Teleqraf.com-un məlumatına görə, görüşdə baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan və Özbəkistan dost ölkə olaraq və tam miqyaslı tərəfdaşlığa sadiqliklərini təsdiq edərək çoxşaxəli əməkdaşlıq potensialını həyata keçirmək üçün güclü səy göstərirlər. Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrinin yaxınlığı ilə sıx bağlıdır.
Ə.Əhmədov iki xalq arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrimizin mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qonaqlar Özbəkistan-Azərbaycan münasibətlərinin həqiqətən əsrlərin dərinliyinə gedib çıxdığını vurğulayaraq, dost ölkə olaraq Azərbaycanın inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmnun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri bu cür qarşılıqlı səfərlərin əlaqələrimizin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb, eyni zamanda hər iki ölkənin rəhbərləri tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin Özbəkistan-Azərbaycan münasibətlərinin perspektivliyinə və gələcəyinə böyük ümid verdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.