16 May 2017 09:30
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə gərgin geosiyasi proseslərin cərəyan etdiyi bir məqamda Türkiyə Prezidenti Ərdoğan dünya gücləri ilə müzakirələr aparır, görüşlər keçirir. Ərdoğan ayın əvvəllərində Soçidə Rusiya Prezidenti Putinlə müzakirələr aparıb. Bu gün böyük nümayəndə heyəti ilə Çində danışıqlar apardıqdan sonra isə Ərdoğanın Vaşinqtona yola düşüb.

Onun Prezident Trampla gərgin müzakirələrə qatılacağı deyilir.

Teleqraf.com Türkiyə rəhbərliyinin dünyanın əsas güc mərkəzləri ilə apardığı danışıqlar mövzusunda sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə müsahibəni təqdim edir.

- Prezident Ərdoğanın Çinə səfəri başa çatdı. Sizcə, bu səfər Avropa və ABŞ-la gərgin münasibətlərdə olan Türkiyəyə hansı dividentlər gətirə bilər?

- Bu səfəri yüksək qiymətləndirirəm. Səfərdə məqsəd İpək Yolu ilə bağlı zirvə görüşündə iştirak etmək idi. Ərdoğan qeyd etdi ki, bu layihənin kilid ismi Türkiyədir. Məncə, Azərbaycan da kilid isimlərdən biridir. Üstəlik bu ideyanın müəllifi Bakı və Ankaradır. Bu ideya hələ Heydər Əliyevin dövründə qaldırılıb, Ankara ilə müzakirə edilib və aktuallaşdırılıb. İndi yaxşı haldır ki, layihənin texniki əsaslandırılması və iqtisadi baxımdan rentabelli olması ortaya qoyulub. Həmçinin İpək Yolunun həm şosse, həm də dəmiryolu xəttinin işə düşməsi Avropa və Asiyanın birləşdirilməsində önəmli rol oynayacaq. Nəticə etibarilə bir çox ölkələr bu layihəni alqışlayır, amma onun işə salınmasının maliyyə qaynaqlarının tapılmasında Bakı mühüm rol oynadı. Azərbaycan bu layihənin Gürcüstandan keçən hissəsini malayyələşdirdi, Türkiyənin özünə də faizsiz kredit verdi. Layihəyə bir sıra dünya maliyyə qurumlarının maraq göstərməsində Bakının təşviqedici fəaliyyətinin rolu oldu. Son nəticədə maliyyə qaynaqlarının tapılmasından sonra işin icrasına start verildi. Qeyd edim ki, indi layihənin icrasının çətin hissəsi əsasən Türkmənistan ərazisindədir. Çünki burada səhralıq var. Digər tərəfdən, Türkiyə və Gürcüstanı birləşdirən tunel yol da çətin iş hesab olunur. Orada tunelin qazılması başa çatdırılıb, ancaq hələlik dəmiryolu xətti çəkilməyib. Yaxın 2-3 ayda bu yol hazır olmalıdır. Beləcə Pekindən çıxacaq qatar 15 gün ərzində Londonda ola biləcək. Nəzərə alın ki, Türkiyədə, boğazlarda tikilən yeraltı dəmiryol xətti də Asiya və Avropanın dəniz yolu ilə birləşdirilməsində böyük rol oynayır. Əvvəl Pekindən Londona gedən qatar oraya 1 aya çatırdı. Beləcə vaxt müddəti iki dəfə azaldılır. Üstəlik dəmiryol xətti ilə yük daşımaları zamanı məsrəflər azalır. Bir sözlə, yükdaşımaları daha ucuz olacaq və daha qısa müddətdə həyata keçiriləcək.

- Prezident Ərdoğan Çinə Rusiya səfərindən sonra gedir. Bunun regional və geosiyasi baxımdan hansı mənaları var?

- Fikrimcə, bu səfərlərdə təsadüfi məsələlər yoxdur. Hazırda Türkiyənin olduğu bölgədə, həm də dünyada mürəkkəb geosiyasi proseslər gedir. Bu proseslərdə önəmli rolu Amerika və Rusiya oynayır. Rusiya ilə Türkiyə münasibətləri gərgin mənzərədə cərəyan edir. Rusiya sözdə Ankara ilə münasibətlərdə vəziyyətin əvvəlki dövrə qayıtdığını iddia etsə də, reallıqda belə deyil. Çünki Türkiyədən Rusiyaya göndərilən bir sıra mallara tətbiq edilən embarqo davam edir. Prezident Putin bəyan edir ki, Türkiyə ilə əvvəlki dövrdə mövcud olan əlaqələrə çatılıb, xarici ticarət dövriyyəsini 100 milyarda çatdıracağıq və s. Bu tərəfdən də Rusiya Kənd Təsərrüfatı Nazirliyi elan edir ki, Türkiyədən gələn bəzi məhsulları sanitariya baxışından keçirmədən ölkəyə buraxa bilmərik. Bu dəfə Ərdoğan-Putin görüşü Soçidə oldu. Ondan əvvəl isə iki lider Moskvada bir araya gəlmişdi. Moskva görüşündə çarter reysləri ilə turist daşımalarına icazə verilməsinə dair bigə saziş imzalandı. Lakin sonradan çarter reyslərinə Rusiya Aviasiya Təşkilatı qadağa qoydu. Elan olundu ki, yalnız Rusiya Hava Yollarının sərəncamında olan təyyarələrlə Türkiyəyə turist daşınmasını həyata keçirilə bilər. Bu da Türkiyəyə turist daşımalarını azaldır. Soçidə bu məsələdən danışıldığını bilirəm, amma hansı nəticələrin əldə edildiyindən xəbərim yoxdur. Hesab edirəm ki, Rusiya- Türkiyə münasibətlərində ciddi irəliləyişlər əldə edilməyib.

Xüsusilə, Azərbaycan və Türkiyə ordu hissələrinin birgə hərbi təlim keçirməsi Rusiya mediası tərəfindən mənfi tonda şərh edilir, guya bunu Rusiyanın əleyhinə çevrilən addım kimi təqdim edirlər. Halbuki öz orduları erməni ordusu ilə birləşib. Bu ordunun başına da bir erməni general qoyublar, o da az qala hər gün Azərbaycanı təhdid edir. Bir sözlə, qarışıq və dolaşıq məsələlər kifayət qədər çoxdur. Bu məsələləri həll etmək o qədər də asan deyil.

- İpək Yolu layihəsi nə dərəcədə Rusiyanın maraq daxilindədir?

- Bəli, bu layihə Rusiyanın maraqlarına ziddir. Düzdür, Rusiya vasitəsilə də yüklər daşınacaq. Ancaq Rusiya vasitəsilə əgər ağır yüklər daşınacaqsa, tez xarab olan, təcili ünvana çatdırılması tələb olunan məhsullar Çindən Avropaya məhz İpək Yolu vasitəsilə daşınacaq. Çin ümumiyyətlə, İpək Yolu layihəsinə böyük əhəmiyyət verir. Hətta Çin bu layihəni həyata keçirən dövlətlərə 78 milyard dollar məbləğində kredit ayıracaq. Bu, çox cəlbedici addımdır. Əgər Türkiyə bunu həyata keçirsə, bu bölgənin əhəmiyyətini xeyli artıracaq.

- Türkiyə dövlət başçısının ABŞ səfərindən gözləntiləriniz nədir?

- Prezident Ərdoğan Pekin zirvə toplantısından sonra Vaşinqtonda Trampla müzakirələr aparacaq. Aydındır ki, iki prezidentin görüşü ərəfəsində ABŞ-Türkiyə münasibətləri mürəkkəb və gərgin atmosferdə davam edir. Türkiyənin özündə siyasi şərhçilər, müxalifət tərəfindən bu görüşün təxirə salınması, ümumiyyətlə, Trampla görüşdən imtina edilməsinə dair çağırışlar olur. ABŞ Ərdoğanın Vaşinqton səfərindən əvvəl Suriyadakı kürd yaraqlılarına 300 milyon dollarlıq silah ayırıb. Özü də bu silah hissə-hissə Suriyada fəaliyyətdə olan YPG-yə verilir. Bu silahların içərisində ağır texnika, tank, zirehli avtomobillər, ağır silahlar da var. Bu, sözsüz ki, Türkiyə üçün təhlükəlidir. Uzun müddətdir ki, YPG deyilən və PKK ilə əlaqələri artıq sübut edilən bir quruma ABŞ-ın bu qədər silah-sursat ayırması Türkiyədə ciddi narazılıq yaradıb. Ərdoğan-Tramp görüşü zamanı bu məsələləri qaydaya salmağın mümkün olub-olmadığına dair konkret bir söz demək olmur. Üstəlik bu silahların müəyyən partiyası Suriyada YPG-yə daxil olub. Bir sözlə, danışıqlar ərəfəsində vəziyyət kifayət qədər gərgindir. Lakin razılığa gəlmək də mümkündür. Amma bunun baş verib- verməyəcəyini söyləmək çətindir. Xüsusilə qeyd edim ki, ABŞ müdafiə naziri bu günlərdə çıxış edərək bildirmişdi ki, Türkiyənin sərhədləri NATO-nun cənub sərhədidir, biz NATO-nun cənub sərhədlərinin təhlükəsizliyi üçün əlimizdən gələni edəcəyik, YPG-yə yardımlar müvəqqəti xarakter daşıyır. Yəni Rakka üzərinə hücumdan və İŞİD tam məhv edildikdən sonra kürd qurumu ilə əlaqələr tam kəsiləcək, Türkiyənin qayğılarının qarşılanması üçün hər şey ediləcək.

Amma nəzərə alın ki, prezident ayrı, müdafiə naziri isə ayrı fiqurdur. Görək prezidentlərin görüşündə hansı qərara gəlinəcək.

- Türkiyədə bəzi siyasətçilər qeyd edir ki, prezidentlərin görüşü həm də qırılma nöqtəsi ola bilər. Siz, bu iddiaları nə dərəcədə real hesab edirsiniz?

- Gəlin arzu edək ki, bu qırılma baş verməsin. Amma kifayət qədər mürəkkəb və təhlükəli şərait mövcuddur. Yuxarıda qeyd etdiyim kimi, PKK-nın bir qanadı olan YPG-yə 300 milyon dollarlıq silah-sursat göndərilməsi, bu silahların YPG tərəfindən istifadə edilməsi, ABŞ təlimatçılarının onlara təlim keçməsi ciddi hiddət yaradır. Bu, işin bir tərəfidir. İkincisi, ABŞ-ın özündə Ankara-Moskva yaxınlaşması müəyyən dairələrdə qıcıq yaradır. Mənim fikrimcə, Prezident Trampın bu məsələyə münasibətini bilmək mümkün deyil.

Amma ümumilikdə Tramp çox az çıxış edir, bəzən konseptual çıxışlar olmur. Odur ki, səfərin qırılma nöqtəsinə çatdığını da söyləmək olar. Lakin Türkiyə bu qırılmaya imkan verməməlidir. Əksinə, Türkiyə siyasətçiləri mümkün qədər NATO ölkələri ilə ölçülü-biçili davranmalı və münasibətlərin əvvəlki dövrə qayıtması üçün maksimum qüvvə sərf etməlidir. Prezident Ərdoğan səfərdən öncə Vaşinqtona Türkiyə Baş Qərargah rəisini, Milli İstihbarat Təşkilatının rəhbərini, Müdafiə nazirini və sözçüsünü göndərib. Hazırda bu heyət Amerikadadır, danışıqlar aparır və həm də prezidentin səfərini hazırlayırlar.

Üçüncüsü, hesab edirəm ki, Prezident Trampdan daha çox onun müşavirləri, məsləhətçiləri qorxuludur. Çünki Trampın komandasında quzğun və şahinlər yetərincədir. Və onlar ümumi siyasətin həyata keçirilməsinə ciddi təsir göstərə bilirlər.

CAVAD


Müəllif:

Oxşar xəbərlər