1 Dekabr 2017 08:42
1 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə ABŞ arasında bir müddətdir əsən soyuq küləklər səngimək bilmir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, bu yaxınlarda isə Baş nazir Binəli Yıldırımın ABŞ səfəri iki ölkə arasında əlaqələrin normallaşmasına təsir etmədi:

“Çünki iki ölkə arasında çox ciddi problemlər yaşanır. Bu problemləri əsasən, aşağıdakı kimi xarakterizə etmək olar. Birincisi, ABŞ-ın Suriyada YPG-ni silahlandırması və Suriyanın şimalında kürd muxtariyyəti qurmaq planı. İkincisi, FETÖ liderinin ekstradisiya məsələsi. Üçüncüsü, Türkiyənin Rusiya ilə yaxınlaşmaq siyasəti və nəhayət, dördüncüsü Rza Zərrabla bağlı yaşanan qalmaqal”.

Politoloq bildirib ki, Türkiyə F.Gülən vasitəsilə ABŞ-ı hərbi çevrilişdə ittiham etmək istəyir. Buna görə də onun ekstradisiyasına çalışır:

“Yaşanan bu problemlər fonunda ABŞ Türkiyəni fakt qarşısında qoymaq və Gülən məsələsindən əl çəkdirmək üçün Rza Zərrab faktorundan Türkiyə əleyhinə istifadə edəcək. Rza Zərrab AKP hakimiyyətinə qarşı ittiham irəli sürmək üçün ABŞ-ın əlində “kozır”dır. ABŞ Rza Zərrab vasitəsilə Türkiyəni Gülən məsələsində arxa plana keçirməyə çalışır. Güman etmək olar ki, Vaşinqton Rza Zərrab “kartı”ndan yararlanıb Türkiyə əleyhinə çox ciddi məlumatlar üzə çıxaracaq. Bu, birbaşa Ərdoğan hakimiyyətini hədəfə alacaq”.

Politoloqun sözlərinə görə, iki ölkə arasında dərinləşən problemlərin Türkiyənin hərbi arsenalına ABŞ-ın sanksiya tətbiq etməsinə gətirib çıxarması an məsələsidir:

“Rusiya ilə Türkiyənin hərbi əməkdaşlığı, S-400 raketlərinin Ankaraya verilməsi artıq Pentaqonda qəzəb oyadıb”.

M.Əsədullazadə qeyd edib ki, ABŞ Türkiyəyə çox ciddi şəkildə təzyiqlər edəcək:

“Artıq bu işartılar görünür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla telefon danışığı və Ağ Ev rəhbərinin YPG-yə silah verməsini dayandıracağına söz verməsinə baxmayaraq, səhəri gün Pentaqon kürd terrorçularına silah göndərməyə davam edəcəyini qeyd etdi. Bu onu göstərir ki, ABŞ Suriyada kürd siyasətindən vaz keçməyəcək. Vaşinqton çalışacaq ki, Türkiyədə AKP hakimiyyətinə qarşı yeni ssenarilər hazırlasın.

Hazırda Türkiyə Silahlı Qüvvələrində 300-dən artıq hərbçinin yenidən həbsində məqsəd məhz ölkəyə ABŞ-ın mümkün təzyiqlərindən yayınmaqdır. Hiss olunur ki, ABŞ artıq Türkiyə iqtidarı ilə işləmək fikrində deyil. Bu gün Türkiyəyə qarşı ABŞ tərəfindən təzyiqlər məhz Ərdoğan iqtidarının zəiflədilməsinə hesablanıb. Ərdoğanın Trampla görüşü bundan sonra da fayda verməyəcək. Onu da qeyd edim ki, Tramp Pentaqon və ABŞ-ın güc mərkəzlərindən kənar siyasət aparmaq iqtidarında deyil”.


Müəllif: Səxavət

Oxşar xəbərlər