Teleqraf.com saytının suallarını Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə cavablandırıb. Müsahibəni təqdim edirik.
– Asim bəy, iyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi özündə nələri ehtiva edir?
– Avropa İttifaqı Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu ittifaq Azərbaycan dövlətinin ticarətində ən əsas tərəfdaşdır. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bilirsiniz ki, Azərbaycan son vaxtlar enerji dəhlizlərinin yaradılması istiqamətində böyük layihələr həyata keçirib. Bunlar hər iki tərəfin – həm Avropa İttifaqının, həm də Azərbaycanın mənafeyinə uyğun olan çox ciddi layihələrdir. Azərbaycan eyni zamanda Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat dəhlizi yaradıb və gələcəkdə Avropa ilə Şərqin ticarət dövriyyəsi məhz bu nəqliyyat dəhlizi nəticəsində arta bilər.
İmzalanan sənəd zənnimcə, əhəmiyyətli bir sənəddir. Tərəfdaşlığın prioritetləri ilə bağlı müvafiq istiqamətləri müəyyənləşdirməklə bağlıdır və bu, gələcək əməkdaşlığın demək olar ki, əsasını təşkil edən bir sənəddir. Bu sənəddə enerji, iqtisadi maraqlar, siyasi-təhlükəsizlik sahələrinə aid məsələlər öz əksini tapıb. Bununla yanaşı, Azərbaycan üçün çox mühüm olan təhsil, mədəniyyət sahəsi üzrə müvafiq bəndlər sənəddə əks olunub. Azərbaycan gəncliyinin Avropa universitetlərində təhsil almasını, Azərbaycanla Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığı mən çox mühüm amil hesab edirəm.
– Bu sənəd Ukrayna və Gürcüstanın Avropa İttifaqı ilə imzaladıqları assosiativ üzvlüklə bağlı sazişlə eynidirmi?
– Azərbaycan Ukrayna və Gürcüstandan fərqli yol seçib. Bizim ölkəmiz Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələri qurmaq və əməkdaşlıq etmək istəyir. Lakin Azərbaycan Avropa İttifaqına üzv olmağı düşünmür. Yəni, Azərbaycan hansısa birliklərə daxil olmaq qərarı qəbul etməyib və bu istiqamətdə də öz müstəqilliyini qoruyub saxlamağı düşünür. “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirəcək. Azərbaycan öz iqtisadi müstəqilliyini qoruyaraq, ölkəmiz, xalqımız üçün daha böyük uğur qazana bilir.
– NATO ilə münasibətlərin hazırkı durumuna da münasibət bildirməyinizi istərdik. Çünki Prezidentin Brüsselə səfəri alyansın XXVIII sammitində iştirak məqsədi daşıyıb...
– Bu, əlbəttə, Azərbaycan-NATO münasibətlərində irəliləyiş deməkdir. Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu illər ərzində sübut edib. Azərbaycan anti-terror koalisiyasının çox fəal üzvlərindən biridir. Rəsmi Bakı NATO-nun xüsusilə Əfqanıstanda həyata keçirdiyi əməliyyatlar zamanı ABŞ Silahlı Qüvvələrinə böyük logistik dəstək verir. Bununla yanaşı NATO proqramı çərçivəsində Azərbaycan Əfqanıstanın dövlət quruculuğunda iştirak edir. Gələcək Əfqanıstan hökumətinin bir neçə sahə üzrə mütəxəssislərinin hazırlanması ilə bağlı Azərbaycan müvafiq layihələrə dəstək göstərir. Azərbaycan NATO-nun üzvü olmaq istəmir. Ancaq NATO-nun təcrübəsi Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə, inkişafına xidmət edir. Yəni, bu əməkdaşlıq ikitərəflidir. Həm Azərbaycan NATO üçün önəmli tərəfdaşdır, eyni zamanda NATO da Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini dəstəkləyir. Bu, sammitdə qəbul olunmuş müvafiq sənəddə də öz əksini tapıb. Lakin Azərbaycan hansısa bloklara üzv olmaq fikrində deyil. Bu, bizim müstəqilliyimiz üçün yeni təhlükələr yarada bilər. Tərəfdaşlığı gücləndirmək, inkişaf etdirmək Azərbaycanın maraqlarına uyğundur. Brüsseldə son sammitdə iştirak da bunu təsdiq edir.
– Son vaxtlar Mingəçevir və Gəncədə baş verən hadisələri Avropa İttifaqı və NATO ilə yaxınlaşma ilə əlaqələndirənlər var. Onların iddiasına görə, baş verən hadisələr təxribatdır və Azərbaycana sözügedən strukturlarla yaxınlaşmağa imkan verməmək məqsədi daşıyır. Siz bu iddiaları həqiqətəuyğun hesab edirsinizmi?
– Azərbaycanın Avropa İttifaqının və NATO-nun üzvü olub-olmamasından asılı olmayaraq, ölkəmizi müstəqil dövlət kimi görmək istəməyən qüvvələr var. Azərbaycana qarşı Ermənistanın təcavüzü də hələ aradan qalxmayıb. Bu tamamilə başqa mövzudur və Avropa İttifaqı və NATO-ya üzv olub-olmamaqla əlaqəsi yoxdur. Azərbaycan bir müstəqil dövlət kimi bölgədə demək olar ki, vəziyyəti çox ciddi olaraq dəyişdirib. Azərbaycanın tarixi dəyərləri öz-özlüyündə bir neçə təhlükəli sistem üçün qıcıq yaradır. Azərbaycanın həyata keçirdiyi layihələri özünə rəqib kimi görən qüvvələr təhlükəlidir. Ona görə də mənə elə gəlir ki, Avropa İttifaqı və NATO ilə əməkdaşlıqdan asılı olmayaraq, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr mövcuddur. Söhbət hansısa son hadisələrdən getmir. Ölkəmiz müstəqillik əldə edəndən bəri bu istiqamətdə təzyiqlər mövcuddur.
– Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində və NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunmasına münasibətinizi bilmək istərdik...
– Bu öz-özlüyündə Azərbaycan dövlətinin nüfuzunun, dünyada Azərbaycana olan münasibətin təzahürüdür.
– Asim bəy, Nikol Paşinyan inqilabın lideri kimi Avropa İttifaqından və Aİ rəsmilərindən özünə və ölkəsinə böyük diqqət gözləyirdi. Amma Ermənistan mediasının iddia etdiyi kimi qırmızı xalçalar sərilmədi, Paşinyan təntənəli şəkildə, alqışlarla qarşılanmadı…
– Ermənistanda yeni hakimiyyətə gələn qüvvələrin kifayət qədər təcrübəsi yoxdur. Mənə elə gəlir ki, onlar indiyədək nə istədiklərini tam dərk etmirlər. Ermənistanın hansı istiqamətdə inkişaf edəcəyi və ya bu iqtidarın uzunmüddətli olub-olmaması suallar doğurur. Əslində, Ermənistan və onun yeni rəhbərliyi üçün xilas yolunu Azərbaycan Prezidentinin mövqeyində, bəyanatlarında tapa bilərik. Ermənistanın bir dövlət kimi xilası, erməni xalqının normal inkişaf yoluna dönməsi üçün yeganə çıxış yolu var. Bu da Azərbaycanla sülh sazişi imzalamaq, ərazi iddialarına son qoymaq, bölgədə əməkdaşlıq və sabitlik istiqamətində inkişaf etməkdir. Əks halda Ermənistanın bir dövlət kimi mövcudluğu, müstəqilliyi sual altına düşəcək, ölkəni tərk edən vətəndaşlar bir daha geri qayıtmayacaq.
– Paşinyan Brüsselə səfəri zamanı ciddi cəhdlə Avropa İttifaqından 70-80 milyon avro pul almaq istəyirdi. Avropa İttifaqı isə açıq şəkildə bəyan etdi ki, belə bir vəsait yoxdur və Paşinyana hələlik islahatların nəticəsinin gözləndiyi bildirildi. İstədiyi vəsaiti ala bilməmək ölkəsində Paşinyanın nüfuzuna necə təsir edəcək?
– Mənə elə gəlir ki, Paşinyan sülh yolunu seçməsə, nə onun, nə də təmsil etdiyi ölkənin gələcəyi olmayacaq.
– Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri də iflasa uğradı. Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir...
– Bu məsələ hər zaman danışıqları pozmaq məqsədilə ortaya atılıb və hər zaman da uğursuzluqla nəticələnib. Çünki bütün beynəlxalq təşkilatlarda gözəl anlayırlar ki, bu münaqişənin mahiyyətində məhz Ermənistanın ərazi iddiaları, təcavüzü, Azərbaycan ərazilərinin işğalı dayanır. Bu istiqamətdə Ermənistan zəruri addımlar atmasa, İrəvan gələcəkdə bir təcavüzkar kimi beynəlxalq təşkilatların təhlükəli təzyiqləri ilə üzləşməyə məcbur olacaq.