15 Fevral 2018 09:00
1 713
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Katibi Reks Tillerson sabah Ankaraya səfər edəcək və burada bir sıra görüşlər keçirəcək. Tillersonu Türkiyəyə gətirən səbəblər çoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Turan Rzayev deyib.

O qeyd edib ki, son vaxtlar istər FETÖ terror təşkilatının Vaşinqton tərəfindən dəstəklənməsi, istərsə də ABŞ-ın kürd yaraqlılarına dəstəyi Türkiyə-ABŞ münasibətlərinə böyük zərər vurub:

“Görüşlər zamanı əsas müzakirə mövzusu Suriyada davam edən vətəndaş müharibəsi və Türkiyənin Afrində apardığı “Zeytun budağı” əməliyyatı olacaq. Təbii ki, müzakirələr zamanı ABŞ-ın Menbicdə hərbi varlığı da nəzərdən keçiriləcək. Türkiyə ziyarətindən əvvəl Küveytdə səfərdə olan Reks Tillerson Suriyanın şimal-qərbindəki son durumdan narahat olduğunu ifadə etmişdi. Bu səfər zamanı Tillerson Türkiyənin təhlükəsizlik qayğılarının da fərqində olduqlarını söyləmişdi. Küveytdə İraqın yenidən qurulması və İŞİD-lə mübarizə koalisiyasının konfransında Tillersonun İŞİD-in ABŞ və müttəfiqləri tərəfindən ağır məğlubiyyətə uğradıldığını söyləməsi Vaşinqtonun PYD/PKK/YPG birləşmələrinə dəstək məsələsində nə dərəcədə israrlı olduğunu bir daha subut etmiş oldu. Bu isə fevralın 15-də baş tutacaq görüşdə Türkiyə tərəfinin qaldıracağı ən önəmli məsələ olacaq”.

T.Rzayev hesab edir ki, Türkiyə tərəfi ABŞ qarşısında önəmli faktlar və istəklər qoyacaq:

“Türkiyənin nə dərəcədə ciddi olduğunu göstərmək ücün Prezident Rəcəb Tayyib Ərdoğanın AKP-nin parlament qrupunun iclasında verdiyi mesajları xatırlamaq kifayətdir. Ərdoğan, “bizi vursalar qarşılıq verərik” deyərək amerikalı generalların ömrülərində heç “Osmanlı yumruğu” yeməmiş olduqlarını çıxışına əlavə etmisdi. Ərdoğan bu çıxışla Menbicə müdaxiləyə hazırlaşdığını mesaj verir və oradakı qüvvələrin çıxarılmasının vacib olduğunu qeyd edir”.

Politoloq qeyd edib ki, görüşün ən aktual məsələlərindən biri də ABŞ-ın PYD/YPG silahlılarına 2019-cu ildə 550 milyon dollar dəyərində yardım ayırması ilə bağlı olacaq:

“Türkiyə tərəfi bu məsələdə də geri addım atmayacaq kimi görünür. Nəticə etibarilə görüş Türkiyənin ABŞ-la münasibətlərə “davam, yoxsa tamam” deyəcəyini bir daha sübut edəcək”.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Reks Tillerson fevralın 15-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər