26 Aprel 2017 18:09
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya kimi despotik rejimin əlində nüvə silahı var. Vəziyyət bundan ibarətdir. Başqa heç nə baş vermir.

Teleqraf.com xəbər verir ki, bunu siyasi analitik Elçin Şıxlı Koreya yarımadasında müşahidə edilən gərginliyi şərh edərkən deyib.

Elçin Şıxlının sözlərinə görə, Pxenyandan gələn xəbərlərə, rus jurnalistlərinin hazırladıqları reportajlara baxanda normal adamın tükləri biz-biz durur:

“O mənada ki, Şimali Koreyada insanlar çox ağır şərtlər altında yaşayır. Şimali Koreya liderinin hərəkət və addımlarına baxanda belə təəssürat yaranır ki, bu adam normal deyil. Yəni sabit düşüncə ilə ölkəni idarə edən siyasətçiyə oxşamır. Üstəlik belə birinin əlində nüvə silahı var. Əsas problem budur. Dünya da bundan ehtiyat edir. Nəzərə almaq lazımdır ki, nüvə silahına malik olan ölkələr sabitdir. Bəllidir ki, nüvə silahından heç kəs istifadə etməyəcək. Amma Şimali Koreya liderinin nüvə silahından istifadə edib-etməyəcəyi məsələsində əminlik yoxdur. Əgər əminlik olsaydı, bəlkə də durum bu həddə gəlib çıxmazdı”.

E.Şıxlı bildirib ki, Koreya yarımadasında nüvə müharibəsi baş verəcəyinə inanmır: “Çünki bunun üçün gərək dəli olasan. ABŞ-ın ora hərbi gəmilər toplaması bir növ hədə-qorxu gəlməkdir. Düşünmürəm ki, nüvə müharibəsi baş versin. Əgər belə bir şey olsaydı, ABŞ prosesə yaxın durmazdı. Çünki bu həm də özünü məhv etmək deməkdir. Sadəcə Pxenyana hədə-qorxu gəlirlər ki, sakit otur, ölkə daxilində nə edirsən et, amma ətrafdakılara zor nümayişi etdirmə. Əgər nüvə müharibəsi baş versə, hesab edin ki, biz yoxuq. ABŞ 1945-ci ildə nüvə silahı tətbiq edib. Ancaq həmin dövrdə nüvə silahı ancaq Amerikada olub. İndi nüvə silahı yalnız ABŞ-da olsaydı, bəlkə də bu silahın işlədilməsi ehtimalı yüksək olardı. Ancaq indi Rusiyada, Fransada, Pakistanda, Hindistanda, İngiltərədə və digər ölkələrdə bu silah var. İndi nüvə silahı daha çox dövlətlərin bir-birini cilovlaması, siyasi konyunktura baxımından istifadə edilir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər