25 İyun 2018 18:33
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilər başa çatıb. “Cümhuriyyət bloku”nda birləşən AKP və MHP böyük uğur qazanıb. Həm parlament, həm də prezident seçkilərində üstünlük əldə ediblər. Beləliklə, Ərdoğan yenidən, amma birbaşa seçkilər yolu ilə ölkənin prezidenti seçilib.

Parlamentdə yerlərin əksəriyyətini “Cümhuriyyət bloku” qazanıb. Bu faktiki olaraq prezidentə işləmək üçün normal şərait yaradacaq. Başqa sözlə, gündəmdə parlament-prezident qarşıdurması olmayacaq.

Bu fikirləri Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

Politoloq bildirib ki, Ərdoğanın yenidən prezident seçilməsi Azərbaycanın strateji maraqlarına uyğundur:

“Ərdoğan dövründə formalaşan və oturuşan Azərbaycan-Türkiyə münasibətləri var. Bu münasibətlər normal işləyir və Azərbaycanın xeyrinədir. Həm hərbi sahədə, həm də ticarət sahəsində münasibətlər irəliyə gedir. Gələcəkdə yeni məqamların olması ciddi perspektivlər aça bilər. Gündəmdə Azərbaycanla Türkiyə arasında hərbi sazişin imzalanması ola bilər. Bəzi ekspertlər daha irəli gedərək deyirlər ki, hətta bir növ konfederasiyanı xatırladan ittifaq müqaviləsi də imzalana bilər. Bu, Türkiyə-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldıra bilər. Mən Ərdoğanın seçilməsi ilə Bakı-Ankara münasibətlərinin daha da inkişaf edəcəyi qənaətindəyəm”.

Türkiyədə seçkilərdə müxalifətin mövqeyinə gəlincə, politoloq deyib ki, müxalifət yaxşı işləyib:

“Müxalifət çoxsaylı mitinqlər keçirdi, əhali ilə ciddi işlədi. İlk dəfə idi ki, müxalifət siyasi inteqrasiya yoluna qədəm qoydu. Prezident seçkilərinə ayrı gedilsə də, ikinci turda əməkdaşlıq razılaşdırıldı. Amma seçkilərin II turu olmadığından siyasi inteqrasiya və əməkdaşlıq dayandırılır. Açığı, indi müxalifət seçkilərin nəticələrini qəbul etmir, onu legitim saymır. Müxalifətə görə, seçkilərə hiylə qatılıb. Bunun üçün müxtəlif əsaslar gətirilir. Məsələn, CHP namizədi İncə Ərdoğandan daha çox mitinq keçirib, onun mitinqləri İzmirdə və İstanbulda daha möhtəşəm alınıb. Daha bir iddiaya görə, İzmir mitinqində 3, İstanbul mitinqində 2 milyon insan iştirak edib. Amma rəsmi orqanlar bu iddianı təsdiq etmir. Üstəlik müxalifət deyir ki, suriyalı 1 milyon qaçqın Türkiyədə vətəndaşlıq əldə etdikdən sonra onların səsi seçkilərdə Ərdoğanın xeyrinə hesablanır. Eləcə də ordunun səsinin “Cümhuriyyət bloku”na getdiyi deyilir. Ordunun sayının 1,6 milyon olduğunu hesab etsək, müxalifət orduda 1,2 milyonun səsinin Ərdoğana getməsini maniplyasiya kimi qiymətləndirir. Üstəlik müxalifət Türkiyədə MSK-nın manipluyasiyalara getməsi haqda iddialar irəli sürür. Ancaq bütün bunlarla bərabər seçki başa çatıb, onun nəticələri elan edilib. Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq etdikdən sonra yeni seçilən prezidentin inauqurasiya mərasimi keçiriləcək. Bütün bunlar deməyə əsas verir ki, seçkilər Türkiyə tarixində yeni sistemə keçidin əsasını qoyacaq”.


Müəllif: Cavad