Nə qədər ki qlobal iqtisadi böhran aradan qalxmayıb, dünyada münaqişələr, kataklizmlər davam edəcək.
Bunu Teleqraf.com-a ADP sədri Sərdar Cəlaloğlu Şimali Koreya ilə ABŞ arasında müşahidə olunan mürəkkəb durumu şərh edərkən deyib.
Cəlaloğlu qeyd edib ki, Suriya və ya Şimali Koreya kimi münaqişələr qlobal iqtisadi böhranın nəticəsi olaraq meydana çıxır:
“Düzdür, Şimali Koreya qitələrarası ballistik raketi sınaqdan keçirib, elan edib ki, hidrogen bombası da hazırlayıb və s. Buna baxmayaraq qlobal müharibə gözlənilmir. Nəzərə almaq lazımdır ki, Şimali Koreya tək özünə güvənmir. Bu ölkənin yaxın dayağı Çin, uzaq dayağı isə Rusiyadır.
Əgər ABŞ Koreya ilə müharibəyə qalxsa, bu prosesə Çin də müdaxilə etməli olacaq. Çünki müharibə bilavasitə Çinə yaxın regionda gedəcək. Bu halda ABŞ Çinlə müharibəyə qalxacaqmı? Mümkün deyil, çünki bu situasiyada ABŞ əleyhinə Rusiya faktoru güclənəcək. Odur ki, dünya müharibəsi səviyyəsində qlobal qarşıdurma ehtimalı azdır. Əvəzində tərəflər arasında informasiya və əsəb müharibəsi olacaq”.
Sərdar Cəlaloğlu hesab edir ki, Şimali Koreya-ABŞ qarşıdurması bir müddətdən sonra dialoq vasitəsilə sakitləşəcək:
“Necə ki İranla bağlı oxşar proses davam etdi və sonra ABŞ liderliyində Tehranla 5+1 formatında razılıq əldə olundu. İndi də Şimali Koreya ilə buna bənzəır razılaşma olacaq və beləcə Pxenyana imkan yaranacaq ki, nüvə təcrübəsini davam etdirərək bu silaha sahiblənsin.
Dünyada nüvə silahı ilə bağlı yanlış düşüncə var. Şimali Koreya nüvə silahını əldə edib kimə hücum edəcək? Təbii ki, heç kimə! Pxenyana nüvə silahı ona görə lazımdır ki, rejimin uzunmüddətliyini təmin edə bilsin. Əgər Bəşər Əsədin nüvə silahı olsaydı, heç kim Suriyaya müdaxilə etməyə, bu ölkəni qarışdırmağa, bulanıq suda balıq tutmağa cəsarət etməzdi. Nəzərə almaq lazımdır ki, nüvə silahı hücum deyil, müdafiə xarakterli silahdır”.