8 İyun 2018 13:30
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir. O, diplomatik praktikaya uyğun olaraq etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova, etimadnamənin özünü isə Prezident İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Teleqraf.com yeni səfirin tərcümeyi-halından bəzi məqamları oxucuların diqqətinə çatdırır.

Mixail Nikolayeviç Boçarnikov 6 mart 1948-ci ildə Moskva şəhərində anadan olub. SSRİ Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Qeyd edək ki, bu institut sovetlər dönəmində, elə indi də keçmiş ittifaq məkanında rusca abreviaturası – MQİMO (Moskovskiy Qosudarstvennıy İnstitut Mejdunarodnıx Otnoşeniy) ilə məşhurdur. İnstitut SSRİ-də uzun illər diplomatların hazırlanması üçün yeganə ali təhsil müəssisəsi rolunu yerinə yetirib. Boçarnikov bu institutdan 1971-ci ildə məzun olub.

Gənc diplomat ali məktəbi bitirdikdən sonra təyinatla SSRİ Xarici İşlər Nazirliyinə göndərilir. Nazirliyin aparatında və xaricdə müxtəlif vəzifələrdə çalışır. 1990-cı ildən 1992-ci ilədək SSRİ-nin, daha sonra Rusiyanın Zimbabve Respublikasında səfirliyində müşavir-elçi vəzifəsini yerinə yetirir. 1992-ci ildə Zambiyaya səfir təyin olunur. Bu vəzifədə 4 il çalışdıqdan sonra – 1996-cı ildə Rusiya XİN-in Afrika departamentinin direktoru vəzifəsinə gətirilir. Diplomat bu vəzifədə 3 il çalışır.

M.Boçarnikov 1999-cu ildən 2003-cü ilədək Rusiyanın Yunanıstanda səfiri işləyir. 2003-cü ilin dekabrında Rusiya XİN-in Xüsusi tapşırıqlar üzrə səfirlər qrupunda xüsusi tapşırıqlar üzrə səfir vəzifəsinə gətirilir. Rusiya prezidentinin 14 noyabr 2006-cı il tarxili fərmanı ilə Qazaxıstana səfir təyin olunur. M.Boçarnikov bu vəzifədə 12 il çalışdıqdan sonra Rusiya prezidenti bu il mayın 29-da onu Azərbaycana səfir təyin edir.

M.Boçarnikov 16 aprel 1997-ci ildən fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. İngilis, fransız və amhar dilini (Amhar dili Efiopiyanın dövlət dili olmaqla Afrikanın bir sıra digər ölkələrində də işlədilir) bilir. Rusiyanın və xarici ölkələrin bir sıra dövlət mükafatları ilə təltif olunub. Onların arasında 2008-ci ildə layiq görüldüyü I dərəcəli “Vətənə xidmətlərə görə” ordeni, “İgidlik” ordeni, “Dostluq” ordeni, “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” medalı var.

M.Boçarnikov evlidir, bir qızı var.


Müəllif: Səxavət

Oxşar xəbərlər