Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov deyib.
O qeyd edib ki, partiya rəhbərliyində təmsil olunan bir qrup şəxs toplaşaraq 1 mayı qeyd edəcək:
“Tədbirimizi Səbail rayonu ərazisində - dəniz kənarında keçirməyi planlaşdırırıq. 10-15 nəfər bir araya gəlib bayram edəcəyik. Digər sol partiyaların belə bir tədbir keçirib-keçirmədiyini bilmirik”.
Musa Tükənov qeyd edib ki, onlar 1 Mayı geniş şəkildə qeyd edə bilmirlər:
“Əvvəla, bunun üçün bir qədər maliyyə lazımdır. İkincisi, yüz adamın belə tədbir təşkil etməsi üçün müvafiq icra orqanından öncədən razılıq almalısan. Biz bilmirik ki, belə bir icazə verərlər, ya yox. Bu səbəbdən də ancaq partiyanın rəhbərliyində təmsil olunan şəxslər, büro üzvləri bir araya gələcək”.
Müsahibimiz qeyd edib ki, 1 May günü Rusiyada qeyd edilib, bu məqsədlə parad keçirilib:
“Türkiyədə isə fəhlə hərəkatı çox güclüdür. Türkiyədə 1 May hər il qeyd edilir. Hesab edirəm ki, bu tarix Azərbaycanda da qeyd edilməlidir. Əgər kommunistlər parlamentdə çoxluqda olarsa, bu bayramın qeyd edilməsini təklif edərlər. İstənilən ölkəni zəhmətkeşlər saxlayır. Odur ki, zəhmətkeşlərin bayramına münasibət pis olmamalıdır. Burada söhbət onun-bunun hesabına deyil, öz zəhməti bahasına dolanan insanlardan və onların bayramından gedir”.
Musa Tükənov 1 May bayramını ləğv etdiyi üçün AXC hakimiyyətini tənqid edib:
“AXC hakimiyyətə gələndən sonra bu bayramı ləğv etdi. Təsəvvür edin ki, onlar hətta 9 May gününü də təqvimdən çıxarmışdı. Sonra Heydər Əliyev 9 May Qələbə gününü təqvimə saldı. Onlar anlamırdı ki, bunlar hansı tarixdir. Bu biabırçılıq idi. Başa düşmürdülər ki, vaxtilə Azadlıq meydanına toplaşanlar elə zəhmətkeşlər, fəhlələr idi”.
Cavad