İran tərəfi elan etdi ki, 5+1 formatında əldə edilən nüvə razılaşmasından çəkilə bilər. Əslində, bu, önləyici addımdır. Yəni çox da ağ etməyin, biz özümüz də müqavilədən çəkilə bilərik.
Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Fərhad Mehdiyev İran və 5 ölkə arasında imzalanan nüvə sazişinin taleyini şərh edərkən deyib.
Müsahibimiz qeyd edib ki, bu məsələdə Avropa dövlətlərinin mövqeyi aydındır:
“Avropa dövlətləri 5+1 formatında əldə edilən razılaşmanın qorunub saxlanılmasının tərəfdarıdırlar. Ola bilsin ki, İran müqavilədən çəkiləcəyində blef edir. Tehran demək istəyir ki, Donald Tramp bu müqavilədən çıxacaqsa, mən də anoloji addım atacağam. Amerika bu müqavilədən çıxmaqla İrana qarşı əlavə sanksiyalar tətbiq etmək, əvvəlki sanksiyaları bərpa etmək imkanı əldə edəcək. Yəni müqavilədən çıxacaqsa, deməli İrana qarşı sanksiya siyasəti güclənəcək. İran da elan edir ki, müqavilədən çıxacaqsansa, biz də nüvə proqramımızı öz istədiyimiz şəkildə inkişaf etdirəcəyik”.
Fərhad Mehdiyevin fikrincə, indiki məqamda İrana Avropanın dəstəyi lazımdır:
“Tehran istəyir ki, Avropa Amerikanın bu müqavilədən çıxmasına imkan verməsin. Ancaq burada məsələ bir qədər ciddidir. Donald Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdığı kimi 5+1 razılaşmasından da çəkilə bilər. Tramp bu addıma gedə bilər. İran bu addımın qarşısını Avropa və Rusiya vasitəsi ilə almaq istəsə də, bu ölkələrin Trampa təzyiq imkanları yoxdur. Üstəlik İran arzulamır ki, yenidən sanksiyalar altına düşsün. Çünki bu ölkənin iqtisadi problemləri var. Son zamanlar İranda baş verən dalğalanma da buna bir sübutdur. Burada digər incə məqam da var. Vaşinqtonda düşünürlər ki, sanksiyaları sərtləşdirsələr, İranda daxili çəkişmələri sürətləndirə və bu rejim dəyişikliyinə gətirib çıxara bilər”.
Politoloq qeyd edib ki, Rusiya bu məsələdə birmənalı olaraq Tehrana dəstək verəcək: “Buna şübhə yoxdur. Amma ABŞ bu müqavilədən çəkiləcəksə, deməli Vaşinqton BMT vasitəsi ilə İrana sanksiya tətbiq edə bilməyəcək. Ancaq təktərəfli embarqo siyasəti yürüdəcək. Rusiya isə İranı müdafiə edəcək. BMT-də son İran müzakirələri zamanı Moskva Amerikanı müdafiə etmədi. Avropanın isə Tramp administrasiyasına ciddi təzyiqlər göstərmək imkanı yoxdur. Məhz bu səbəbdən də İran diplomatiyası yanvarın 12-nə qədər bəzi addımlar atmağı qərara alıb. Artıq İran xarici işlər naziri Moskvaya səfər edir, sabah isə Brüsseldə Avropanın böyük dövlətlərinin diplomatları ilə müzakirə aparılacaq. Bu İranın cavab tədbirləridir”.
Xatırladaq ki, bu gün İran Xarici İşlər naziri Məhəmmədcavad Zərif Moskvaya təcili səfər edib. Zərif səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla müzakirələr aparmağı nəzərdə tutur. Görüşün gündəliyinə İranla bağlanmış nüvə razılaşmasının müzakirəsi də daxildir. Zərif nüvə sazişində Rusiyanın dəstəyini almaq niyyətindədir. Sabah isə İran XİN rəhbəri Rusiyadan Brüsselə gedəcək. O, burada Fransa, Böyük Britaniya və Almaniyadan olan həmkarları ilə İranın nüvə sazişini müzakirə edəcək.
Qeyd edək ki, yanvarın 12-i ABŞ Prezidenti Donald Tramp İranla bağlanmış nüvə sazişi ilə bağlı son qərarını açıqlayacaq.