Azərbaycan üçün indiki məqamda ən vacib strateji hədəflər, bu zamana qədər olduğu kimi, düzgün siyasət yürütməklə ölkə ərazsindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin işləməsinə əngəl ola biləcək mövcud risklərin önlənməsi, bu layihələrlə bağlı inteqrasiya və əməkdaşlıq trendinin saxlanılması, bütün maraqlı tərəflər üçün fayda verəcək imkanların gündəliyə gətirilməsi və təşviqdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşünü şərh edərkən deyib.
Onun fikrincə, ölkəmiz üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb marşrutunun işləməsi strateji əhəmiyyət kəsb edir:
“Bu marşrut Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra isə Astara-Rəşt- Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bütövlükdə Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən meqa layihədir.
Layihə ilə bağlı ilk saziş 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalanıb. Sonradan Azərbaycan, Belarus, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Tacikistan, Suriya, Türkiyə və Ukrayna da “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulub.
Layihə 3 əsas marşrut üzrə- Transxəzər, Şərq və Qərb marşrutu üzrə həyata keçirilir”.
E.Mirzəbəylinin fikrincə, bu dəhlizlə Cənubi-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcək: “Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzil başına çatdırılacaq. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitə qənaət imkanı var. Bir sözlə, bu layihə Avropa və Hind okeanı hovzəsi arasında tranzit yukdaşımalardan boyuk həcmli dividentlər əldə etməyə imkan yaradır”.
E.Mirzəbəylinin sözlərinə görə, dəhliz vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolunun və avtomobil nəqliyyatının iştirakı nəzərdə tutulur ki, burada əsas amil kimi yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda və uzaq məsafəyə daşınması götürülür: “Nəzərə almaq lazımdır ki, iqtisadi səmərəliliyi ilə yanaşı, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır, Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir”.
E.Mirzəbəylinin fikrincə, bu layihədə Azərbaycan Rusiyanın cənuba, İranın isə şimala önünü açmaqla region üçün geosiyasi sabitliyin təmin edilməsi və risklərin önlənməsidə mühüm rola malik olur:
“Qitələrarası körpü” statusu Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan çox vacibdir. Geosiyasi riskərin getdikcə artdığı və qlobal miqyasda rəqabət və qarşıdurma meyillərinin güclənməsi fonunda Azərbaycanın bu rolu ölkənin sabit məcrada inkişafına yeni təminatlar yarada biləcək potensiala malikdir. Bu marşrut eyni zamanda Azərbaycan-İran-Rusiya üçtərəfli formatının inkişafı baxımından da önəmlidir və hər 3 ölkənin konkret layihə müstəvisində strateji maraqlarının uzlaşmasına xidmət edir.
Sirr deyil ki, Ermənistan mütəmadi olaraq real perspektivi olmayan layihələri gündəmə gətirməklə Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaratmağa cəhd göstərir. Ermənistanın ayrı-ayrı rəsmi səfərlər çərçivəsində ortaya atdığı İran-Ermənistan-Gürcüstan-Rusiya, yaxud İran-Ermənistan-Gürcüstan-Bolqarıstan-Yunanıstan və bu qəbildən olan digər nəqliyyat dəhlizləri təşəbbüsləri əslində Azərbaycanın iştirakçısı olduğu real layihələr ətrafında ziddiyyətlərin yaranmasına xidmət edən təxribat xarakterli mülahizələrdən başqa bir şey deyil. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi isə Ermənistanın fantastik təşəbbüsləri ilə yanaşı bu təşəbbüslərdən yararlanmağa çalışan dairələrin iddialarını da sıradan çıxarır və region dövlətlərinin real perspektivlər üzərindən əməkdaşlığına zəmin yaradır, Azərbaycanın geosiyasi qitədən-qitəyə körpü statusunu daha da möhkəmləndirir”.
E.Mirzəbəyli bildirb ki, Avropa ilə Asiya arasında körpü statusu Azərbaycanın perspektivi və qlobal müstəvidə mövqeyi baxımdan da çox vacibdir: “Beynəlxalq nəqliyyat dəhlizləri, xüsusən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin gerçəkləşməsinin çox mürəkkəb gesosiyasi məkanda yer alan Azərbaycanın dünya güclərinin getdikcə kəskinləşən qlobal rəqabətindən qorunmasına, yaxud bu proseslərin neqativ təsirinin azaldılmasına zəmin yaratdığı da nəzərə alınmalıdır. Bu baxımdan da, Azərbaycan ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin işə salınmasını strateji hədəflər kimi nəzərdən keçirir və bü müstəvidə öz mühüm rolunun gündəlikdə qalması üçün maksimum səylər göstərir”.