Rusiya, Türkiyə və İran uzun müddətdir ki, Suriyada vəziyyətin sabitləşməsi və problemin həlli üçün birgə addımlar atır. Bu, Astanada başlayan prosesin davamıdır. Üç dövlətin əməkdaşlığı nəticəsində Suriyanın müəyyən ərazilərində təhlükəsiz bölgələr yaradılıb.
Bu fikirləri Teleqraf.com-a siyasi şərhçi, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov bu gün Ankarada baş tutan Ərdoğan, Putin, Ruhani görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyənin son dövrlər “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatı da bu üç ölkənin birgə razılaşmasının nəticəsi kimi ortaya çıxıb:
“Bu baxımdan Ankarada keçirilən Türkiyə, İran və Rusiya liderlərinin görüşü olduqca əhəmiyyətlidir. Üstəlik bu dövlətlərdən Türkiyə və İran regionun aparıcı dövlətləridir. Rusiyanın isə regionla yaxın əməkdaşlığı olub. Bu üç dövlətin Suriyanın müəyyən ərazilərində gərginliyin azaldılmasında fəaliyyəti ola bilər. Amma bunu bütövlükdə Suriya ərazilərinə şamil etmək olmaz”.
Oqtay Qasımov xatırladıb ki, Suriyada həm marağı, həm də ərazidə silahlı qüvvələri olan digər dövlətlər qrupu da mövcuddur:
“Söhbət ABŞ liderliyində qurulan koalisiya qüvvələrindən gedir. ABŞ-ın əsasən, Suriyanın şimal-şərqində və cənub-şərqində hərbi qüvvələri var. Bunlar Suriya Demokratik Qüvvələri adı altında əsasən, PKK terror təşkilatının Suriya qolundan formalaşdırılıb. ABŞ məhz bu qüvvələr vasitəsilə Suriyadakı əraziləri nəzarətdə saxlayır. Bu mənada Suriyada məsələnin tezliklə həll ediləcəyi və gərginliyin azalacağını söyləmək tezdir. Çünki ABŞ-ın Suriya siyasəti aydın deyil. Vaşinqtondan gələn açıqlamalarda Suriya ilə bağlı ikili mövqe özünü göstərir. ABŞ Prezidenti Tramp bildirir ki, ordusunu Suriyadan çıxaracaq. Amma Pentaqon prezidentin dediyinin əksinə fəaliyyət göstərir. Bildirir ki, yaxın günlərdə yüzlərlə ABŞ əsgərini Suriya ərazisinə yerləşdiriləcək və hərbi baza quracaqlar. Bəzi məlumatlara görə, Fransa hökuməti də yüzə yaxın hərbçisini YPG-nin nəzarətində olan Suriyanın şərq hissəsinə yerləşdirir. Bu o deməkdir ki, Suriya oyununda kartlar yenidən paylanmağa başlayıb”.
Müsahibimiz əlavə edib ki, hazırda Suriyada iki tərəf var:
“Bu tərəflərdən biri Suriyanın ərazi bütövlüyünün qorunması və saxlanılmasının tərəfdarıdır. Bunlar Türkiyə, Rusiya və İrandır. İkinci tərəf isə Suriyanın bölünməsini və bölünən nəzarətsiz ərazilərdə özlərinə uyğun 5 dövlətin yaradılmasına çalışan qüvvələrdir. Bunu da ABŞ istəyir. Bu prosesi isə YPG/PYD/PKK həyata keçirir. Baxmayaraq ki, kürdlər ümumilikdə Suriya əhalisinin 8 faizini təşkil edir, amma ABŞ-ın dəstəklədiyi bu terror təşkilatları Suriya ərazisinin 30 faizinə nəzarət edirlər. Suriya təbii ehtiyatlarının 50 faizini də məhz bu terror təşkilatları nəzarətə alıb. Bu da ABŞ-ın dəstəyi ilə olan prosesdir. ABŞ da bu niyyətindən əl çəkdiyini ortaya qoymur. Bu mənada Ankarada baş tutan görüş əhəmiyyətlidir və Suriya probleminin həllində bir addım ola bilər. Amma bu, bütövlükdə Suriya probleminin həlli deyil. Nəzərə almaq lazımdır ki, Suriyada iki qlobal güc üz-üzə gəlib. Bu qlobal qüvvələr arasında anlaşma və razılıq olmadan Suriyaya dinclik gəlməyəcək”.