ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin üzvü, Demokratlar Partiyasından Texas ştatını təmsil edən Yucin Qrin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı bəyanat verib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, konqresmen qeyd edib ki, ilk müstəqilliyin qısa olmasına və ona Rusiyanın 1920-ci il işğalı nəticəsində son qoyulmasına baxmayaraq, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində yenidən müstəqil dövlət kimi formalaşıb və o zamandan etibarən ABŞ-ın Cənubi Qafqazda əhəmiyyətli müttəfiqi olmaqda davam edir.
Konqresmen diqqətə çatdırır ki, təmsil etdiyi Hyuston kimi, Azərbaycanın dərin təsir bağışlayan iqtisadi inkişafı neft və qaz sənayesi ilə bağlıdır və sözügedən sənayenin təkamülü ölkənin formalaşmasına təsir edib.
Azərbaycanın dünyəvi müsəlman ölkə kimi qadınlara bərabər siyasi hüquqların verilməsində ilk dövlətlərdən olduğu, 1918-ci ildə qadınları səsvermə hüququ ilə təmin edən ilk müsəlman dövlət kimi formalaşdığı qeyd olunur.
11 sentyabr hadisələrindən sonra, Azərbaycanın ABŞ-la terrorçuluqla mübarizə sahəsində vacib tərəfdaş olduğu, beynəlxalq terrorçuluqla mübarizə koalisiyasında iştirak etdiyi, habelə ABŞ-ın Əfqanıstanda, Balkan yarımadasında və İraqda rəhbərlik etdiyi hərbi səylərə dəstək vermək məqsədilə öz qüvvələrini göndərdiyi xüsusi vurğulanır.
Konqresmen Qrin bəyanatda bildirir ki, Azərbaycan qlobal təhlükəsizliyin və dünya miqyasında diplomatik əməkdaşlığın tərəqqisi üçün əhəmiyyətli dövlətlərdəndir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusa, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyə sahiblənib, ATƏT və NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının üzvüdür.