5 Sentyabr 2017 18:39
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda Qurban bayramı ilə əlaqədar telefonla danışdıqlarını, hər iki dövlət başçısının təmaslarının daimi xarakter daşıdığını vurğulayıb. Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün əhəmiyyətinə toxunan dövlət başçısı bu görüşün ölkələrimiz arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını qeyd edib. Hər üç ölkə arasında müzakirə olunacaq çoxlu sayda məsələlərin olduğunu deyən Prezident İlham Əliyev siyasi, iqtisadi, enerji, nəqliyyat kimi sahələrdə artıq yaxşı nəticələrin əldə edildiyini bildirib. Dövlət başçısı üç ölkə arasında aparılan işlərin həm ölkələrimiz, həm də ümumilikdə bölgə üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bu formatda artıq bir neçə ildir ki, görüşlər keçirildiyini vurğulayan Prezident İlham Əliyev bunların həm siyasi, həm də iqtisadi məsələlərin həlli üçün önəmli üçtərəfli format kimi özünü təsdiqlədiyini və nümunəvi bir format olduğunu deyib.

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Mövlud Çavuşoğlu Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün ölkələrimizin yerləşdiyi bölgənin sabitliyi və iqtisadi inkişafı üçün önəmli olduğunu vurğulayıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu işlərə verdiyi töhfəyə görə dövlət başçısına minnətdarlığını bildirib.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər