İsveçrənin Davos şəhərində "Ekspo 2025" ümumdünya sərgisinə Bakı şəhərinin namizədliyi ilə bağlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirin əsas məqsədi dəvətlilərə Bakının ismarıcını çatdırmaq idi. İştirakçılar sırasına dövlət və özəl sektorları təmsil edən nümayəndələr, o cümlədən səfirlər, diplomatlar, təhsil, media qurumlarının nümayəndələri, müxtəlif şirkətlərin rəhbərləri vardı. Dünya İqtisadi Forumu kimi, Ümumdünya Ekspo sərgisi(World Expo) müzakirə və ideya mübadiləsi məqsədilə dünyanı bir araya gətirən vacib mexanizmdir.
"InterContinental" otelində yanvarın 23-də axşam keçirilmiş rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakının təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun Dünya İqtisadi Forumunun “Pərakəndə Dünyada Ümumi Gələcəyin Qurulması” layihəsilə üst-üstə düşdüyünü bildirib: "İnsan kapitalının inkişafı insanların texnoloji tərəqqiyə uyğunlaşmasında kömək etmək üçün yolların tapılması, hər bir fərdin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etmək deməkdir. O, sabit və sağlam cəmiyyətlərin bünövrəsini qurmaqdır. Biz inanırıq ki, hazırda insan kapitalının inkişafına diqqət yetirməyin, genişlənən qeyri-bərabərliyi azaltmağın və iqtisadi artım, kreativlik və uğurun əldə olunması üçün imkanlar yaratmağın zamanı yetişib".