Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli cənab Baş katib, Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm töhfələr vermişdir.
Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olmuşdur.
Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".