13 İyul 2018 08:35
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO uzun illərdir Gürcüstana alyansa üzvlüklə bağlı vədlər verməklə məşğuldur.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Gürcüstan torpaqlarının 2008-ci ildə Rusiya tərəfindən işğalının da NATO üzvü olan Avropa dövlətlərinin yanlış siyasəti nəticəsində baş verdiyini açıq demək lazımdır:

“ABŞ Gürcüstanın NATO üzvü olmasını istəyirdi. Əgər 10 il öncə Gürcüstan NATO üzvü olsaydı, Rusiya NATO üzvü olan ölkənin torpaqlarına müdaxilə etməyə risk etməzdi. Həmin vaxt Gürcüstanın NATO üzvlüyünün əleyhinə Fransa və Rumıniya çıxış edirdi. İndi də yalandan vədlər verirlər ki, guya yenə də Gürcüstanın NATO üzvlüyü məsələsinə baxılacaq, yaxud NATO üzvlüyünə hazırlıq prosesindədir. ABŞ bu gün də bunu istəyir. İstəyir ki, Gürcüstan NATO üzvü olsun. Amma bu məsələ sadəcə Vaşinqtondan asılı deyil. Gərək Avropa dövlətləri də bu istiqamətdə öz sözlərini desinlər. Avropa dövlətləri isə ikiüzlü siyasət yürüdürlər. Donald Tramp bunu NATO üzvü olan aparıcı ölkələrin liderlərinin və NATO Baş katibinin üzünə dedi. Dedi ki, mən sizi anlamıram. Bir tərəfdən guya Rusiyaya sanksiya tətbiq edirsiz, digər tərəfdən NATO-nun əsas dövlətlərindən olan Almaniya Rusiyada xeyli miqdarda neft-qaz alıb faktiki Rusiyadan asılı vəziyyətə düşür. Bunu necə anlamaq olar? NATO Baş katibi Trampın bu iradına faktiki olaraq cavab verə bilmədi, nala-mıxa vurdu”.

E.Şahinoğlu qeyd edib ki, NATO-nun iyulun 11-12-də Brüsseldə keçirilən XXVIII sammitdə Gürcüstanla bağlı da eyni sözləri dedilər:

“Yəni, nala-mıxa vurdular. Halbuki, Gürcüstan bütün standartlar üzrə artıq NATO-ya yaxınlaşır. Orduda, ictimai-siyasi həyatda NATO-nun istədiyi islahatları da həyata keçirir. Ancaq daha nə qədər uzatmaq olar? Bu da vacib məsələdir. Gürcüstan və Ukrayna illərdir Avropa İttifaqının və NATO-nun üzvü olmaq istəyir. Bu məsələ illərdir gecikdirilir. Ona görə də mən düşünmürəm ki, Gürcüstanın NATO-ya üzvlüyü yaxın vaxtlarda reallaşsın”.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq bu gün səhər Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə mətbuata birgə bəyanat zamanı Tbilisinin gələcəkdə alyansın üzvü olacağını bildirib. O qeyd edib ki, bu məsələ NATO-nun Brüssel sammitində bir daha təsdiqlənib.
Gürcüstan Prezidenti isə sammit zamanı Qara dəniz hövzəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, o cümlədən 2019-cu ildə regionda genişmiqyaslı intensiv hərbi təlimlərin keçirilməsi məsələsinə baxıldığını vurğulayıb.

Sammitin yekunlarına dair yayılan bəyanatda isə təlimlərin gələn ilin martında keçiriləcəyi bildirilib.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər