Gəncədə baş verən hadisələrlə bir daha sübut olundu ki, Azərbaycanda sabitliyi pozmaq, qarşıdurma yaratmaq heç kimə nəsib olmayacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
Onun sözlərinə görə, iyulıun 13-də Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarının iştirakı ilə keçirdiyi müşavirədə Gəncədə baş verən son hadisələr obyektiv şəkildə müzakirə olundu:
"Əlbəttə, buna qədər biz hamımız şahid olduq ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin, həmin qüvvələrin xaricdə olan nümayəndələrinin yaranmış fürsətdən istifadə edərək Gəncədə ara qarışdırmaq, sabitliyi pozaraq insanlara xətər yetirmək niyyətləri puça çıxdı. Azərbaycan xalqı müdriklik göstərdi, dövlət öz tədbirləri ilə bütün bu kimi təxribatçı, müstəqil Azərbaycana qarşı yönəldilmiş məkrli qəsdin qarşısını çox yüksək peşəkarlıqla aldı".
İctimai asayişi qoruyan iki yüksək rütbəli polis məmurunun dünyasını dəyişməsinə səbəb olan iki şəxsdən birinin zərərsizləşdirilib, digərinin həbs edildiyini xatırladan B.Sadıqov həmin polis zabitlərinin şücaətinin Prezident tərəfindən də yüksək qiymətləndirildiyini söyləyib.
Gəncədəki hadisələrdən sonra artıq növbəti mərhələnin başlanıldığını deyən deputatın sözlərinə görə, indi ən ümdə vəzifə Azərbaycana qarşı murdar niyyətlərinin gerçəkləşməsi üçün qanunun aliliyini pozmaq istəyən şəxslərin axtarılması, tapılması və məhkəmə qarşısına çıxarılmasıdır:
"Bizim hüquq-mühafizə orqanları bu işləri çox yüksək peşəkarlıqla görürlər. Prezident İlham Əliyev də bildirdi ki, bu cinayətlərdə əli olanların hamısı məsuliyyətə cəlb olunacaq. Əminəm ki, Gəncədə baş verən hadisələr zamanı qanunları pozan, asayişi pozmağa çalışan, insanlara xətər yetirən və bütövlükdə sabitliyimizə qəsd etmək istəyənlərin hamısı tapılacaq və məhkəmə məsuliyyətinə cəlb edilərək layiq olduqları cəzanı alacaq".
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.