Azərbaycana qarşı olan xarici qüvvələr öz maraqları üçün mövcud vəziyyətdən yararlanmaq istəyirlər.
Gəncə şəhərində baş vermiş insidentlə bağlı Teleqraf.com-un sualını cavablandıran Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn belə deyib.
O hesab edir ki, həmin kənar qüvvələr Azərbaycandakı uzantılarını meydana sürükləməyə çalışırlar:
“Həmin qüvvələr ara-sıra aksiyalar təşkil edirlər, belə situasiyalardan yararlanmağa cəhd edirlər. Nəticədə cəmiyyət daxilində pozuntular ortaya çıxır və bu da xaotik proseslərə gətirib çıxara bilir. Ən yeni tarixdə belə hallara tez-tez rast gəlinir. Bu baxımdan da Gəncədə baş verən gərginliyin səbəblərindən asılı olmayaraq, konkret halda konkret insanlar tərəfindən aktlar həyata keçirilib. Məmura qarşı sui-qəsd təşkil edilib, insanlara və polislərə qarşı silah işlədilib. Bu cinayətdir və bu cinayəti törədənlər öz cəzalarını almalıdır”.
Pənah Hüseyn Gəncə olaylarında İranın xüsusi xidmət orqanlarının adının hallandırılmasına da toxunub:
“Müvafiq dövlət və kəşfiyyat orqanları Gəncədə baş vermiş proseslərə İrandan, yaxud, digər dövlətdən müdaxilə halını aşkar edibsə, buna uyğun addım atılmalıdır. Lakin burada təkcə İranın adı hallanmır, Rusiyanın da adı çəkilir. Hətta, istisna deyil ki, sabah başqa dövlətlərin də adları hallandırılsın. Dövlətin müvafiq orqanları bunları aşkar edib gündəmə gətirməlidir. Lakin qonşu dövlətlərlə münasibətləri gərginləşdirməyə də yola vermək olmaz. Bu məsələrdə ciddi faktorlara söykənmək lazımdır.
Lakin baş vermiş hadisədə daha çox şiəlik şüarlarının səsləndirilməsindən irəli gələrək, İran məsələsi ön plana çıxarılır. Burada İran dövlətinin barmağının olub-olmadığını deyə bilmərəm, amma məsələni siyasi məzhəbçiliyə çevirmək yolverilməzdir. Burada İran, yaxud, digər dövlətlərin xüsusi xidmət orqanlarının rollarının olması ilə bağlı irəli sürülən ehtimallar başqa bir mövzudur. Hər halda məsələyə kompleks baxmaq lazımdır”.