31 May 2017 18:11
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici siyasətini dövlətlərin ərazi bütövlüyünə maksimum dərəcədə hörmət etmək, eləcə də başqa dövlətlərdən öz ərazi bütövlüyü prinsipinə maksimum diqqət tələb etmək üzərində qurur.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Araz Aslanlı deyib.

Kipr Respublikasının xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağın Ermənistana aid olduğunu bildirməsinə dair açıqlamasına münasibət bildirən A.Aslanlı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün qorunmasına hörmət tələb etməsi çox normaldır: “Elə ölkələr var ki, onların ərazisində yaşayan müəyyən bir qrupun marağı, hətta milyonlarla insanın marağı Azərbaycandakı milyonların marağı ilə üst-üstə düşür. Elə yer var ki, orda soydaşlarımızın, bizə mənəvi olaraq daha yaxın insanların hüquqları pozulur, amma Azərbaycan bu ali prinsiplərə hörmət xətrinə beynəlxalq hüququn əsas prinsiplərini pozmadan mövqe nümayiş etdirməyə çalışır. Azərbaycan bunun eynisini digər dövlətlərdən gözləyir”.

Politoloq bildirib ki, Azərbaycana müxtəlif məsələlərdə ən çox dəstək verən dövlət Türkiyədir. Eyni zamanda Şimali Kipr məsələsi Türkiyə üçün çox həssas məsələdir. Ancaq Azərbaycan həmin istiqamətdə belə beynəlxalq hüququn, beynəlxalq təşkilatların mövqeyini nəzərə alaraq hərəkət edir: “Baxmayaraq ki, orda bir dövlət – Şimali Kipr Türk Respublikası qurulub. Hətta, 2004-cü ildə “Annan planı” var idi və ona türklər “hə”, yunanlar “yox” demişdilər. Bu səsvermənin nəticələrinə görə, müxtəlif dövlətlərin, eləcə də Azərbaycanın hüququ var idi ki, Şimali Kiprlə bağlı daha konkret addımlar atsınlar. Azərbaycan yenə də həssaslığını qorudu. Bu həssaslığın qarşısında yunan Kiprinin bir az diqqətli olması lazım idi”.

A.Aslanlı bunun yunan Kiprindən atılmış ilk addım olmadığını vurğulayıb: “Biz bilirik ki, bu ilk addım deyil. Bu günədək Kiprin yunan hissəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı bir neçə dəfə diqqətsizlik nümayiş etdirib. Biz buna mədəni şəkildə diqqətsizlik deyirik. Şübhəsiz ki, burda başqa məqamlar var. Məsələn, işğal altındakı ərazilərdən müəyyən nümayəndə heyətinin Kiprin yunan hissəsinə dəvət olunması, yaxud Ermənistanla əksəriyyətinin xarakteri məxfi olan hərbi əməkdaşlıq və sair. Halbuki, Ermənistan işğalçı dövlətdir və İrəvanla istənilən başqa cür münasibət, o cümlədən hərbi münasibət qəbulolunmazdır. Azərbaycan bütün bunlara baxmayaraq, öz soyuqqanlılığını qoruyur, Şimali Kiprlə bağlı daha fərqli addımlar atmır. Amma Yunanıstandan arzuladığımız səviyyədə münasibət görmürük, xüsusən Kiprin yunan tərəfindən ümumiyyətlə, beynəlxalq hüquqla üst-üstə düşməyən addımların atılmasına şahid oluruq. Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü buna münasibət bildirib. Hesab edirəm ki, bu münasibətdə Kiprdə yaşayan türklərlə bağlı məqamın vurğulanması xüsusi əhəmiyyətlidir. Yəni, istər Yunanıstan, istərsə də Kiprin yunan tərəfi bunu nəzərə almalıdır. Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərinə hörmətlə yanaşır, amma biz ordakı prosesin əvvəlini də xatırlayırıq. Yəni, Kipr dövləti necə müstəqil olub, müstəqil olarkən ordakı türklərin hüquqları nədən ibarət idi və sair. Baxmayaraq ki, Kiprin yunan tərəfinin mövqeyi beynəlxalq hüquqa tam ziddir. Amma Kiprin türk hissəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ata biləcəyi addımlar var. 1960-cı illərdəki London və Sürix protokolları adadakı türk tərəfinin hüquqlarını tamamilə fərqli şəkildə tənzimləmişdi. Sonra yunan tərəfi o hüquqları pozdu. Yəni, məncə, bizim Xarici işlər Nazirliyinin sözçüsünün bu açıqlaması çox vacib idi. Ümid edirik ki, Kiprin yunan tərəfi bundan lazımı nəticələri, dərsləri çıxaracaq. Əks halda Azərbaycanın yəqin ki, ata biləcəyi daha fərqli, daha ciddi addımlar da var”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər