28 Dekabr 2017 12:30
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmiz üçün ən böyük təhlükə olaraq qalıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H.Hacıyev bildirib ki, 2017-ci ildə Azərbaycanın tarazlaşdırılmış və fəal xarici siyasəti davam edib:

"2017-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, regionda təhlükəsizliyin təmin edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, beynəlxaq əsasda çoxtərəfli siyasətin davam etdirilməsi, humanitar və mədəni siyasət kursunun həyata keçirilməsi, Azərbaycan vətəndaşlarının xaricdə hüquqlarının qorunması və digər istiqamətlərdə xarici siyasət davam edib".

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, yerləşdiyimiz regionun geosiyasi çətinlikləri, erməni lobbisinin və onlara himayədarlıq edən dairələrin beynəlxaq aləmdə Azərbaycana qarşı dezinformasiya siyasətinə qarşı iş aparılıb.

XİN rəsmisi deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmiz üçün ən böyük təhlükə olaraq qalıb: "Ermənistanın danışıqlar prosesini pozması, status-kvonun davam etdirilməsi cəhdi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyib".

H.Hacıyev vurğulayıb ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni rejimdə qanunsuz referendum keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və Azərbaycanın ərazi bütövlüyünə hörmət nümayiş etdirilib.

O əlavə edib ki, il ərzində Ermənistan tərəfi yenə də hərbi təxribatlara əl ataraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirib: "Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qəsdən hədəfə alması və bir neçə mülki vətəndaşımızı qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən qəti pislənilib.

H.Hacıyev bildirib ki, Ermənistanın işğal siyasəti davam edib və cəzasız qalması nəticəsində digər avantüralara əl atıb.

"2017-ci ilin ikinci yarısında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma olub. Azərbaycanla Minsk qrupunun atdığı addımlar nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması mümkün olub. Lakin təəssüf ki, işğal başa çatmayıb. Həmsədrlər BMTTəhlükəsizlik Şurasının qətnamələri, Helsinki yekun aktı əsasında üzərlərinə düşən vəzifələri yerində yetirsinlər. İlk növbədə işğala son qoyulmalı, qaçqın və məcburi köçkünlər geri qayıtmalıdırlar”, – deyə XİN sözçüsü əlavə edib.

H.Hacıyev qeyd edib ki, Öz doğma torpaqlarında ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsi ilə əlaqədar il ərzində Rusiya Federasiyası, ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işlər davam etdirilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşməsi məsələsi beynəlxaq təşkilatlarla müzakirə edilib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Hikmət Hacıyev bildirib ki, hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var. 2017-ci il ərzində 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.

Onun sözlərinə görə, müraciət edənlərin bir qisminin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb və digərlərinin müraciətlərinə baxılır.

Dağlıq Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının məsələsinə gəlincə, H.Hacıyev bildirib ki, bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları Türkiyənin hüquq-mühafizə orqanları ilə təmasları davam etdirir.

XİN rəsmisi vurğulayıb ki, aparılan təbliğat və maarfləndirmə işləri nəticəsində insanlar artıq Ermənistanın yalanlarına uymurlar, həmçinin bəzi ölkələrin xarici işlər nazirlikləri bu cür səfərlərin hüquqi məsuliyyət daşıması ilə bağlı öz internet səhifələrinə xəbərdarlıqlar yerləşdirib.

Qeyd olunur ki, Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib.

2011-ci ildə XİN-in tərkibində yaradılmış Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA/) dünyanın inkişaf etməkdə olan ölkələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələrin həyata keçirilməsini dəstəkləməkdədir. Artıq 40-dan çox Afrika, Asiya və Latın Amerikası ölkələri Agentliyin həyata keçirdiyi proqramlardan faydalanıb.

Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq Rohinca müsəlmanlarına yardım məqsədilə 9 sentyabr 2017-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş ərzaq mallarından ibarət humanitar yardımın AIDA və Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən ünvanına çatdırılması təmin edilib. Həmçinin BMT-nin baş katibi Antonio Quterreşin müraciəti əsasında dövlət başçısının tapşırığı ilə Azərbaycan tərəfindən AIDA vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara və BMT-nin Yüksək Səviyyəli Donor Konfransı çərçivəsində Yəmənə BMT xətti ilə humanitar yardım göstərib.

H.Hacıyev bildirib ki, il ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı müzakirələr aparılıb: "Azərbaycan tərəfi şəxsi heyətin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır".

O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərin son bəyanatında da bu məqam öz əksini tapıb: "Ancaq şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir".

H.Hacıyev mətbuat konfransında bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanına raket hücumlarını qınayır. bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər:

“Regionda sülhün və sabitlyin təmin olunması üçün siyasi diplomatik səylərin artırılmasına çağırırıq”.

22 may 2017-ci il tarixində İstanbul şəhərində keçirilmiş QDİƏT-in 25 illik Yubiley Zirvə Görüşünün Birgə Bəyannaməsinə Azərbaycanın maraqlarını əks etdirən bir sıra müddəaların daxil edilməsinə nail olub. 2018-ci ilin ikinci yarısından etibarən isə QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək - Nazir deyib.

H.Hacıyev onu da bildirib ki, 2018-ci il 3-6 apreldə Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək. 2019-cu ildə təşkilatın növbəti sammiti də Azərbaycanda keçiriləcək.

Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər