10 May 2017 18:26
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Üləmalər Şurasının rəisi Tahir Mahmud Əşrəfi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmmədhüseyn Baqirinin Pakistanı təhdid edən son bəyanatına sərt reaksiya verib.

Teleqraf.com-un xarici mediaya istinadla xəbərinə görə, o, bununla bağlı jurnalistlərə açıqlamasında bildirib ki, İran hökuməti ağlını başına yığmalı, Pakistanı Suriya və İraqla səhv salmamalıdır:

“Biz İranın Pakistanı və Səudiyyə Ərəbistanını təhdid etməsini kəskin pisləyir, bildiririk ki, islam dünyası İranın bu ölkələrə əl uzatmasına, onların təhlükəsizliyinə xələl gətirməsinə imkan verməyəcək. Pakistan milləti öz ölkəsinin sərhədlərini və müqəddəs Səudiyyə Ərəbistanı ərazilərini qorumağı bacarır.

Pakistan həmişə səbir və dözümlə bölgədə sülhün bərqərar olunmasına çalışıb. Lakin bəzi İran rəsmilərinin Pakistana qarşı bəyanatlar səsləndirməsi qəbuledilməzdir və bu kimi bəyanatlar qarşısında susmaq mümkün deyil. Yaxşısı budur ki, İran Pakistanı və Səudiyyə krallığını təhdid etmək əvəzinə digər ölkələrin daxili işlərinə müdaxiləsindən əl çəksin. Təəssüflər olsun ki, İran və onun rəhbərləri Orta Şərqdə baş verən olaylardan ibrət dərsi almırlar. Bu isə narahatlığa səbəb olur”.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin baş qərargah komandanı Məhəmmədhüseyn Baqiri mayın 8-də jurnalistlərə açıqlamasında Pakistan və Səudiyyə Ərəbistanına qarşı sərt bəyanatlar səsləndirib. Baqirinin açıqlaması İranın Pakistan sərhədinə yaxın Mircavə məntəqəsində 10 İran sərhədçisinin naməlum silahlı şəxslərin qəfil hücumu zamanı öldürülməsindən iki həftə sonraya təsadüf edib.

Baqiri deyib ki, iki qonşu ölkənin sərhədindəki durum İran üçün dözülməzdir və Pakistan rəsmiləri öz sərhədlərinə nəzarəti gücləndirməli, İran sərhədçilərini öldürən və bu ölkənin ərazisinə qaçan “terrorçu”ları tutub İrana təhvil verməlidir: “Əks təqdirdə, biz Amerika tərəfindən təsdiq edilən və Səudiyyə Ərəbistanından məvacib alan bu muzdlu terrorçuları istənilən yerdə və ya istənilən ərazilərdə təqib edəcək, onlara kəskin və öldürücü zərbələr endirəcəyik”.

Samir


Müəllif:

Oxşar xəbərlər