10:26
Azərbaycan xalqına və prezidentinə təşəkkür edirik ki, bu tarixi məqamda Bakıda bizi qəbul edirsiniz.
Bunu bu gün Əfqanıstan prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə Şimal-Cənub dəhlizinin açılması istiqamətində görülən işləri yüksək qiymətləndiririk. Bu, "Lyapis Lazur" nəqliyyat xəttinə qoşulmaq imkanı yaradır, regional və qlobal səviyyədə bağlantılara xidmət edir. Azərbaycan əsgərləri bizim təhlükəsizliyimizə töhfə verir və biz Azərbaycan prezidentinin müdafiə sahəsində dəstəyin artırılmasına dair bəyanatını alqışlayırıq.
Azərbaycanda ÜDM-in 5,3 faizdən 2017-ci ilə qədər 5 qat artması sabitlik və firavanlığın təmin olunmasında əsas şərtdir. Siz bizə texniki yardımın ən yaxşı formasını təklif edirsiniz. İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə sazişlərin imzalanmasını səbirsizliklə gözləyirəm".
O bildirib ki, ABŞ Əfqanıstana terrorla mübarizədə dəstək verir. Bu, onu göstərir ki, “Taliban” terror təşkilatının gələcəyi yoxdur və məğlub olacaq:
“Uzun müddət transmilli qüvvələr bəzi dövlətlər üzərində hökmranlıq etmək üçün müxtəlif vasitələrdən istifadə edib. Biz bu problemin həlli üçün yorulmadan çalışır, Əfqanıstanı Asiyanın qəlbi, bu qitənin iqtisadi qapısına çevirmək üçün irəliləyirik.
Əfqanıstan terrorizmlə mübarizədə BMT-nin müvafiq sənədlərinə əməl edir".
Terrorun beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayan Əşrəf Qəni deyib ki, bu, yalnız Əfqanıstanın problemi deyil: “Bu, dövlətlərin birləşməsi üçün əsas şərtdir. Son vaxtlarda İŞİD-in Əfqanıstanda da yayılmasının qarşısı alınır. Doqquz əyalət İŞİD-in işğalından azad olunub. Bu sahədə səylər artırılmalıdır. Tərəfləri regionda daha çox tərəfdaşlığa çağırırıq".
***
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycan Respublikasına səfəri dekabrın 1-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistandaki və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər yola salıblar.