Teleqraf.com Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ilə müsahibəni təqdim edir.
- Araz müəllim, növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. Buna sizin münasibətiniz necədir?
- Çox əladır. Müsbət hesab edirəm.
- Hansı səbəblərdən müsbət hesab edirsiniz?
- Mən əvvəldən seçkilərin okytabrda keçirilməsinin əleyhinə olmuşam. Çünki yayda, payızın əvvəllərində insanlar ruzi ilə məşğuldur, özlərinə çörəkpulu qazanırlar. Kənd təsərrüfatı işləri ilə məşğul olur, məhsul toplayırlar və s. Bu dövrdə seçkilər isə mitinqlərlə insanları işdən ayırmaq deməkdir. Mən heç vaxt lüzum görməmişəm ki, seçkilər payızda keçirilsin. Ən yaxşısı elə yaz mövsümüdür. Düşünürəm ki, seçkilər elə apreldə keçirilsə yaxşı olar.
- Siz sonuncu prezident seçkilərində namizəd olmusunuz. Bu seçkilərdə planlarınız nədən ibarətdir?
- Hələ baxaq görək partiyanın Mərkəzi Komitəsi hansı qərar verəcək. Bizim qurultayımızda qərar qəbul edilib ki, partiya bütün seçkilərdə iştirak etsin. Yəni seçkilərdə iştirak olacaq. Amma iştirakın formasını Mərkəzi Komitənin plenumu müəyyən edəcək.
- Sizcə, vaxt darlığı baxımından sizə problem yaranmaz?
- Düşünmürəm ki, problem yaranar. Üstəlik Seçki Məcəlləsində nəzərdə tutulan müddət və prosedurlar yerinə yetirilir.
- Amma bəzi partiyalar vaxt darlığını ciddi prolem kimi təqdim edirlər...
- Bilirsinizmi, bu nə ilə əlaqədardır? Onunla əlaqadardır ki, həmin insanlar uduzacaqlarını bilirlər. Amma deyirlər ki, oynamaq istəyirəm, intəhası yerim dardır. Gəlin baxaq, görək hansı şəxslər namizədliyini irəli sürəcək və onların hansını xalq tanımır. Üzdə olan və seçkidə iştirak etmək istəyən siyasətçiləri xalq illərdir ki, tanıyır. Onların hansına vaxt çatmayacaq ki, özünü xalqa tanıtsın? Mənim dostum olaraq siz namizədliyinizi irəli sürsəniz, düşünərəm ki, ona özünü xalqa təqdim etmək üçün vaxt çatmadı. Ona qalsa, siz də çoxdandır özünüzü xalqa yazılarınızla tanıtmısınız...
- Deyirsiniz ki, namizədliyini vermək istəməyənlər sadəcə vaxt darlığını bəhanə kimi təqdim edirlər. Ancaq onların da öz arqumentləri var...
- Həyat mübarizədir. Bəyəm qalib gələcəyin halda mübarizədə iştirak edəcəksənsə, onda bunun adını mübarizə qoymaq olarmı? Almanlar II Dünya savaşında Moskvanın ətrafına çatmışdı. Hamı əlini aşağı salıb deyirdi ki, biz məğlub olduq. Lakin müharibənin nəticəsi tam fərqli oldu. Çünki həyat mübarizədir. Mübarizə aparanlar qalib gəldi. O ayrı məsələdir ki, sən 20 ildən artıqdır ki, siyasətdəsən, bu müddətdə xalqa yalan danışmısan və bilirsən ki, növbəti seçkilərdə də uduzacaqsan. Amma səni maliyyələşdirən qüvvələr var və onlara seçkilərə qatılmamaqla bağlı səbəb göstərməlisən.
- İsa Qəmbərin seçkilərdə iştirak etməklə bağlı qərarı var.
- Əzizim, məni nə İsa Qəmbər, nə Əli Kərimli, nə də digərləri maraqlandırır. Məni maraqlandıran öz partiyamın Mərkəzi Komitəsinin qərarıdır.
- Yəni Mərkəzi Komitə qərar versə, siz çatdıracaqsınız və 60 dairə ərazisində imza toplaya biləcəksiniz?
- Bəli. Bu istiqamətdə bizim problemimiz yoxdur. Biz seçki təcrübəsini keçən partiyayıq. Ümumiyyətlə, bizdən çox seçkilərdə iştirak edən və imza toplayan ikinci partiya yoxdur.
- Niyə sol dəyərləri paylaşan təşkilatların vahid namizədi və ya bloku yoxdur?
- Təəssüflər olsun ki, Azərbaycanda ASDP-dən başqa sol partiya yoxdur.
- Kommunistlər var.
-Allah işlərini avand eləsin.
- Hətta elə kommunist partiyası var ki, sədri həbsdədir...
- Deyirəm ki, allah işlərini avand eləsin.
- Aprel seçkilərinə xaricilərin münasibəti necə ola bilər?
- Bu, məni əsla maraqlandırmır. Azərbaycan müstəqil dövlətdir. Bu dövlət öz qanunlarına uyğun olaraq seçkilərini keçirir. Bu, kiminsə xoşuna gəlməsə, dünyada su qıtlığı olsa da, təmiz su alıb içər və sakit olarlar.
İkincisi, Azərbaycanda keçiriləcək prezident seçkilərindən narahat olan qüvvələr çox yaxşı olardı ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasından, işqalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsindən narahat olsunlar.