11 İyul 2018 09:12
3 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının suallarını Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut cavablandırıb. Müsahibəni təqdim edirik.

2600 il ərzində yəhudi və Azərbaycan xalqı arasında heç bir problem olmayıb

– Arye müəllim, İsrail-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

– İsrail-Azərbaycan münasibətləri hazırda siyasi baxımdan ən yüksək səviyyədədir. İsrail Dövlətinin Baş naziri ilə Azərbaycan Respublikasının Prezidenti arasında yaxşı münasibətlər mövcuddur. İqtisadi əlaqələrimiz də çox yüksək səviyyədədir. İllik ticarət dövriyyəmizin həcmi 5,5 milyard dollara yaxındır. Bura energetika, kənd təsərrüfatı, informasiya texnologiyaları sahələrində əməkdaşlıq daxildir. İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdiriməsi üçün yaxşı iqtisadi və siyasi platforma var. Ancaq ən önəmlisi yəhudi və Azərbaycan xalqları arasında olan münasibətlərdir. Bilirsiniz ki, yəhudi və Azərbaycan xalqlarının dostluğu-qardaşlığının tarixi 2600 ildir. Bu zaman ərzində yəhudi və Azərbaycan xalqı arasında heç bir problem olmayıb. Yəhudilər burda özlərini heç zaman əcnəbi hesab etməyiblər. Mən İsraildə hər çıxışımda deyirəm ki, Azərbaycanda heç zaman antisemitizm olmayıb və biz – Azərbaycan kökənli insanlar bundan həqiqətən də böyük fərəh hissi keçiririk.

Bilirsiniz ki, bizim əlaqələrimiz hərbi-srateji baxımdan da çox yüksək səviyyədədir. Mən özüm bu işlərin içində olmuşam və ekspert kimi deyə bilərəm ki, İsrail başqa bir ölkəyə Azərbaycan qədər diqqət yetirmir. Burada yalnız strateji maraqlardan söhbət getmir, eyni zamanda insani əlaqələr ön plandadır. Bu gün İsraildə Azərbaycan kökənli 70 min, Azərbaycanda isə 25 minədək yəhudi yaşayır. Ən önəmlisi odur ki, biz bu dostluq-qardaşlıq körpüsünü qoruyub saxlaya bilək.

İstifadə etdiyimiz neftin 65 faizi Azərbaycan neftidir

– Qeyd etdiniz ki, illik ticarət dövriyyəmizin həcmi 5,5 milyard dollara yaxındır. Bura silah-sursat alqı-satqısı da daxildir?

– Yox, bu yalnız iqtisadi əlaqələridir. 2016-cı ilin dekabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə Bakıda mətbuata birgə bəyanatla çıxış edərəkən Azərbaycan Prezidenti İlham Əliyev bildiridi ki, indiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Yəni, bu iqtisadi məsələlərə aid deyil.

İqtisadi əlaqələrlə bağlı onu da deməliyəm ki, bu gün bizim İsraildə istifadə etdiyimiz neftin 65 faizi Azərbaycan neftidir. Azərbaycanda aktiv şəkildə iştirak edən İsrail şirkətləri var ki, onlar ölkə iqtisadiyyatına, kənd təsərrüfatına, informasiya texnologiyaları sahəsinə investisiya qoyurlar və Azərbaycanla bağlı böyük layihələr həyata keçirirlər. Mən çox istəyirəm və çalışıram ki, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələri üzrə İsrail investisiyası Azərbaycana gətirilsin.

Hər il İsrail əhalisinin yarısı xaricə gedir, onları Azərbaycana gətirməliyik

Əlaqələrin digər bir iqtiqamətini də turizim sahəsi təşkil edir. Üç-dörd il bundan qabaq İsrail turisti demək olar ki, Azərbaycanı tanımırdı. Ötən illər ərzində çox böyük və gözəl inkişaf yolu keçdik. Hesab edirəm ki, Azərbaycanın İsraildə tanıdılmasının, populyarlaşdırılmasının ən münasib yolu turizmdən keçir. İsrail turisti aktiv turistdir. İl ərzində İsraildən 4-5 milyon insan, yəni ölkə əhalisinin təxminən yarısı xaricə gedir. Bu baxımdan biz bu istiqamətdə əlaqələrin yaranmasına çalışırıq. Burda elə şirkətlər var ki, onların bəzilərinə rəhbərlik edənlər vaxtilə İsraildə yaşayıb, sonradan Azərbaycana dönüb və ivrit dilində danışa bilir. Bu baxımdan həmin şirkətlərlə ünsiyyət yaratmaq İsrail turisti üçün çox rahatdır. İsrailli turist burda özünü evindəki kimi hiss edir. İki gün öncə qaldığım hoteldə israilli turistlərlə söhbət zamanı onlar Azərbaycan və azərbaycanlılar haqqında ən gözəl sözlər dedilər. Hesab edirəm ki, Azərbaycan multikulturalizmini və tolerantlığını göstərmək üçün bu ən gözəl yoldur. Zənnimcə, bu il ərzində İsraildən Azərbaycana gələn turistlərin 60-70 faiz artacaq. Yalnz Bakı deyil, burda Qəbələ, Şəki, Quba kimi tarixi yerləri ekskursiya nəzərdə tutulur.

Liberman Azərbaycanın ən yaxşı dostlarından biridir

– Yaxın vaxtlarda iki ölkə arasında yüksək səviyyəli səfərlər gözlənilirmi?

– Bilirsiniz ki, İsraildə Azərbaycan səfirliyi yoxdur. Ancaq biz – İsraildə Azərbaycanı sevən insanlar bu səfərlərə böyük ehtiyac olduğunu düşünürük və buna çalışırıq. Bu yaxınlarda İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfər edəcəyinə dair məlumat yayıldı. Ancaq iyunun 26-da Bakıda keçirilən hərbi paradda İran müdafiə naziri müavininin iştirak etməsi səbəbindən bu səfər alınmadı. Ancaq mən inanıram ki, bu səfər baş tutacaq.

Bu məsələnin üzərində xüsusi dayanmaq istəyirəm. Açıq deyirəm, Aviqdor Liberman İsraildə Azərbaycanın ən yaxşı dostlarından və ən yaxşı strateji dostlarından biridir. Mən bunu İsraildə də, Azərbaycanda da deyirəm. Biz o dostluğu qorumalıyıq və qorumaq üçün də onunla sıx əməkdaşlıq edirik. İsrail Knessetində qondarma erməni soyqırımı məsələsi gündəmə gələndə buna qarşı gedən, bizə ən böyük dəstək verən məhz Aviqdor Liberman olur.

Onu da deyim ki, bu yaxınlarda vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissyanın Azərbaycan tərəfdən həmsədri, yaxşı dostumuz Mikayıl Cabbarov İsraildə oldu. Səfər yüksək səviyyədə baş tutdu. Biz sonra onunla görüşdük və o özü bizə dedi ki, səfər çox uğurlu keçdi.

Qayıtdıqdan sonra Akko meri dedi ki…

Mən bu fikirdəyəm ki, bu əlaqələr daha da güclənməlidir. İsrail və Azərbaycan təhsil sistemləri arasında əməkdaşlıq olmalıdır. İsrail və Azərbaycan səhiyyə sistemi arasında əlaqələr qurulmalıdır. Biz bu istiqamətdə çalışmalıyıq. İsraildə yaşayan, Azərbaycanı sevən insanlar bu əlaqələrə öz töhfələrini verməlidir. Oxucularınız üçün maraqlı olması üçün deyim ki, biz İsraildə “Azərbaycan Evi”ni yaratmışıq. Bu, heç də Azərbaycan dövləti tərəfindən yaradılmayıb. Bunu şəxsən bizlər – İsraildə yaşayan Azərbaycan kökənli insanlar yaradıb. İsraildə ən çox Azərbaycan kökənli insanlar Akko şəhərində yaşayır. “Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiya Mixaelidir. Biz bu evi Akko şəhərinin meri Şimon Lankrinin yardımı və dəstəyi ilə qurduq. Şimon Lankrini Azərbaycana gətirdik. Sağ olsun, Prezidentin köməkçisi Əli Həsənov və həmin vaxt Prezidentin müşaviri vəzifəsində çalışan Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bizə çox böyük kömək etdi. Beləliklə, Akko şəhərinin meri Azərbaycanın nə qədər multikultural, nə qədər tolerant ölkə olduğunu öz gözləri ilə gördü. Qayıtdıqdan sonra dedi ki, Arye, mən Azərbaycanın yəhudilərə bu qədər gözəl münasibət bəsləyən bir ölkə olduğunu bilməzdim və Akko şəhərində “Azərbaycan Evi”ni yaranmasına çox böyük ehtiyac var. Artıq “Azərbaycan Evi” fəaliyyət göstərir.

Biz çox çalışırıq ki, oktyabr ayında Azərbaycandan dini konfessiyaların rəhbərlərindən ibarət böyük bir nümayəndə heyəti İsrailə səfər etsin. Bu səfəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirməyə çalışacağıq. Səfər zamanı Dağ Yəhudiləri Dini İcmasının yəhudi xalqının Azərbaycanda yaşamasına dair bu yaxınlarda ABŞ-da çap olunmuş kitabının təqdimatını keçirməyi, eyni zamanda “Azərbaycan Evi”nin rəsmi açılışını etməyi düşünürük.

Bundan əlavə gələn ilin fevralında İsraildə Xocalı soyqırımı ilə bağlı atam Əmir Qutla birgə yazdığım “Ağrı” kitabının təqdimatını keçirməyi düşünürük. Eyni zamanda Bakıda da kitabla bağlı bəzi tədbirlərimiz olacaq.

İsrail Dövləti bu məsələdə Azərbaycanı başa düşür

– İsraildə Azərbaycan səfirliyinin olmaması əlaqələrin inkişafına necə təsir edir?

– Azərbaycanın İsraildə səfirliyinin açılması ilə qərar vermək hüququ cənab İlham Əliyevə məxsusdur. İsrail Dövləti Azərbaycan Respublikasının nə qədər ağır geosiyasi şəraitdə fəaliyyət göstərdiyini bilir. İsrail Dövləti geosiyasi aktorların mürəkkəb yerləşimini başa düşərək bu məsələdə Azərbaycana təsir və ya təzyiq etmir. Keçmiş SSRİ-nin müsəlman ölkələrindən Özbəkistan və Qazaxıstanın bu gün Tel-Əvivdə səfirliyi var. Amma bu o demək deyil ki, onların İsraillə əlaqələri Azərbaycanınkı kimi yüksəkdir. Bu gün Azərbaycan Respublikasının İsrail Dövləti ilə əlaqələri ümumiyyətlə, bütün Avrasiya məkanında ən yaxşı əlaqələrdir. Bu əlaqələri nə Qazaxıstan, nə də Özbəkistanla olan əlaqələrlə müqayisə etmək mümkün deyil. Baxmayaraq ki, onların İsraildə səfirliyi var. Onu da deyim ki, İsrailin Azərbaycandakı səfirliyi həm ştat, həm də görülən iş baxımından Cənubi Qafqazdakı ən böyük səfirlikdir.

Düzdür, səfirlik iş, əlaqələr baxımından önəmlidir. Ancaq, səfirliyin olub-olmaması bizim əlaqələrə heç bir əngəl törətmir. İndi səfirliyin açılmasına dair qərar qəbul olunacaqsa, biz bunu çox böyük həvəslə qarşılayacağıq. Çünki hamımız, o cümlədən də mən Azərbaycan kökənli bir insan kimi Tel-Əvivdə Azərbaycan bayrağının dalğalanmasını görmək istəyirəm. Bu mənim arzumdur və bu arzunun həyata keçirilməsi üçün bütün addımları atmağa hazırıq.

Tel-Əviv-Ankara əlaqələrinin pisləşməsindən ən yaxşı qazanan İsraildəki erməni lobbisidir

– Knessetdə tez-tez qondarma erməni soyqırımı ilə bağlı məsələlər gündəmə gəlir. Bu məsələni gündəmə gətirənlər kimlərdir?

– Bu məsələ ilk olaraq İsraillə Türkiyə arasında olan problemlərdən qaynaqlanır. Təəssüflər olsun ki, İsrail-Türkiyə əlaqələrinin pisləşməsindən ən çox və yaxşı qazanan İsraildəki erməni lobbisidir. Ancaq mən və mənim komandam, eyni zamanda Azərbaycanı sevən insanlar, o cümlədən Aviqdor Liberman bu məsələdə Azərbaycanın tərəfindədir. Mənə İsraildə hər zaman bu sualı verirlər ki, axı “erməni soyqırımı” məsələsi Osmanlı dövlətində baş verib. Bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur. Amma mən sizə bunu açıq deyirəm ki, İsrail Xarici İşlər Nazirliyində Azərbaycanla olan münasibətlər hər şeydən öncədir və bu məsələnin qəbul olunmamasının iki əsas səbəbi var. Bunun birincisi dostumuz Aviqdor Libermanın adı ilə bağlıdır. Ona görə ki, Liberman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İkincisi isə İsrail Xarici İşlər Nazrliyi açıq-aydın bildirir ki, məhz Azərbaycana görə “erməni soyqırımı” məsələsi Knesset tərəfindən tanınmayacaq. Eyni zamanda bizlər də hər zaman çalışırıq ki, bu məsələ hər dəfə gündəmə gələrkən qəbul olunmasın. Hesab edirəım ki, uğurlarımız var. Amma bizim nə qədər uğurlarımız olsa da, bu məsələdə Libermanın rolu danılmazdır.

İsraildə 10 min nəfərlik erməni icması var və onlar çox aktivdir

– Erməni lobbisi Knesset üzvlərini necə öz tərəfinə çəkə bilir? Onlara nə vəd edir?

– Bu gün İsraildə 10 min nəfərə yaxın erməni yaşayır. Açıq demək istəyirəm ki, erməni lobbisi bizdən fərqli olaraq bu işlərdə çox aktivdir və çox çalışır. Baxmayaraq ki, biz də işlər görürük. Bizim iş görmədiyimizi demək olmaz. Ermənilər İsraildə təzəlikcə yaşamırlar. Onlar İsrail Dövləti yaranandan, hətta ondan da əvvəl indiki İsrail ərazisində yaşayırlar. Onlar əsas İsrail siyasətçiləri ilə körpülər qura biliblər. Demək olmaz ki, biz qurmamışıq. Biz də qurmuşuq. Mən ona görə Libermanın adını bir neçə dəfə çəkirəm ki, bizimlə Liberman arasında çox gözəl strateji əlaqələr var. Bu yalnız diaspor sahəsini əhatə etmir, həm də Azərbaycanın müdafiə sahəsində əldə etdiyi uğurlarla bağlıdır. Bilirsiniz ki, Azərbaycanla İsrail arasında strateji əlaqələr var. Bu strateji əlaqələrin qurulmasında və inkişafında Libermanın danılmaz rolu var.

Ermənilər İsraildə ayrı-ayrı siyasətçilərdən istifadə edirlər. Bunlar adi siyasətçilər deyil. Burda Knessetin spikerinin, bir neçə nazirin adını çəkmək olar. İsraildə bir verilişdə mənə sual verdilər ki, Knessetin sədri, bir neçə nazir “erməni soyqırımı”nın tanınmasını istədiyi halda, sia Arye Qut bunu istəmirsiz. Mən açıq-aydın dedim ki, birincisi, yəhudi xalqı “Holokost” yaşayıb və biz “Holokost”u heç bir başqa faciə ilə müqayisə etmirik. İkincisi, biz bunu nə üçün, nə məqsədlə qəbul etməliyik? Ona görə ki, erməni diasporu, yaxud Ermənistan bizə əl çalacaq? Biz çox yaxşı bilirik ki, Ermənistanın İsrailə və yəhudi xalqı ilə çox böyük problemləri var. Ermənistanda antisemitizmin nə qədər yüksək səviyyədə olduğunu bilirik. Ermənistanda faşist, antisemit general Njdeyə heykəl qoyulursa, biz onlarla necə əlaqə qura bilərik?! Bu əlaqələrin perspektivi yoxdur. Ümumiyyətlə, İsraillə Ermənsitan arasında bu gün iqtisadi baxımdan heç bir əlaqə yoxdur. Ola bilsin bir balaca turizm əlaqələri var, amma bu çox cüzi şəkildədir. Hava yolu yalnız 3-4 ay bundan qabaq açıldı. Ermənistanın eks xarici işlər naziri Edvard Nalbandyan Tel-Əvivə gəlmişdi və həmin səfər zamanı bu yolu açdılar. Hesab edirəm ki, Knesset bu məsələdə İsrailin milli maraqlarından çıxış etməlidir. İsrailin milli maraqları isə Yaxın Şərq və Cənubi Qafqaz ərazisində ən strateji dostunun, müttəfiqinin Azərbaycan olduğunu deyir.

İsrail İranı “vurmaq” istəyən ən sonuncu ölkədir

– Arye müəllim, sanksiyaların bərpasından sonra İran ətrafında vəziyyət yenidən gərginləşib. Siz qarşıdakı dövrdə İran ətrafındakı proseslərin inkişafını necə görürüsünüz?

– Mən ümid edirəm ki, münasibətlərin pisləşməsi katastrofik vəziyyətə gətirib çıxarmayacaq. Başa düşürəm ki, region çox xaotik bir vəziyyətdədir. Ümumiyyətlə, regionun hər yerində baş verən gərginliklərdə İranın barmağı görünür. Region hər tərəfdən İran problemi ilə üzləşir. İstər Suriyada, istər Livanda, Holan təpələrində olan vəziyyəti götürdükdə bunu görmək olar. İsrail Dövlətinin İran xalqı ilə heç bir problemi yoxdur. İsrailin ən böyük problemi İran rejimi ilədir. İran rejimi yalnız yəhudilərə qarşı deyil, bilirsiniz ki, İranda 35 milyona yaxın azərbaycanlı yaşayır. Bu insanlar öz dilində öz mədəniyyətini inkişaf etdirə bilmir. Bu da bir bəladır. Hamı düşünür ki, İsrail İranı vurmaq, bərbad etmək istəyir. Ancaq inanın, səmimi olaraq deyirəm ki, İsrail İrana qarşı hərbi əməliyyat aparmaq istəyən sonuncu ölkədir. Mən bunu sizə açıq deyirəm. İsrail çox gözəl anlayır ki, İran çox güclü dövlətdir. Biz bunu açıq şəkildə deyirik. Ancaq İranın özündə də bu gün çox böyük problemlər yaşanır. İranda 40 il əvvəl inqilab edənlər bu günün insanları deyil. Yeni nəsil yaranıb.

Bakıdakı iranlı turistlər ərəblərdən tamam fərqlənirlər

Elə Azərbaycanın özündə, Bakıda da biz bunu görürük. İran turistlərini görürük ki, onlar ərəb mənşəli turistlərdən tamamilə fərqlənirlər. Onların mədəniyyəti, Azərbaycanda özlərini aparmaları tamammilə başqadır. Yəni, onlar başqa bir sivilizasiyanın insanlarıdır. Mən bunu açıq deyirəm və sizdən heç nə gizlətmirəm. Bu yaxınlarda Benyamin Netanyahu facebook səhifəsində açıq dedi ki, bizim İran xalqı ilə heç bir problemimiz yoxdur. Əksinə, biz İran xalqına kömək etməyə hazırıq. İranda su problem var. Netanyahu dedi ki, biz İsrail olaraq sizə bu məsələdə yardım edə bilərik. Ona görə ki, İran da İsrail kimi faktiki olaraq səhrada yerləşir. Səhra və su problemini yaşayırıq. Amma biz dəniz suyunu işməli suya çevirə bilirik. Bunu İsraildə olan texnoloiya həyata keçirir və həmin texnologiyanın bir hissəsi Azərbaycanda da var. Amma İranda bu problemlər yaşanır. İnsanlar çox çətin vəziyyətdə yaşayır. İqtisadi baxımdan çox çətin vəziyyətdədirlər. İsrailin iqtisadi gücü ilə İranın iqtisadi gücünü heç müqayisə etmək olmaz. İsrail ən azı 10 ildir ki, tam şəkildə stabil iqtisadi vəziyyəti olan, yəni iqtisadi baxımdan heç bir problem olmayan bir ölkədir. İran isə sanksiyalar altında yaşayır. Nəyə, kimə görə, nə üçün belədir? Bu suallara İran rejimi cavab verməlidir.

İsrail İrandakı 35 milyonluq azərbaycanlı faktorunu da nəzərə alır

Bunu ona görə deyirəm ki, müsahibəni oxuyan insanlar “İsrail İranı vurmaq istəyir” deyə düşünməsinlər. Elə deyil. İsrail İranın nə olduğunu çox gözəl anlayır. İranda 80 milyon insan yaşayır, bunun 35 milyonu azərbaycanlıdır. Biz bunu da anlayırıq. Bu gnü İranın daxilində proseslər gedi. Mən inanmıram ki, bu gərginlik hansısa böyük bir hərbi qarşıdurmaya gətirib çıxaracaq.

Yaxud Səudiyyə Ərəbistanı özü İsraillə əlaqələr qurmaq istəyən bir ölkədir. Ər-Riyad bu gün Azərbaycan, Azərbaycan şirkətləri vasitəsilə bu əlaqələrin qurulmasına çalışır. Bu baxımdan İran rejimi anlamalıdır ki, bundan sonra bu siyasəti yürütmək daha da çətin olacaq. Görürsünüz ki, Donald Tramp burada qövsvari siyasət aparır və faktiki olaraq öz yolu ilə gedir.

Yaşadığım şəhər Qəzzadan cəmi 30 kilometr uzaqdır

– Cəmiyyət sizi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı obyektiv mövqeyi olan bir şəxs kimi tanıyır. İstərdik tam obyektiv, ədalətli şəkildə İsrail-Fələstin münasişəsinə də qiymət verəsiniz. Bu məsələdə mövqeyiniz nədən ibarətdir?

– Mən yəhudiyəm və bilmirəm bu məsələdə mövqeyim nə dərəcədə obyektiv olacaq. Ancaq çalışacam ki, obyektiv olum. Siz Azərbaycanda oturub televiziyadan, saytlardan hansı tablonu görürsüz? Görürsünüz ki, fələstinli uşaq götürüb İsrail ərazisinə daş atır, İsrail əsgəri də o uşağı öldürür. Ancaq bilmək lazımdır onlar özləri gizlənir, uşaqları, qadınları qabağa verirlər. Mən o ərazidən 30 kilometr uzaqdakı Beyt-Şemeş şəhərində oluram. O ərazidə və İsraildə yaşadığım üçün Qəzza bölgəsində hansı rejimin fəaliyyət göstərdiyini izah etmək istərdim. Qəzzada bu gün faktiki olaraq terrorçu bir rejim fəaliyyət göstərir. Onlar nəinki İsrailə, Fələstin xalqına çox böyük problemlər yaradırlar. İsrail 2005-ci ildə o ərazidən çıxdı. Məsələn, biz Ermənisitan-Azərbaycan münaqişəsindən danışanda deyirik ki, Ermənistan bütün əraziləri boşaltmalıdır.

Tel-Əviv deyir, dövlət yaratmaq istəyirsiz, buyurun yaradın

2005-ci ildə İsrail ordusu tamamilə o ərazilərdən çəkildi. Biz orda fələstinlilər üçün kənd təsərrüfatı obyektləri, maşınlar, texnologiyalar qoyduq. İsrail dedi ki, dövlət yaratmaq istəyirsiz, yaradın. Biz sizə hər cür köməklik etməyə hazırıq. Bunu bəlkə də Azərbaycan oxucusu bilmir. Bu gün Qəzza bölgəsinə təbii qaz, elektrik enerjisi, su İsrail Dövlətinin hesabından gedir. İsrailə isə bunun pulunu heç kim vermir. Bunu çox adam bilmir. Hamı deyir ki, İsrail qəddardır, aqressordur və sair. Ancaq gəlin faktla danışaq. Bu gün Türkiyə rəhbərliyi nə edir? Onları İsrailə qarşı qızışdırır. Amma bu bir yol deyil. İsraildə bəlkə də Türkiyəni mənim qədər sevən ikinci bir şəxs yoxdur. Mən Türkiyə ilə həmişə əlaqədə olmuşam və Türkiyənin İsraildəki səfiri Kamal Ökem mənim çox yaxın dostum, qardaşımdır. Ancaq mən ona açıq dedim. Dedim ki, Türkiyə bu məsələdə Fələstini nəinki qızışdırmalıdır, əksinə deməlidir ki, qardaş, İsrail sənə bu şəraiti yaradır, yaşayın da.

HƏMAS lideri İsraili tanımır, məhv etmək istəyir, ancaq qohumlarını müalicə üçün İsrailə göndərir

Təsəvvür edin ki, 13 il ərzində bu ərazidə – Qəzza bölgəsində nə bir təhsil, nə bir səhiyyə müəssisəsi, nə də insanlara bir kömək mərkəzi yaranıb. İnanın ki, Haniyənin (HƏMAS-ın lideri İsmayıl Haniyə nəzərdə tutulur-S.Həmid) qohumları xəstələnəndə onları İsrailə gətirirlər. Bu adam İsraili istəmir. Deyir ki, İsrail Dövləti olmamalıdır. Digər tərəfdən bacısı oğlunu, bacısı qaızını, bir sözlə qohumlarını İsrailə müalicəyə gətirir. Anormal bir haldır. Ortada kim qalır? Yazıq, məzlum xalq qalır. Mən bunu çatdırmaq istəyirəm. Bu çox önəmlidir. İnanın ki, İsrail müsəlmanlarla heç bir problemi yoxdur. Yəhudiliklə müsəlmanlıq arasında çox yaxın əlaqələr var. İslamda olan bir çox şeylər iudaizmdən gəlib. Başqa dinlər arasında bu qədər yaxınlıq yoxdur. Ancaq sən Qəzza bölgəsində dövlət yaratmaq əvəzinə terror rejimi yartmısan. Hansı ki, orda heç kim danışa, sözünü deyə bilmir, təhsil, səhiyyə müəssisələri yoxdur. İnsanların işləməyə yeri də yoxdur. “İsrail belə, İsrail elə” deyirlər, ancaq təsəvvür edin ki, onlar İsrailə işləməyə gəlirlər. Biz onları işlə təmin edirik. Baxmayaraq ki, biz özümüz də işləmək istəyirik, özümüzdə də işə ehtiyacı olan xeyli insan var. Ancaq faktiki olaraq İsrail qapını açır ki, insanlar gəlib pul qazansın, uşaqlarına gələcək qursunlar. Gəlin baxaq, İsrail təhsil sistemi nə öyrədir, Fələstin təhsil sistemi nə öyrədir? Fələstin sistemi öyrədir ki, yəhudini ölldürmək lazımdır, İsrail Dövlətini parçalamaq lazımdır, İsrail Dövləti olmamalıdır, yəhudi təhsil sisteminin bariz nümunəsi isə mənim oğlumdur. Mənim oğlum dünyada olan son kompüter praktikasını keçir və başqa bir dünyanı öyrənir. Bu bir faktdır.

Çərpələngə “Molotov kokteyli” bağlayıb onu İsrailin taxıl zəmilərinə atırlar

Bu ifadəm yanlış anlaşılmasın, ancaq Fələstin Muxtariyyətinin bir balaca ağlı olsaydı, İsraillə birgə əl-ələ verib normal bir dövlət yarada bilərdi. Amma eləmədilər. Çünki orada bir tərəfdə Mahmud Abbasın rejimi var və öz yaxın qohumları ətrafındadır. Digər tərəfdən isə Haniyə və onun rejimi açıq-aydın deyirlər ki, biz bütün İsrailin bizimki olmasını istəyirik. Axı belə ola bilməz. İsrail Dövləti 1948-ci ildə BMT-nin qərarı ilə yaranıb. Göydən gəlib düşməyib ki… Biz deyirik ki, gəlin bir yerdə yaşayaq. İsrailin yüksək kənd təsərrüfatı texnologiyası var. 2005-ci ildə Qəzza bölgəsində xeyli sayda kənd təsərrüfatı texnologiyası qoyub getdilər. Qoydular ki, bu insanlar çalışsın, yaşasın, texnologiyalardan istifadə etsin.

Bəs onlar nə etdilər? Bütün texnikanı darmadağın etdilər. Orda sinaqoqlar və məscidlər var idi. Bütün sinaqoqlar dağıdıldı. Nə üçün? Burda yəhudi yaşamasın. Daxil olmursan olma, ancaq onları bir ekspozisiya kimi saxla. Çünki bu Allahın evidir. O zaman gərək Azərbaycan da Bakıdakı erməni kilsəsini dağıtsın. Çünki burda düşüncə tamimilə baş.qadır. Onların düşüncəsi isə çox bərbad vəziyyətdədir. Onların gələcəyə baxışları da yoxdur. Biz uşaqları böyüdürük ki, gələcəyi görsünlər, yeni texnologiyalara qovuşsunlar, onların ən böyük arzusu isə ölümdür. Axı bu düz deyil. Bu, insani baxımdan da düz deyil. Ancaq bunları Azərbaycanda çox adam bilmir. Təsəvvür edin, yaşadığım Beyt-Şemeş şəhəri Yerusəlim dairəsinə daxildir, ancaq qeyd etdiyim kimi bizdən Qəzzaya 30 kilometrdir. Təssəvvür edin ki, ərazinin bir tərəfi Qəzza, digər tərəfi İsraildir. İsrail tərəfdə insanlar əkin-biçinlə məşğuldur. Bunlar neyləyir? Götürüb bu tərəfdən çərpələngə “Molotov kokteyli” bağlayıb onu İsrail tərəfə atırlar. Nəticədə çərpələng İsrail tərəfə düşür və taxıl zəmilərini yandırır. Bax bu kimi məsələlər var ki, Azərbaycan oxucusunun bunları bilməsi çox önəmlidir.

İrandan raketləri hissələrə bölüb Qəzzaya gətirirlər

– Bəs müasir dövrümüzün ən uzun müddətli münaqişəsinə nə vaxt son qoyulacaq? Üfüqdə işıq görünürmü?

– Razıyam, artıq bu münaqişənin 70 yaşı var. İnanın mənə, mən İsraildə yaşasam da öz baxışım var. Öz-özümə düşünürəm ki, bu münaqişənin bir sonu olmalıdır. Baxmayaraq ki, bizim üzərimizə “Kassam” atırlar. Ancaq biz o raketlərdən qorunmaq üçün bütün ölkəni “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə əhatə etmişik. Biz də istəyirik ki, münaqişə sülh yolu ilə bitsin və yəhudi və Fələstin xalqı şəkildə normal şəkildə yaşasın. Ancaq burda fələstinlilərdən daha çox geosiyasi aktorların oyunu var.

Daha çox İranın oyunu var. İran bu əraziyə öz adamlarını gətirir. Sual yaranır, necə olur ki, bunların dolanmağa, uşaqlara yemək almağa pulu olmur, ancaq raket istehsal etməyə pulları olur. İrandan “Zilzal” raketini, “Skad” tipli raketlərini hissələrə bölüb Qəzzaya gətirirlər və yığırlar. Bax, bu təhdiddir. Biz o fikirdəyik ki, münaqişənin başa çatması üçün yol xəritəsi olmalıdır. Onlar da bununla razı deyillər. Onlar deyirlər ki, İsrail Dövləti olmamalıdır. Aydındır ki, heç bir yəhudi bununla razılaşa bilməz.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər