Milli Məclisin sədri Oqtay Əsədov Rusiyanın “Vestnik Kafkaza” nəşrinə müsahibə verib. O, Rusiya və Azərbaycan parlamentləri arasındakı əlaqələr haqda sualları cavablandırıb.
Teleqraf.com həmin müsahibəni təqdim edir:
- 11 aprel Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, İlham Əliyev yüksək səs faizi ilə rəqiblərini geridə qoydu. Seçkilərin gedişatını 900-dən çox müşahidəçi izlədi. Müşahidəçilər arasında Rusiya nümayəndə heyətinin çox sayda üzvü vardı. Rusiya və Azərbaycan parlamentləri arasında əməkdaşlıq necə qurulub?
- Azərbaycan Milli Məclisi Federal Məclislə çox sıx münasibət qurur. Rusiya parlamentinin hər iki palatası ilə Dostluq Qrupu fəaliyyət göstərir. Həmçinin ikitərəfli komissiya yaradılıb. Komissiyanın iclası ildə bir dəfə keçirilir. Rusiya tərəfindən komissiyaya İlyas Umaxanov, bizim tərəfimizdən isə vitse-spiker Valeh Ələsgərov rəhbərlik edir.
Onlar qlobal məsələləri həll etmək üçün hökumətlərlə çox səmərəli işlər görürlər. Rusiya və Azərbaycan parlamentariləri bütün beynəlxalq parlament təşkilatlarında bir platformadan çıxış edərək, strateji tərəfdaşlıq nümayiş etdirirlər. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının sonuncu iclasında Azərbaycan Rusiyanın təklifini dəstəkləyən 6 ölkədən biri olub. Bu bizim münasibətlərimizi göstərən formatdır.
- Əlaqələrimizin tarixi böyükdür. Ötən əsrin əvvəllərində azərbaycanlılar Dövlət Dumasının birinci və ikinci çağırışlarının iclaslarında iştirak etmişdilər.
- Bəli. Dumanın birinci çağırışında müsəlman fraksiyasına azərbaycanlı deputat Əlimərdan bəy Topçubaşov rəhbərlik edirdi. İndi onun abidəsi Tauride sarayındadır. Birinci çağırışda 6, ikincidə isə 8 azərbaycanlı deputat var idi.
Azərbaycan 100 ilə yaxın Rusiya çarlığının, 70 il SSRİ-nin tərkibində olub. İndi Azərbaycan müstəqil ölkədir, prezidentlər səviyyəsində olduğu kimi, parlamentlər səviyyəsində də yaxşı əlaqələr saxlanılır. Biz bunu yüksək qiymətləndiririk. Bizim strateji əməkdaşlığımızı heç nə poza bilməz.
- Bu gün parlament diplomatiyası Rusiya-Azərbaycan əlaqələrinə necə təsir göstərir?
- Bir neçə il əvvəl Rusiyanın ATƏT-də səsvermə hüququndan məhrum edilməsi zamanı Azərbaycan buna qarşı çıxmışdı. Rusiya-Azərbaycan əlaqələri dərin köklərə sahibdir. SSRİ-nin dağılmasına baxmayaraq, Azərbaycanda rus dilinə böyük hörmət var. Azərbaycanda 200 məktəbdə rus dili fənni tədris edilir, 100 məktəbdə xüsusi rus sektorları mövcuddur. Universitetlərdə də rus dilini tədris edirlər. Moskva Dövlət və Seçenov adına Tibb universitetlərinin Bakıda filialları açılıb. Azərbaycanda 120 mindən çox rus yaşayır. Biz qlobal dünyada bir-birimizi dəstəkləməliyik, axı biz strateji tərəfdaşıq.
- Azərbaycan dərin tolerantlıq ənənələri olan çoxmillətli bir ölkədir. Sizin fikrinizcə, uğurun sirri nədədir?
- Azərbaycan multikulturalizm, millətlərarası və dinlərarası münasibətlərə çox böyük diqqət yetirir. Biz bütün dinlərdən bəhrələnirik. Burada pravoslav və katolik kilsələri, 6 sinaqoq var.
- 2018-ci ildə Azərbaycanda bir neçə yubiley tədbiri, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi keçiriləcək. Respublikada parlamentarizmin ənənələri necədir?
- Bizim fikrimizcə, parlamentarizm parlament demokratiyası, parlament diplomatiyası, xalqların yaxınlaşması deməkdir.
- Bu il Heydər Əliyevin 95 illik yubileyi də keçiriləcək...
- Heydər Əliyev bizim ümummilli liderimizdir. O olmasaydı, Azərbaycan viran qalardı. Onun qayıtması ilə ölkə ayaq üstə dayana bildi. Məhz Heydər Əliyevin sayəsində Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoydu.