Xəzər dənizi son illərdə diqqəti güclü şəkildə cəlb edən bir regiona çevrilib.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının professoru, politoloq Fikrət Sadıqov bildirib.
Dünən Moskvada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin VII müşavirəsini şərh edən politoloq qeyd edib ki, Xəzər dənizi regionunun təbii ehtiyatları, o cümlədən neft və qazı, müxtəlif layihələrin həyata keçirilməsi bir sıra aparıcı oyunçuları bu regiona cəlb edir:
“Xəzərin statusunun müəyyənləşməsində onlar da maraqlıdırlar. Başqa sözlə, həm regional, həm də qeyri-regional dövlətlər bu məsələni həll etmək marağındadırlar. Təbii ki, bu zaman bəzi maraqlar üst-üstə düşmür. Bu da başqa bir prosesdir. Ancaq son zamanlar Xəzərin statusuna dair müzakirələrdə canlanma hiss olunur. Hətta Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanacağına dair fikir səslənmişdi”.
F.Sadıqovun sözlərinə görə, təbii ki, nazirlərin Moskvada keçirilən görüşündə hansısa yekun sənəd qəbul edilə bilməz:
“Nazirlər ancaq dövlət başçılarının imzalaması üçün müəyyən layihə irəli sürə bilərlər. Əgər nazirlər öz aralarında müəyyən razılıq əldə etsələr, konkret layihədən çıxış edib dövlət başçılarına məruzə edə bilərlər. Amma hər halda müəyyən addımların atıldığı hiss olunur. Düzdür, bu hüquqi məsələ olsa da, artıq siyasi məsələyə də çevrilib. Çünki Xəzərin hüquqi statusu ilə bağlı artıq bir neçə dövlətin müəyyən konkret yanaşması da müşahidə olunur. Onlar bu məsələdə öz maraqlarını heç gizlətmirlər. Düşünürəm ki, bu mənada Moskva görüşü mühüm bir görüşdür. Görünür, bir sıra yeni təkliflər irəli sürülüb və dövlət başçılarına məruzə etmək üçün müəyyən layihələr hazırlanacaq”.
Bəs, 2018-ci ildə 5 Xəzəryanı ölkə arasında dənizin hüququ statusuna dair konvensiyanı imzalamaq mümkün olacaqmı? F.Sadıqov bu suala cavab olaraq deyib:
“Xəzərin hüquqi statusu ilə bağlı üç ölkə – Azərbaycan, Qazaxıstan və Rusiya arasında artıq müəyyən razılıq var. Yalnız İran və Türkmənistan qalıb. Əlbəttə, müəyyən kompromislər əsasında ortaq məxrəcə gəlmək lazımdır. Təbii ki, hər bir dövlətin maraqları çərçivəsində buna nail olmaq lazımdır. Mənə elə gəlir ki, bu istiqamətdə müəyyən işlər görülür. Sözsüz ki, bu, asan məsələ deyil. Yaxın gələcəkdə konvensiyaya imza atılacağına əmin deyiləm. Amma hər halda maraq hiss olunur. Bu marağın nəticəsi olaraq da görüşlər keçirilir, müəyyən ortqa məxrəc, kompromis tapmaq istiqamətində addımlar atılır”.