28 Dekabr 2017 09:48
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir atalar sözü var: soğan yeməmisənsə, için niyə göynəyir?

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin seçki ilində xarici kompaniyaların internetdə və sosial şəbəkədə fəaliyyətini izləmək barədə fikirlərini şərh edərkən deyib.

Q.Hüseynli qeyd edib ki, Rusiya Prezidentinin kiberhücumlar barədə danışması, bunun qarşısını almaq üçün tədbirlər görülməsinə çağırış etməsi Moskvanın həm 2016-cı ildə ABŞ-dakı keçirilən prezident seçkilərinə, həm 2016-cı ildə Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı referenduma, həm də 2017-ci ildə Fransada keçirilən prezident və Almaniyada keçirilən parlament seçkisinə müdaxilə etdiyini bir daha təsdiq edir:

“Vaşinqton Rusiyanın Birləşmiş Ştatların daxili işlərinə müdaxiləsini cavabsız qoymayacağını bəyan etmişdi. Artıq məsələ Rusiyanın özünə gəlib çatıb. Rusiyada prezident seçkiləridir. Bir-birinin ardınca namizədlər irəli sürülür. Ancaq Aleksey Navalnı kimi təhlükəli namizədlər seçkiyə buraxılmır. O isə seçkini boykot etməyə çağırıb. Yəni, Rusiyada vəziyyət getdikcə gərginləşəcək. Navalnı tərəfdarlarının etirazları da artacaq. Belə bir şəraitdə seçkilərin keçirilməsi xeyli çətinləşəcək. Seçki dövründə isə vəziyyətin daha da mürəkkəbləşəcəyini söyləmək mümkündür. Söhbət seçki prosesinə kibermüdaxilələrdən və prosesin nəticələrinə təsir göstərəcək müxtəlif təsir vasitələrindən istifadə ediləcəyindən gedir”.

Q.Hüseynli qeyd edib ki, bu nöqteyi-nəzərdən V.Putinin sözügedən mövzuda danışması vəziyyətin kifayət qədər ciddiliyindən xəbər verir:

“Qərb, ilk növbədə ABŞ Rusiyada vəziyyəti mürəkkəbləşdirməkdə davam edir. Fevral ayında yeni sanksiyalar tətbiq olunacaq. Həmin sanksiyaların hətta bank sisteminə, xüsusən Rusiyanın SVİFT sistemindən çıxarılmasına aid edilə biləcəyi də göstərilir. Əgər Rusiya bu sistemdən çıxarılarsa, ölkədə bank sistemi çökə və maliyyə prosesləri tamamilə qarmarışıq vəziyyətə düşə bilər. Bu nöqteyi-nəzərdən demək olar ki, Rusiyada prezident seçkisi kifayət qədər çətin və mürəkkəb şəraitdə keçəcək. Ölkədə iqtisadi göstəricilər xeyli mürəkkəbləşəcək. Bu, əhalinin maddi rifah halına birbaşa təsir göstərəcək. Nəticə etibarilə inzibati resurlardan istifadə və digər əməllər belə seçki prosesinin nəticələrinə təsir etməyə bilər. Düzdür, Putinin özünün mövqeyi kifayət qədər möhkəm görünür, amma o, möhkəm mövqeyini reallaşdırmaq üçün xeyli əziyyət çəkməli və böyük müqaviməti qırmalı olacaq. Zənnimcə, Rusiya üçün çətin illər qabaqdadır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Federal Məclisinin rəhbərliyi ilə görüşündə əcnəbilərin internet vasitəsilə seçkiyə müdaxiləsi məsələsini diqqətlə izləməyi tapşırıb. O qeyd edib ki, internet mütləq azad olaraq qalmalıdır. Ancaq seçki ilində xarici kompaniyaların internetdə və sosial şəbəkədə fəaliyyətini izləmək lazımdır.

“İnternet azadlığının sərhədini heç bir halda daraltmaq olmaz, amma bəzi kompaniyaların internet şəbəkəsində və sosial şəbəkələrdə necə işlədiklərinə baxmaq lazımdır. Onlar bizim ölkəmizin daxili siyasi həyatına geniş cəlb ediliblər. O cümlədən onların özlərini indi necə apardığını, prezident seçkiləri kampaniyası zamanı necə aparacağını analiz etmək lazımdır”, - V.Putin deyib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər