Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında mərhum prezident Əbülfəz Elçibəyin xatirəsinə həsr olunan tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən KXCP funksioneri Oqtay Gülalıyev deyib ki, 1992-ci ilin 7 iyununda Əbülfəz Elçibəy 59 faiz səslə prezident seçilib.
Onun sözlərinə görə, Elçibəyin hakimiyyəti dövründə Rusiya hərbi hissələri Azərbaycandan çıxarılıb, test sistemi gətirilib:
“Təəssüflər olsun ki, bir il sonra Əbülfəz Elçibəy silahlı qiyamla devrilib. Biz təklif edirik ki, 7 iyunu Azərbaycanda demokratiya günü kimi qeyd edəcək. Elçibəyin 80 illik yubileyidir. Biz hesab edirik ki, bu gün keçirilən tədbirimiz yubiley tədbirlərinin davamıdır”.
Sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirib ki, 1992-ci ildə Əbülfəz Elçibəy ona seçkilərə müdaxilə etməməyi tapşırıb:
“Bizə dedi ki, siz polissiniz, seçki prosesində heç bir halda iştirak edə bilmərsiniz. Beləcə biz seçkilərdə ancaq ictimai-asayişi təmin etdik. Seçkidən sonra bizim nazirliyə bir şikayət belə daxil olmamışdı. Seçkilərdə iştirak edənlərə hər cür şərait yaradılmışdı. Mən sizi inandırıram ki, o dövrdə biz özümüz Əbülfəz Elçibəyin əleyhinə iş aparsaydıq belə xalq onu seçəcəkdi. Çünki insanlar arasında etalon siyasətçi idi”.
KXCP funksioneri Bəybala Əbil bildirib ki, Elçibəy hakimiyyətə gələndə ölkənin daxili və xarici borcları olsa da, hakimiyyətdən gedəndə dövlətin borcu olmayıb:
“1992-ci il prezident seçkilərdin komissiya sədri idim. Namizədlər Rafiq Turabxanoğlu, Əbülfəz Elçibəy, İlyas İsmayılov, Yaqub Məmmədov və Nizami Süleymanov idi. Təsəvvür edin ki, dövlət aparatı o zaman bizi məcbur edirdi ki, seçkini saxtalaşdıraq və Elçibəyi 90 faizlə qalib elan edək. Biz bunu rədd etdik. Bizim dairədə 34 min seçici var idi. Təsəvvür edin ki, Əbülfəz Elçibəy bu dairədə 50 faizdən bir qədər çox səs aldı. Bu çox demokratik seçki idi. Xalq demokratiyaya hazır olduğunu göstərirdi. Həmin seçkilərdə 59 faiz səslə prezident Əbülfəz Elçibəy seçildi”.
Oqtay Qasımovda bildirib ki, Əbülfəz Elçibəy demokratik seçkilərdə qalib gələrək prezident seçilib. Onun sözlərinə görə, 1988-ci ildə başlayan milli azadlıq hərəkatı artıq 1992-ci ildə müəyyən mərhələyə çatmışdı. Bu seçkilərdə qələbəni təmin edən faktor idi. Bu seçkilərdə Elçibəyin qələbəsi heç bir şübhə doğurmadı.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə deyib ki, bu gün insanları Elçibəy günü, Elçibəy ruhu bir araya gətirib:
“Biz istəsək bir araya gələ bilərik. Bu günün adını KXCP demokratiya günü kimi təqdim edir. Bizim keçmişimizlə bağlı məsələlərə baxanda bu günümüzə və gələcəyimizə də baxmalıyıq. Hesab edirəm ki, biz gördüklərimizi, bildiklərimizi tətbiq etməliyik. 1992-cü ilin martında parlamentdə böyük müzakirələr gedirdi ki, təcili seçkilər keçirilsin. Həmin zaman Elmira Qafarova istefaya getmişdi, Yaqub Məmmədov yenicə sədr seçilmişdi. Ancaq bizim çıxışlarımızdan 17 dəqiqədən sonra Yaqub Məmmədov istefaya getdi. Bu heç yerdə deyilməyib. Mandatı olmasa da, Elçibəy təklif etdi ki, etimad hökuməti yaradaq. Yoxa indi seçki haqqında qanun qəbul edəcəyik, 3 aydan sonra seçki keçirəcəyik, bir ildən sonra da seçdiyimizi yıxacağıq. Bunlar həyatda baş verdi. Cavad xandan sonra Azərbaycan torpaqlarından rus ordusu çıxarılmışdı. Bunu Elçibəy öz taleyini riskə qoyaraq həyata keçirdi. Biz təşkilat, elçibəyçi olaraq hər ilin 7 iyununu qeyd edirik”.