12 May 2017 18:09
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Teleqraf.com onunla müsahibəni təqdim edir.

- Ayaz müəllim, bu gün sizin ad gününüzdür. Bu əlamətdar günü necə qeyd edirsiniz?

- Doğum günümü həmişəki kimi, evdə, ailəmlə birlikdə qeyd edirəm. Heç bir xüsusi tədbir yoxdur. Ailəmlə birlikdə süfrə başında qeyd edəcəyik.

- Bu gün sizi kimlər təbrik edib və kimlərdən təbrik gözləyirsiniz?

- Mən deyə bilmərəm ki, kimlərdən təbrik gözləyirəm. Təbrik elə təbrikdir də. Əgər məsləhətdirsə, kimisə təbrik edirsən, yox, istəmirsənsə, təbrik də etmirsən. Bu mənim istəyimdən asılı deyil.

Ancaq sizə deyim ki, bu gün mənə çoxlu zənglər gəlib. Sadə insanlar da zənglər edib. Tanımadığım insanlardan da təbrik almışam. Eləcə də tanışlarım, dostlarım, keçmişdə mənimlə işləyən işçilərdən təbriklər almışam. Beləcə ad günümüzü qeyd edirik.

- Sizi ilk təbrik edən kim olub?

- Yadımda deyil. Ancaq zənglər çox olur.

- Siz uzun illər Moskvada yaşamışınız və təbii ki, orada da doğum gününüzü qeyd etmisiz. Moskvada doğum gününü qeyd etməklə Bakıda qeyd etməyin fərqi varmı?

- Fikrimcə, xüsusi fərq yoxdur. Moskvada da ad günümü ailəmlə birlikdə qeyd edirdim, Bakıda da eyni tərkibdə qeyd edirəm.

- Sizin doğum gününüz həm də Azərbaycanla Ermənistan arasında 1994-cü ilin 12 mayında Bişkekdə imzalanan atəşkəs gününə təsadüf edir. Bu gün həm də atəşkəsin imzalanması günüdür. Sizcə, atəşkəsin imzalanması Azərbaycan nə verdi?

- Atəşkəs 1994-cü ildən imzalanıb. Hesab edirəm ki, atəşkəsin Azərbaycana böyük xeyri olub. Müharibə davam etsəydi, biz bilmirik ki, hansı nəticələri olacaqdı. Ona görə də, atəşkəsin əldə edilməsi, ola bilsin ki, bizim tərəfimizdən bəyənilmirdi. Ancaq atəşkəsdən sonra biz iqtisadi məsələlərlə ciddi məşğul olduq. Heydər Əliyevin şəxsən özü neft strategiyasını apardı, müqavilələr imzalandı və uzun illər boyu Azərbaycan stabillik içində yaşadı, böyük uğurlar əldə etdi. Bunu qeyd etməmək olmaz. Əlbəttə, bundan sonra necə olacaq, atəşkəs nə qədər davam edəcək, konkret bir söz deyə bilmərəm. Bilirsinizmi, zaman siyasi nöqteyi-nəzərdən fərqli olur. Xeyirli də, ziyanlı da ola bilər. Qarabağ münaqişəsi ilə beynəlxalq aləmdə böyük dövlətlər məşğul olur. Xüsusilə, mən Rusiya və Amerikanın adını çəkə bilərəm. Çünki hər iki dövlətin Cənubi Qafqazda, eləcə də Qarabağda maraqları var. Bu istiqamətdə demək olar ki, ölkə prezidenti İlham Əliyev səmərəli və ciddi işlər həyata keçirir, həm Rusiya, həm Amerika, həm də Avropa ilə incə və sistemli siyasət qurur. Əlbəttə, bizi sevməyən qüvvələr də var və onların səsi o qədər də əhəmiyyətli deyil. Prezident İlham Əliyevin apardığı siyasət bəyənilir və başqa siyasət də ola bilməz. Kimsə deyir ki, biz silahımızı götürüb Qarabağ məsələsini bu şəkildə həll etməliyik. Başqa biri bu prosesi fərqli qiymətləndirir. Mən deyərdim ki, Azərbaycanın ixtiyarı var ki, bu məsələni ölüm-dirim məsələsini çevirib Qarabağı əldə etsin. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və kimsə də bir söz deyə bilməz. Biz heç kimin torpağını işğal etməmişik, göz dikməmişik. Bizə kimsə nəsə deyə bilməz. Hüququmuz var ki, bu problemi istədiyimiz formada həll edək. Amma baxır, sən hansı yolu seçirsən. Kimsə öz işini görəcək, iqtisadiyyatını irəli aparacaq, kimsə regional layihələrdən kənarda qalacaq, beynəlxalq arenada təcrid durumuna düşəcək. Yəqin məni başa düşürsünüz. Yəni məsələyə çox ciddi yanaşmaq lazımdı. Bu ciddiliyi də ölkə prezidenti öz fəaliyyətində ortaya qoyur.

- Sizin ölkə rəhbəri olduğunuz zaman atəşkəs müqaviləsi imzalamaq mümkün deyildimi və buna cəhd göstərmişdinizmi?

- O zaman böyük fərqlər var idi. 1994-cü ildə Azərbaycan artıq müstəqil dövlət idi. Mən işlədiyim dövr isə SSRİ-nin zamanına təsadüf edirdi. Odur ki, fərqlər var idi.

- SSRİ-nin başqa ad altında yenidən bərpa olmaq ehtimallarını nə dərəcədə real hesab edirsiniz?

- Qismən olsa da, mümkündür. Və mümkünlüyü də göz qabağındadır. Avrasiya Birliyi təşkil edilib və fəaliyyətdədir. Bu bir növ MDB-dən qabağa gedən qurumdur. Və orada əsasən iqtisadi məsələlər öndədir. Siyasətdə isə danışırlar, qərar qəbul etmək olar. Ancaq SSRİ-nin köhnə formatda, ideoloji cəhətdən bərpası mümkün olan məsələ deyil.

CAVAD


Müəllif:

Oxşar xəbərlər