4 Sentyabr 2017 19:13
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan sentyabrın 3-də Gürcüstanda start götürən NATO-nun “Agile Spirit 2017” çoxmillətli hərbi təlimlərində iştirakdan imtina edib.

Teleqraf.com xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin nümayəndələri hərbi təlimlərin açılış mərasiminə qatılmayıb.
Gürcüstan Müdafiə Nazirliyinin nümayəndəsi Nino Tolordava bildirib ki, bununla əlaqədar Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi hər hansı izahat verməyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, 3-11 sentyabrda keçirilən təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistan hərbçiləri iştirak etməli idi. Ermənistanın bu təlimlərdə iştirakı gözlənilsə də, rəsmi İrəvan son anda planlarını dəyişib və təşkilatçılara bu haqda məlumat verməyib.

Politoloq Qabil Hüseynli rəsmi İrəvanın Moskva və Brüssel arasında qurmaq istədiyi ikili siyasət və bu siyasətin iflas etməsinin səbəblərini şərh edib. Politoloq deyib ki, Ermənistan son aylar həm NATO, həm də Avropa Birliyi ilə yaxınlaşma siyasəti aparırdı. Onun sözlərinə görə, Sərksiyan hətta bəyan etmişdi ki, payızsa Avropa Birliyi ilə assosiativ üzvülük haqqında rəsmi sənəd imzalayacaq.

Politoloq xatırladıb ki, Ermənistan rəsmi olaraq NATO-nun Rumıniya və Gürcüstandakı hərbi təlimlərində iştirak edib: “Bu dəfə İrəvan NATO-nun Gürcüstan təlimlərində iştirak etməyib. Bu onu göstərir ki, Rusiya amili bu məsələdə ciddi rol oynayıb. Hətta demək olar ki, Sərksiyanın bu yaxınlarda Rusiya səfəri zamanı Prezident Putin ona qulaqburması verib. Məhz bunun nəticəsidir ki, indi Ermənistan NATO hərbi təlimlərində iştirakdan imtina edib”.

Politoloq daha sonra qeyd edib ki, hazırda Ermənistan daxilində hakimiyyət uğrunda ciddi mübarizə gedir: “Sərksiyan bu mübarizədə önə çıxmağa can atır. Çünki prezidentlikdən istefa verərək baş nazir vəzifəsini tutmağa çalışır. Ölkənin siyasi spektrinin xarakterini də məhz özünün baş nazir olmasına uyğun həyata keçirir. Mənim zənnimcə, indi Sərksiyan böhranlı dövr yaşayır. Çünki onun bu siyasəti tənəzzül edib, üstəlik özünün şəxsən Rusiya ilə münasibətləri pozulub. Başqa sözlə, Moskvanın Sərksiyana etimadı sıfıra enib. Bu fonda baş nazir Karapetyanın həm ölkə daxilində reytinqi, həm də Rusiyanın ona etimadı sürətlə qalxmaqdadır. Belə şəraitdə qüvvələr nisbətinin dəyişməsi prosesi baş verir. Baş nazir Karapetyan Dağlıq Qarabağ klanının üzvü deyil və Rusiya indiyə qədər Ermənistanda hakimiyyətin formalaşmasında əsasən radikal millətçi qüvvə kimi Dağlıq Qarabağ klanına diqqət yetirirdi. Bu səbəbdən də Ermənistan ermənilərinin etimadını itirmişdi. Son zamanlar Ermənistanın Avropaya meyllənmək səbəblərinin bir qismi də məhz bununla izah edilirdi. İndi yəqin ki, Rusiya siyasi rəğbətini dəyişmək qərarına gələcək və gələcək hakimiyyət dəyişikliyində Karapetyana stavka edəcək. Bu isə SƏrksiyan başda olmaqla Qarabağ klanının Ermənistanda hakimiyyət dövrünün başa çatması deməkdir. Mənim zənnimcə, Sərksiyan hakimiyyətdən uzaqlaşdırılacaq. Bununla da Qarabağ klanının mövqeləri zəiflədiləcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər