Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Braziliya Federativ Respublikasının Xarici İşlər naziri Aloysio Nunes Ferreira ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar.
E.Məmmədyarov A.Nunesin ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin Azərbaycanla Braziliya arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
A.Nunes bildirib ki, onun səfəri ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi önəmin göstəricisidir və Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir.
Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin, eyni zamanda Azərbaycanla Braziliya arasında iqtisadi-ticari əlaqələrin təşviqi baxımdan Birgə İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini qeyd ediblər.
Tərəflər ikitərəfli münasibətlərdə parlament diplomatiyasının xüsusi yer tutduğunu və bu xüsusda, hər iki ölkə parlamentində yaradılmış dostluq qruplarının üzvləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə tərəflər arasında baxılmaqda olan sənəd layihələrinə nəzər salınıb, bu əsnada müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin, ikitərəfli münasibətlərdə mühüm platforma olan xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətinə toxunulub.
Nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər kənd təsərrüfatı, enerji, kimya və yeyinti sənayesi sahəsində əlaqələrin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda iki ölkə arasında turizm, elm-təhsil sahəsində, o cümlədən universitetlər arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir Braziliyanın münaqişənin BMT TŞ-nın qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib.
E.Məmmədyarov, həmçinin, paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə həmsöhbətə məlumat verib.
Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti və Braziliya Xarici Əlaqələr Nazirliyinin Rio Branko İnstitutu arasında diplomatların treninqi ilə bağlı qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Braziliya tərəfdən isə Xarici İşlər naziri Aloysio Nunes Ferreira imzalayıb.