12 İyul 2018 07:54
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətin yanında, onun marağında olmağın öz zamanı olur. İndi elə bir zamandır. Gəncə, dövlətimizin strateji yeridir, birincilərdən biridir. Gəncə həm qovşaqdır, həm aralıqdır. Çünki ölkəmizin və bölgəmizin müstəqilliyi üçün gərəkli olan bütün strateji Gəncədən keçir. Eyni zamanda, işğal olunmuş torpaqlarımızın yuxarı sərhədindən Gürcüstanla olan rəsmi sərhəddimiz arasında yerləşir. Həmin aralığın eni 100 kilometrdən bir qədər azdır, yəni, çox qısadır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Politoloq qeyd edib ki,Gəncə cümhuriyyətimizin ilk paytaxtıdır və XI Qızıl Orduya təslim olmadı, vuruşdu:

“28 aprel 1920-ci il tarixdə Bolşeviklər Bakını tutdu, amma Gəncədə 28 may 1920-ci ildə cümhuriyyətin ikinci il dönəminə həsr olunmuş hərbi parad oldu. Gəncə Rusiyanın çar qoşunlarına qarşı da savaşdı. Tarixi söhbəti uzatmaq istəmirəm. Bu və başqa amillər Gəncədə özünəməxsus keçilmiş yoldan asılılığın olduğunu göstərir. Bunun gözlənilməz, hətta arzuolunmaz nəticələri, yan təsirləri ola bilir. Məsələn, 1993-cü ilin iyun ayında, müstəqil Azərbaycanın mərkəzi hökumətinə qarşı qiyam da Gəncədə baş verdi”.

Erkin Qədirli bildirib ki, Gəncədə aranı qatmaq, təxribat yaratmaq istəyənlər, həm ölkəmizin içindən, özəlliklə də onun xaricindən hər zaman olub, bundan sonra da olacaq:

“Narazılıq və etiraz üçün əsas, ya da bəhanə hər nədirsə, Gəncədə iğtişaş ölkəmiz üçün strateji təhlükə yaradır. Bunu hər birimiz bilməliyik. Biz, ölkə olaraq, müstəqil olmaq üçün çox baha qiymət ödədik, hələ də ödəyirik. Qarabağın işğalı, eləcə də ölkəmizə olan başqa basqılar - bunların hamısı müstəqilliyimizə görədir”.

Politoloq qeyd edib ki, səbəbdən asılı olmayaraq, hər birimiz dövlətimizi və onun müstəqilliyini düşünməliyik: “Təxribatlara uymağımız ölkəmizə baha başa gəlir. Yaxın tariximiz bunu aydın göstərir. Təmkinli olmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər