11:13
Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində Elmar Məmmədyarovla gürcü həmkarı Mixail Canelidze arasında ikitərəfli görüş keçirilir.
Teleqraf.com xəbər verir ki, görüşdə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Görüş zamanı regional, beynəlxalq məsələlərin müzakirə edəcəyi də gözlənilir.
Qeyd edək ki, bu gün Bakıda baş tutan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşündə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
***
Görüşlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
XİN-dən Teleqraf.com-a daxil olan açıqlamada deyilir: “Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.
M.Canelidze ilk olaraq, Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib və bu dəstəyin iki dövlət arasında olan dostluq və mehriban qonşuluq münasibətlərinin parlaq göstəricisi olduğunu əlavə edib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib.
Həmçinin, nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bəyan ediblər”.
Qeyd olunur ki, görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.
Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb və BTQ-nin fəaliyyətə başlaması ilə ticarət dövriyyəsinin artacağını əlavə etdilər, həmçinin Cənub-Qərb nəqliyyat dəhlizi istiqamətində də geniş imkanlar olduğunu vurğulayıblar.
Bu xüsusda, nazirlər birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini qeyd ediblər.
Tərəflər 3 dövlət arasında yaradılan mexanizmin unikal və çox effektli olduğunu deyərək, bu çərçivədə maliyyə, iqtisadiyyat, gömrük və müdafiə nazirlərinin də görüşlərinin baş tutduğunu əlavə edib.
Tərəflər Azərbaycan və Gürcüstan arasında beynəlxalq gündəlikdə duran məsələlər üzrə mövqelərin üst-üstə düşdüyünü bildirərək, beynəlxalq və regional təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.