13 İyun 2018 12:36
2 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Dağlıq Qarabağ separatçıları arasında vəziyyət gərginləşəndə keçmiş Prezident Serj Sərkisyan bir neçə şəxsə müraciət ünvanladı. İndiki Prezident Armen Sərkisyan da həmin şəxslərin arasında idi. Həmin müraciətlərdə Qarabağda baş verənlərin Ermənistanın taleyinə təsir göstərə biləcəyi xəbərdarlıqları yer almışdı.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq hesab edir ki, Serj Sərkisyan separatçı rejim və onun işğalçı qoşunlarına qarşı baş verən proseslərdən ciddi narahatlıq keçirir:

“Sərkisyan indiki şəraitdə Qarabağdakı qarşıdurma və ziddiyyətlərin Ermənistanın işğalçı siyasətinə zərbə vuracağını düşünür. Bu baxımdan, hesab edirəm ki, Armen Sərkisyan separatçı rejimlə danışıqlar aparmaq üçün Qarabağa gəlib.

Digər yandan məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanda səfərdədirlər. Bu səfər həm də separatçı rejimin təlimatlandırılması ilə bağlıdır. Bu təlimatların nədən ibarət olduğu və arxasında hansı məqamların dayandığını müəyyənləşdirmək çətindir. Bu təlimatların içində Nikol Paşinyanın da iddia etdiyi kimi, separatçı rejimin danışıqlar prosesində “tərəf” kimi iştirak etməsilə bağlıdırmı, yoxsa digər məqamlarla bağlı – bunu zaman göstərəcək.

Lakin Paşinyan və Serj Sərkisyan arasında Qarabağ məsələsi ilə bağlı ciddi ziddiyyətlərin olduğunu düşünmürəm. Çox güman ki, onlar bu məsələ ilə bağlı müəyyən formada koordinasiyalı fəaliyyətin içindədirlər”.

Qeyd edək ki, Ermənistanın Prezidenti Armen Sərkisyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, burada separatçıların liderləri ilə görüşüb.

Onu da əlavə edək ki, bir müddət əvvəl Ermənistan KİV-də Nikol Paşinyanın Qarabağda separatçı rejimə qarşı qiyam hazırlaması ilə bağlı məlumatlar yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər