21 Dekabr 2017 14:31
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:31

Prezident İlham Əliyev bu gün İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Mahmud Vaezi İran Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı və İran Prezidentinin gələn il Azərbaycana səfər edəcəyini məmnunluqla bildirib.

Qonaq Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq, tədbirdə 40-dək ölkədən, 8 beynəlxalq təşkilatdan nümayəndələrin iştirakını konfransın önəminin göstəricisi olduğunu qeyd edib.

Prezident İlham Əliyev ötən həftə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısı çərçivəsində İran Prezidenti ilə qısa görüşü zamanı Prezident Həsən Ruhanini Azərbaycana səfərə dəvət etdiyini məmnunluqla xatırladıb. Dövlətimizin başçısı qeyd etdi ki, Bakıda keçirilən konfransda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunması İranın dinlər və mədəniyyətlərarası dialoqa böyük önəm verdiyini göstərir.

Söhbət zamanı iki ölkə arasında enerji, əczaçılıq, bank sahələrində əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş edib.

***

Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Ali Erbaşı qəbul edib.

Dövlət başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətilə təbrik edib və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğulayıb.

Dövlətimizin başçısı bu yaxınlarda İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırlayıb. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirib.

Əli Ərbaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırıb. Qonaq Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd edib.

Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulanıb.

Dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

***

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin müavini Tofiq Əl-Sudeyrini qəbul edib.

Tofiq Əl-Sudeyri “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Tofiq Əl-Sudeyri 1998-ci ildə Azərbaycana səfəri zamanı ümummilli lider Heydər Əliyev ilə görüşünü dərin ehtiramla xatırlayıb. Qeyd edib ki, həmin vaxtdan etibarən ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edib. Həm Səudiyyə Ərəbistanı Kralı, həm də Səudiyyə xalqı Azərbaycan Prezidentinə, Hökumətinə və xalqına böyük məhəbbət və dostluq hissləri bəsləyir.

Ölkəmizə ilk səfərindən ötən iyirmi ildə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf etdiyini məmnunluqla qeyd edən qonaq deyib ki, bu, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkənin gələcəyi və xalqın rifahı naminə həyata keçirilən siyasətin nəticəsində mümkün olub.

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Səudiyyə Ərəbistanının yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu bildirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Səudiyyə Ərəbistanına rəsmi səfərini məmnunluqla xatırlayıb.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan torpaqlarını işğal edən, müsəlman abidələrini və məscidlərimizi dağıdan Ermənistanla Səudiyyə Ərəbistanının hər hansı əlaqəni qurmaması Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir.

***

Prezident İlham Əliyev Misir diyarının müftisi Şövqi İbrahim Alləmi qəbul edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Misir arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

“2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Misirin konfransda yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edib. Bu konfransın İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə olduğunu deyən dövlətimizin başçısı dini rəhbərlərin bir yerdə olmasının mühüm əhəmiyyət daşıdığını dedi, böyük tərkibli nümayəndə heyətlərinin bu konfransda iştirakını İslam həmrəyliyinin göstəricisi kimi dəyərləndirib.

Misir diyarının müftisi Şövqi İbrahim Allam Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi və qeyd edib ki, bütün bunlar ölkə rəhbərinin müdrik siyasəti nəticəsində əldə olunub. Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətinə toxunan Şövqi İbrahim Allam bunun müxtəlif dinlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğulayıb.

***

Prezident İlham Əliyev Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rustam Kamilovu qəbul edib.

İlham Əliyev Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı “İslam Həmrəyliyi İli” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət müşaviri Rüstəm Kamilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb. Rüstəm Kamilov bildirib ki, xalqın tolerantlığı və sülhün qorunub saxlanmasına ölkələrimizin bir çox eyni yanaşması var. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq, ölkənin inkişafı üçün çalışmalarının önəmini vurğulayıb. Rüstəm Kamilov İslam ənənələrinin dirçəlişinin, İslam irsinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin Özbəkistanda prioritet istiqamətlərdən biri olduğunu bildirib.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

***

Prezident İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Konfransın əhəmiyyətini vurğulayan Əbdüləziz Osman əl-Tuveycri tədbirdə müxtəlif ölkələrdən ayrı-ayrı dinlərin nümayəndələrinin iştirakının önəmini qeyd edib. ISESCO-nun baş direktoru bildirib ki, Prezident İlham Əliyevin konfransdakı dərin məzmunlu nitqi böyük əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev xoş sözlərə görə təşəkkürünü bildirib və Əbdüləziz Osman əl-Tuveycrinin konfransda iştirakının və çıxışının önəmini qeyd edib. Dövlətimizin başçısı Əbdüləziz Osman əl-Tuveycrinin konfransdakı çıxışı zamanı və eləcə də digər tədbirlərdə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirib.

ISESCO-nun baş direktoru bildirdi ki, Azərbaycanda gedən hərtərəfli, davamlı inkişaf prosesləri və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan möhtəşəm uğurlar İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılanır.

Görüşdə Azərbaycan ilə ISESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi və əlaqələrimizin bundan sonra daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər