Söküntüsü aparılan evlərin sahiblərinə kompensasiya verilərkən son illər ölkədəki devalvasiya nəzərə alınmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Elmira Axundova Milli Məclisdə hökümətin 2017-ci il hesabatı ilə bağlı çıxış edərkən deyib.
Millət vəkili bildirib ki, ötən il bir sıra problemlər həll edilsə də, dövlət tərəfindən söküntüsü aparılan evlərin sahiblərinə hələ də kvadrata görə 1500 manat verilir. Millət vəkili hazırkı durumda bunun yetərli olmadığını deyib:
“Bilirsiniz ki, həmin evlərin əksəriyyətinin sahəsi çox kiçikdir. Buna görə də ödənilən kompensasiya yeni ev almaq üçün yetərli olmur. Təklif edərdim ki, həmin evlərin sahiblərinə yeni tikilən binalardan mənzil verilsin. Bildiyim qədər, dövlət tərəfindən tikilən bu binalarda təmilə birlikdə 1 kv metr 500 manata başa gəlir. Hesab edirəm ki, sahəsi az olan evlərin sahiblərinə verilən kompensasiyanın məbləği 2 min manata çatdırılsa, yaxşı olar”.