Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında görüşün keçirilməsi müsbət haldır. Müharibə təkcə səngərlərdə getmir, həm diplomatik, həm də diaspor təşkilatları səviyyəsində davam edir. Azərbaycan güclü dövlətə çevrilməkdədir, qüdrətli ordumuz var, güc nümayiş etdirməklə Ermənistanı danışıqlar masasına əyləşdirməliyik.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Arzu Nağıyev Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sabah Brüsseldə keçiriləcək görüş barədə danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandakı hakimiyyət dəyişikliyindən əvvəl də, sonra da öz mövqeyini birmənalı şəkildə ortaya qoyub: “Dövlətimiz həmişə suverenliyin qorunması, BMT-nin qətnamələrinin yerinə yetirilməsi, qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini bəyan edib. Artıq Ermənistan tərəfi öz cavabını verməlidir. Azərbaycan öz ərazi bütövlüyündən heç vaxt imtina etməyəcək və öz ərazisində ikinci bir dövlətin yaranmasına imkan verməyəcək”.
Separatçı rejimin üçüncü tərəf kimi danışıqlarda iştirakı ilə bağlı Paşinyanın çıxışını xatırladan Arzu Nağıyevin fikrincə, bu, Ermənistandakı parlament seçkilərinə hesablanıb: “Seçkilərdə ən mühüm kart Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlıdır. Söhbət Qarabağda daxili qoşunların yerləşdirilməsi, çağırışçıların hərbi xidmətə çağırılması məsələsindən gedir. Paşinyan parlament seçkilərində nəyin bahasına olursa olsun, Serj Sərkisyanın Respublika Partiyası üzərində qələbə çalmağı düşünür. Elə siyasi gedişlər etməlidir ki, avtomatik olaraq seçicilər Sərkisyan və komandasından əl çəksin. Paşinyanı ötən ilki “7 rayon bizə lazım deyil” bəyanatından sonra satqın kimi qələmə vermişdilər. Son günlər isə Paşinyanın nəzarətində olan KİV-lərdə Rusiyanın məhz Dağlıq Qarabağ problemi həll olunandan sonra Ermənistana lazım olmaması, hərbi bazalara görə icarə haqqının ödənilməsi, sərhədlərdən rus qoşunlarının çıxarılması barədə yazılır. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə Rusiyanın nüfuzu ilə bağlı müəyyən bəyanatlarla çıxış edir. Rusiya həqiqətən bu problemlərdə açar fiqurdur. Ermənistan Rusiya olmadan heç bir addım atmayacaq. Son gedişat isə onu göstərir ki, Paşinyan Qərbyönlü siyasətçi kimi çıxışlar edir. Qərbyönlü QHT-lər yaranmaqda və maliyyələşməkdə davam edir. Belə problemli vəziyyət fonunda nazirlərin görüşünü əhəmiyyətli sayıram”.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu müddət ərzində Ermənistan tərəfini razı salıb: “Həmsədr ölkələr status-kvonun qorunması üçün Ermənistana “dırnaqarası” dəstək göstərib. Fransa və Rusiya açıq şəkildə onları dəstəkləyib. ABŞ isə maraqları çərçivəsində zaman-zaman müxtəlif bəyanatlar yayır. Ermənilər də ATƏT-in Minsk qrupundan razılıq edirlər ki, deklorativ bəyanatdan başqa addım atmayıblar”.