tətbiqini müsbət hal kimi dəyərləndirir. Respondentlərin 35 faizi süni intellekti yeni həmsöhbət tapmaq imkanı kimi izah edir.
Rəyi soruşulmuşların təxminən 40 faizi isə maliyyə və sağlamlıq sahəsində məsləhətlə bağlı süni intellekt sistemlərinə müraciət etməyə hazırdırlar.
Virtual dünya reallığa çevrilir.
İstifadəçilər əmindirlər ki, yaxın gələcəkdə virtual reallıq (VR) smartfonlarda aktiv istifadə olunacaq. İstifadəçilərin əksəriyyəti üçün VR-in alqı-satqıda tətbiqi böyük maraq kəsb edir.
Yüksək həssaslığa malik evlər
Rəyi soruşulmuşların 50 faizi hesab edir ki, növbəti 5 il ərzində evlər sensorlarla təchiz ediləcək. Artıq binanın inşası mərhələsində hər bir kərpic informasiyanın ötürülməsi texnologiyaları ilə təmin ediləcək ki, bu da evlərin çöldəki hava şəraitinə uyğunlaşmasına imkan verəcək.
Hər yerdə internet istəyi
Dünyada evdən işə və əksinə istiqamətdə olan yola vaxtımızın 20 faizi sərf olunur. İnsanlar yollarda keçən vaxtdan faydalı istifadə etmək istəyir. Bunun üçün istifadəçilər nəqliyyatda internetə çıxış keyfiyyətinin yüksəldilməsini vacib hesab edir.
Zənglərə deyil, çatlara üstünlük veriləcək
İnsanların əksəriyyəti zənglə deyil, mətn mesajları vasitəsilə ünsiyyət saxlamağa üstünlük verir. Bu səbəbdən insanlar fövqəladə hallarda xilasetmə xidmətinə zəng vurmayaraq sosial şəbəkələrə post yazmağa üstünlük verir.
İnsan bədəninə inteqrasiya olunan sensorlar
Növbəti nəsil monitorinq texnologiyalarını insan bədəni daxilində istifadə etmək mümkün olacaq.
Haker hücumları
Smartfon istifadəçilərinin əksəriyyəti əmindir ki, haker hücumları və virusa yoluxmanın qarşısını almaq heç vaxt mümkün olmayacaq. Ancaq haker hücumlarının müsbət tərəfi də var. Belə ki, şirkətin qarşısını aldığı haker hücumu haqda xəbər istifadəçilərdə ona qarşı etibarı yüksəldir.
İnternet istifadəçiləri jurnalist rolunda
Fikir, müşahidə və ideyalarını mübadilə edən, həmçinin sosial şəbəkələrdə postları aktiv şərh edən smartfon istifadəçiləri özlərini jurnalist kimi aparırlar. Respondentlər hesab edirlər ki, onlar bu yolla cəmiyyət həyatına ciddi təsir edə bilərlər.