28 Fevral 2018 21:13
1 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

BAXCP sədri Qüdrət Həsənquliyevlə bu dəfəki söhbətimizdə prezident seçkiləri və son zamanlar ortaya çıxan söyüş kampaniyaları ətrafında danışdıq.

Teleqraf.com millət vəkilinin Ovqat.com-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, seçki prosesi başladı və siz də seçkidə namizəd kimi iştirak etməyə qərar verdiniz. Amma seçkini boykot edənlər də var. Niyə hesab edirsiniz ki, seçkidə iştirak cəmiyyətimiz üçün daha faydalıdır?

- Ümumiyyətlə, siyasi partiyalar seçkidə iştirak etməlidir, hətta şərtlər onun üçün əlverişli olmasa belə… Ona görə ki, seçki kampaniyasından istifadə edib seçicilərlə daha sıx əlaqələr yarada, platformanı, fikirlərini insanlara çatdıra bilirsən. Bəzilərinin fikrincə, qalib gəlmək şansın yoxdursa, seçkilərə qatılmaq da mənasızdır. Mən isə belə düşünmürəm. Seçkilərdə iştirakı idman yarışına bənzədirəm. Hansısa bir çempionatda zəif, imkanları məhdud komandalar yarışı tərk etmədiyi kimi, siyasi partiyalar da seçkilərdən yayınmamalıdır. Bəzi siyasilər bu arqumentlə də razılaşmır, hakimi ədalətsiz olan bir yarışa qatılmağın faydasızlığına inanırlar. Bu mülahizədən də eyni məntiq ortaya çıxır: bir komanda hakimin ədalətsizliyini düşünüb yarışdan imtina edirsə, deməli, bəri başdan məğlubiyyətlə razılaşır.

Üstəlik, hakimin ədalətsiz və ya ədalətli olacağı yarış prosesi zamanı müəyyənləşir. Hətta hakimin ədalətsizliyinə yüz faiz əmin olsan belə, yenə də yarışıa qatılmaq lazımdır.

Seçkiyə qatılmaq üçün vacib deyil ki, öz namizədinlə iştirak edəsən. Başqa namizədi də dəstəkləyə bilərsən. Partiyalar bütün hallarda seçkilərdə iştirak etməlidir. Çünki seçkilərdə iştirak çoxpartiyalı sistemin inkişafına, siyasi mədəniyyətin, demokratik ənənələrin formalaşmasına töhfə verir. Bu baxımdan, düşünmürəm ki, seçkiləri boykot cəmiyyət üçün daha faydalıdır. Əksinə, boykot taktikası siyasi mübarizəni dinc müstəvidən ayırıb hansısa qarşıdurmalara aparmaq cəhdindən başqa bir şey deyil. Baxmayaraq ki, Azərbaycanın indiki reallığında bu cür gərginliklər yaratmaq da mümkünsüzdür.

- Səhv etmirəmsə, boykot taktikasına üstünlük verənlərin məqsədlərindən biri də Azərbaycan hakimiyyətinin beynəlxalq arenada qeyri-demokratik imicini möhkəmləndirmək istəyindən qaynaqlanır. Bununla da hakimiyyətin xarici dəstəyinin kəsiləcəyinə və nəticə etibarilə zəifləyəcəyinə inanılır. Necə fikirləşirsiniz, bu taktika uğur qazana bilməzmi?

- Bu taktikadan ermənilər də istifadə edirlər. Onlar da düşünürlər ki, Azərbaycan hakimiyyətinin qeyir-demokratik imici formalaşdırılsa, Dağlıq Qarabağ problemini öz xeyirlərinə həll edə bilərlər. Ermənilərin zənnincə, rəsmi Bakının bu imici möhkəmlənərsə, beynəlxalq birlik Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpasına imkan verməyəcək. Sözdə Azərbaycanın ərazi bütövlüyündən danışılsa da, real adımlar atılmayacaq. Uzun illərdən bəri ermənilər məhz bu prinsipi əllərində rəhbər tutublar. Bizim hakimiyyət ehtirası ilə alışıb yanan bəzi insanlarımız isə öz səhv siyasi taktikalarıyla bu arqumentə haqq qazandırırlar.

Mən, əlbəttə, bu fikirlərimlə "biz problemlərimiz barədə danışmamalıyıq" da demək istəmirəm. Fikrimcə, bu vəziyyətdə ən optimal yol problemləri ölkə daxilində çözməyə çalışmalıyıq.İnsanları marifləndirməklə,demokratik cəmiyyət üçün hazırlamaqla. Bu çox vaxt aparsa belə... Seçkilərin verdiyi imkanlardan faydalanıb problemləri ictimailəşdirərək, həllinə nail olmaq özü-özlüyündə bir qələbədir. Siyasi partiyaların qələbəsi təkcə qazandığı mandatlarla ölçülmür. Həm də həll edə bildiyi problemlərlə ölçülür. Bəzən bu nailiyyətlər əsl siyasi dividentə çevrilib partiyalara yaxın gələcəkdə hakimiyyət də qazandırır. Seçkilərdən kənarda dayanıb xarici qüvvələrə bundan istifadə imkanı vermək isə ölkənin milli maraqlarına zidd olduğu üçün siyasi partiyaları da xalqın gözündən sala bilər.

Bir də açığını deyim ki, seçkilərin önə çəkilməsi özlərini barışmaz adlandıran qüvvələr üçün göydəndüşmə oldu. Çünki payızda keçiriləcəyi gözlənilən seçkilərdə çox ağır məğlubiyyətə uğrayacaq və öz tərəfdarları qarşısında bunun hesabatını verəcəkdilər. Amma indi əllərində yaxşı bəhanələri var. "Seçkilərin vaxtı 6 ay önə çəkildiyi üçün boykot yolunu seçdik" deyib indiki statuslarını qoruya biləcəklər. İndiki statusları isə onları, yaxınlarını və ailələrini tam qane edir.

- Elədirsə, sual yaranır; hökumət niyə o zaman radikal müxalifətin əlinə oynadı?

- Hökumətin bu qərarı verərkən radikal müxalifətə nə qazandırıb nə qazandırmayacağını hesaba qatdığını düşünmürəm. Bu addımın atılması tamamilə başqa problemlərdən qaynaqlanırdı və kifayət qədər incə düşünülmüş, ağıllı qərar idi. Bizim partiya üçün əlverişli olmamasına baxmayaraq, ölkənin maraqları baxımından bu addım atılmalıydı. Ona görə ki, biz hələ bilmirik, qarşıdakı 6 ayda qonşu ölkələrdə hansı proseslər baş verə və Azərbaycana necə təsir edə bilər. Yaxud payızda hansı dövlətin Azərbaycanla bağlı nə kimi planları var.

Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, həm Qərb dövlətlərinin, həm də regional güclərin burada maraqları toqquşur. Belə bir mürəkkəb vəziyyətdə hökumətin bir nömrəli vəzifəsi stabilliyi qorumaqdır. Bəzi müxalifət nümayəndələri deyirlər: nə baş vermişdi ki, hökumət növbədənkənar seçkilərə getdi? Məncə isə, hökumətin borcu nəyinsə baş verməsini gözləmədən ölkəni mümkün təhlükələrdən sığortalamaq üçün önləyici qərarlar qəbul etməkdir. Növbədənkənar seçkilər də bu cür qərarlardan biridir.

Fikrimcə, növbədənkənar seçkilərin Dağlıq Qarabağla bağlı danışıqlar prosesiylə də ciddi əlaqəsi ola bilər. Bilirsiniz ki, Ermənistanda və Rusiyada seçkilər yazda keçiriləcək. Onlarda yeni hökumət təsdiqlənən kimi, Azərbaycanda seçki prosesinə start veriləcəkdi. Payızda seçki olacaq, seçkidən sonra isə yeni hökumət qurulacaqdı. Həm Rusiya və Ermənistanın, həm də Azərbaycanın başı tam bir il seçki prosesinə qarışacaqdı və Dağlıq Qarabağ probleminin müzakirəsində 2018-ci il tamamilə itirilmiş dövr kimi tarixə düşəcəkdi. İndisə seçkilər Ermənistan və Rusiya ilə təxminən, eyni vaxtda keçiriləcək. Bu isə imkan verəcək ki, seçkilərdən sonra Azərbaycan Dağlıq Qarabağ məsələsində özünün qəti tələb və şərtlərini ortaya qoysun.

Düşünürəm ki, seçkiləri önə çəkməklə Azərbaycan hökuməti həm də ciddi islahatlara start verə biləcək...

- Seçkilərdən sonra nə kimi islahatlar gözləyirsiniz?

- Seçkilərdən sonra həm siyasi, həm iqtisadi, həm hüquqi, həm də kadr islahatları gözlənilən və arzuolunandır.

Bilirsiniz ki, Azərbaycan müxalifəti parlamentin idarə olunmasında heç bir şəkildə iştirak etmir, hər hansı fraksiya yarada biləcək gücdə deyil və bu xüsusiyyətimizlə Qafqazda yeganə ölkəyik. İlk növbədə bu problemin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir.

Eyni zamanda hökumət yenidən formalaşdırılacaq. Zənnimcə, bəzi kadr dəyişikliklərinə çox ciddi ehtiyac var və yəqin ki, yeni hökumətin qurulması zamanı bu istiqamətdə də önəmli addımlar atılacaq. Növbədənkənar seçki prosesi də bu islahatların 6 ay əvvəl başlamasına imkan verəcək. Müəyyən sahələrdəki problemlərin həlli xeyli dərəcədə kadrlardan asılı olduğundan hökumətin zaman məsələsinə bu cür həssas yanaşması başadüşüləndir.

Hər halda seçkilərin tamamlanmasına o qədər də uzun zaman qalmayıb və nələrin baş verəcəyini seçkidən sonra daha aydın görəcəyik.

- Bayaq maraqlı bir məqama toxundunuz. Dediniz ki, xaricdən də Azərbaycana hansısa təhlükə gözlənilirdi. Yəni, təhlükə o qədər ciddi idi ki, hökumət seçkilərin zamanını 6 ay qabağa çəkdi?

- Bəli. Siz fikir vermişdinizsə, keçən seçki öncəsi Rusiyada "Milyarderlər İttifaqı" adlı qurum yaradıldı. Hamı da bilirdi ki, o qurumda təmsil olunan insanların əksəriyyətinin bizim Prezidentlə şəxsi münasibətləri vardı. Onlardan bəzilərinin, ümumiyyətlə, ictimai-siyasi fəaliyyəti yox idi. O adamlar könüllü olaraq heç vaxt eyni qurum ətrafında birləşməzdilər.

Üstəlik, həmin qurum, guya, Rusiyada yaşayan azərbaycanlıların problemləriylə məşğul olmağı qarşısına məqsəd qoymuşdu. Halbuki, o adamların əksəriyyətinin indiyə qədər elə bir qayğılarının olmadığı da bəlli idi. Aydın şəkildə görsənirdi ki, bu qruplaşmanın arxasında başqa niyyətlər var. Məqsəd onlar vasitəsilə Azərbaycana təzyiq etmək idi.

Soruşa bilərsiniz ki, bənzər proseslərin bu seçki ərəfəsində də baş verəcəyini hardan bilirsiniz?

Bu suala cavab olaraq, adicə bir misal çəkim; son zamanlar, xüsusilə növbədənkənar seçki elanının ardınca sosial şəbəkələrdə necə iyrənc bir kampaniyanın başladıldığından, yəqin ki, sizin də xəbəriniz var. Hökumət nümayəndələrinə, onlar kimi düşünməyən ayrı-ayrı şəxslərə qarşı təhqiramiz söyüş kampaniyası aparılır. Çox aydın sezilir ki, bu iyrənc kampaniya vahid bir mərkəzdən idarə olunur. Üstəlik, bu iyrənc kampaniyanı aparanların da ümumiyyətlə siyasətə dəxli yoxdur. Yəni biri var, Azərbaycanda siyasətlə məşğul olub, təzyiqlərə məruz qalasan, istədiklərini ala bilməyəsən, biri də var, ümumiyyətlə təsadüfi adam olasan. Bu iyrənc kampaniyanı aparanların böyük əksəriyyəti təsadüfi adamlardır. Və bu adamlar birdən-birə xaricdən ləyaqətsiz formada hücum kampaniyası aparırlar. Hesab edirəm ki, seçkilər payızda keçirilsəydi, bu hücumlar daha kəskin xarakter alacaqdı. Hətta bəlkə başqa təxribatlar da, planlar da hazırlanmışdı. Azərbaycan hakimiyyəti növbədənkənar seçkilərə getməklə faktiki olaraq, bu təxribatçıları da hazırlıqsız yaxaladı. Xarici kəşfiyyat orqanlarının hazırladıqları təxribatların bir çoxunun qarşısı alındı. Onların da təhqir kampaniyasından başqa heç bir imkanları qalmadı.

Qaldı ki xarici kəşfiyyatın əlində maşaya çevrilən ləyaqətsiz adamların fəaliyyətinə, hesab edirəm ki, bu əxlaqsız kampaniya, xüsusilə siyasi mübarizənin ailə müstəvisinə keçirilməsi Azərbaycanın siyasi atmosferini eybəcərləşdirmək istəyən düşmənlərin işinə yarayır. Qərbdə də ölkəmizi istəməyən xeyli qüvvələr var və onlar yaxşı anlayırlar ki, Azərbaycan nə qədər Avropaya inteqrasiya xətti tutsa da, Şərq mentalitetinin daşıyıcısıdır. İslam dinin müqəddəs dəyərləri bizim mentalitetimizin formalaşmasında mühüm rol oynayıb. Bu mentalitetdə ailə dəyərlərinə böyük əhəmiyyət verilir. Xarici kəşfiyyat orqanları da məhz bu damarımızdan istifadə edərək, Azərbaycan siyasi hakimiyyətini çətin vəziyyətdə qoymaq, nüfuzdan salmaq istəyirlər. Onların bu siyasətinin alətinə çevrilənlər isə öz ləyaqətsiz davranışlarıyla düşmən dəyirmanına su tökürlər. Nəticədə Azərbaycanda siyasi atmosferi korlanmaqla yanaşı, həm də mənəvi dəyərləri dağıtmaq istəyirlər.

- Haqlısınız. Amma gəlin razılaşaq ki, bu təhqir kampaniyasını yürüdənlər təkcə hakimiyyətdən narazı qüvvələr də deyil. Hakimiyyətin özü də zaman-zaman müxaliflərinə qarşı eyni metoddan istifadə edir. Sizə elə gəlmir ki, Sizin kimi orta yol tutan siyasilərdən biri çıxıb bütün tərəfləri ləyaqətli mübarizə müstəvisinə dəvət etməli və bu istiqamətdə bütün səylərini əsirgəməməlidir?

- Mən dəfələrlə bu təşəbbüslə çıxış etmişəm. Məsələn, bu yaxınlarda verdiyim müsahibələrimdən birində demişdim ki, hazırda əxlaqlı siyasətdən danışan insanlar həmin o söyüş söyən, ləyaqətsiz yol tutan, cəmiyyətin “tualet böcəkləri” adlandırdığı ünsürlərlə aralarına məsafə qoymalıdırlar. Mən sizin də saytınız vasitəsilə bir daha bəyan edirəm ki, heç vaxt ən rəzil və şərəfini itirmiş birisinin belə ailəsi üzərindən siyasi mübarizədə iştirak etməmişəm və bu cür ləyaqətsiz yol tutanların mənim yanımda yeri olmayıb və olmayacaq da – nə dünən, nə indi, nə də gələcəkdə. İstərdim ki, bu sözü Əli Kərimli, İsa Qəmbər və digərləri də bəyan etsinlər. Məhz bu zaman həmin söyüş kampaniyası aparanları cəmiyyətdən təcrid edə bilərik. Onlar ictimai qınaqla üzləşdiklərindən islah olunarlar. Anlayarlar ki, hətta hakimiyyət dəyişilsə belə, onların yeni iqtidar komandasında yeri olmayacaq və ləyaqətsiz adamları heç bir düşərgə qəbul etməyəcək.

Amma gördüyünüz kimi, heç biri açıq şəkildə bu cür bəyanat vermirlər, “tualet böcəkləri ilə arada heç bir məsafə saxlamırlar. Niyə? Çünki rəqiblərinə qarşı aparılan bu mübarizəni özlərinin maraqlarına uyğun hesab edirlər. Bu ləyaqətsiz qarşıdurmalardan faydalanmaq istəyənlərə üzümü tutub deyirəm ki, cəmiyyətdə mənəvi abu-hava çirklənərsə, bundan hamı zərər görər. Çirkli cəmiyyətdə sən təmiz gəzə bilməzsən. Hamı kimi, sən də bu çirkaba bulaşacaqsan. Bu həm də hakimiyyətin daha sərt siyasət yürütməsinə gətirib çıxaracaq. Əhali də bu sərt dəsti-xətti dəstəkləyəcək. Bunu da sizin saytınız vasitəsilə bəyan etmək istəyirəm. Təhqiramiz kampaniyalar demokratiyaya heç bir töhfə verə bilməz. Çünki demokartik mühitin formalaşması üçün alternativ fikirlər səsləndirilməlidir.Bütün keyfiyyətlərin ilə rəqiblərindən üstün olduğunu göstərməlisən. Ləyaqətsiz kampaniya aparanlar isə heç bir alternativ düşüncə ortaya qoymur, ancaq söyüş yağdırırlar. Normal insanlar da düşünürlər ki, ilahi, bu əxlaqsız insanlar, “tualet böcəkləri” hakimiyyət orqanlarına doluşsalar, Azərbaycanın axırı necə olacaq.

Sən bu hökumətdən narazı ola bilərsən, haqsızlıqlarını, qanunsuzluqlarını da görə bilərsən. Amma bu sənə o haqqı vermir ki, etiraz etmək əvəzinə təhqir yağdırasan. Siz uzun illər ölkənin ictimai-siyasi həyatında yer almış jurnalistsiniz, sizdən soruşuram: harda görünüb ki, qanunsuzluğa qarşı əxlaqsız mübarizə aparasan və qalib gələsən?

- Təbii, əxlaqsız mübarizə metodu siyasi yol deyil. Hər yol öz hədəfinə doğru gedərsə mənzilə aparıb çıxarar. Siyasi mübarizə də siyasi müstəvidə olmalıdır. Amma bir məsələ də var. Hakimiyyət də gərək müxaliflərə qarşı mübarizədə nəzakət çərçivəsini qorusun. Zaman-zaman müxaliflərin, o cümlədən Əli Kərimlinin də üzərinə ailə müstəvisindən hücuma keçilir…

- Mən heç kimə qarşı əxlaqsız kampaniyanı müdafiə etməmişəm və etmirəm. Amma qarşı tərəfdən hansısa qanunsuzluq baş verirsə, bu sənin də eyni qanunsuzluğu ondan da kobud formada davam etdirməyinə əsas ola bilməz. Belə deyək, bir adam sənin ailə üzvlərini ağır şəkildə təhqir edib. Sən də onun səviyyəsinə düşüb heç bir günahı olmayan qadınlar haqqında əxlaqsız sözlər danışmalısan?

- Təbii, olmaz.

- Söhbət bundan gedir. Söhbət həm də ondan gedir ki, bu ləyaqətsiz mübarizə metodu casusluq fəaliyyətilə əlaqədar ola bilər. Ölkənin hüquq-mühafizə orqanları ilə yanaşı, ictimai xadimləri də bu fəaliyyətə qarşı mövqelərini ortaya qoymalıdırlar. Çünki, söhbət təkcə hansısa hakim zümrəyə mənsub insanların şəxsindən yox, həm də dövlətimizin təhlükəsizliyindən gedir. Açıq deyəcəyəm; məncə, bu ləyaqətsiz mübarizə metodunu seçənlər bəlkə də xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa elə pis formada cəlb olunublar ki, ailələrini düşünmədən bu addımı atmağa məhkumdurlar. Bəlkə də haqlarında elə materiallar var ki, yayımlansa, başlarına güllə sıxmalıdırlar. Görünür, onlar da ölümdənsə, şərəfsiz yaşamağa üstünlük verirlər.

Düşünürəm ki, istər hökumət içərisindən olsun, istərsə də müxalifət düşərgəsindən, kimlər ki bu kampaniyaya dəstək verirlərsə, bir daha cəmiyyətimizin hara getdiyi barədə oturub ciddi-ciddi düşünməlidirlər. Bu kampaniyaya son verilməlidir. Siyasi mübarizə siyasi metodlarla aparılmalıdır. Kimlərsə, mümkündür ki, bu metodlarla ədalətli, demokratik cəmiyyət qurula biləcəyini düşünürlər. Ancaq bu kampaniya cəmiyyətimizi əks istiqamətə sürükləyir. Bizi hədəflərdən daha da yayındırır, hakimiyyətin sərt siyasi xətt yürütməsinin önünü açır, ən əsası isə bu siyasətə xalqın dəstəyini təmin edir.

Fikrimcə, hökumət üzvləri də bu cür əxlaqsız mübarizə metoduna eyni qaydada cavab verməməlidir. Çörçilin məşhur bir sözü var, deyir ki, “dayanıb yol kənarından sənə hürən hər itə daş atsan , mənzil başına gedib çata bilməzsən”. Çünki başın it qovalamağa qarışar.

- Qüdrət bəy, bu çirkin kampaniya ilə bərabər cəmiyyətimizdə ortaya çıxan bir tendensiya da narahatlıq doğurur. Bəzən görürsən ki, “tualet böcəkləri” adlandırılan adamların bu hərəkətlərinə görə valideynləri, qohum-əqrəbaları məsuliyyətə cəlb edilirlər. Bəs, bu nə dərəcədə qanunidir?

Azərbaycan qanunvericiliyinə görə, cəza fərdi xarakter daşıyır. Heç kim ailə üzvünün qanunsuz əməllərinə hüquq müstəvisində cavabdeh deyil. Amma onun mənəvi məsuliyyətini də inkar edə bilmərik. Hər kəsin ailəsinin hər hansı üzvü ailəni rüsvay edən, ona başucalığı gətirməyən bir əməl törətsə, ailə üzvləri ona adekvat addımlar atır və o ləkəni yumaq istəyir. Görürsən ki, bu əməli törədənlərin yaxınları baş verənlərə görə öz qohumlarından imtina edirlər. Bəzi müxaliflər isə bunu başqa amillərlə, hakimiyyətin təzyiqiylə əsaslandırır. Nəticədə ləyaqətsiz adamlara sanki qahmar çıxılır. Zənnimcə, bu məsələyə də diqqət yetirilməli, öz vicdanlarının səsinə qulaq asanlara ictimai təzyiq göstərilməməlidir. Eyni zamanda onların hüquqi cəhətdən günahkar olmadıqları da qəbul edilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər