27 Avqust 2018 16:39
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin deputatı Elman Nəsirli cavablandırıb:

- Elman müəllim, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərinin yekunlarını necə qiymətləndirirsiniz?

- Angela Merkel avqustun 25-də Cənubi Qafqaz regionuna səfəri çərçivəsində ilk dəfə Azərbaycana gəldi. Azərbaycan Prezidenti İlham Əliyev bu səfəri tarixi səfər kimi qiymətləndirdi. Bu, heç də təsadüfi deyil. Almaniya Avropanın iqtisadi gücünə görə birinci ölkəsidir, dünya miqyasında isə dördüncü yerdədir. Ötən ilin rəqəmlərinə görə, Almaniya 3,7 trilyon dollarlıq ümumi daxili məhsul istehsal edib. Bu ölkə il ərzində 1,4 trilyonluq xarici ticarət dövriyyəsinə malik olub. Bunlar mühüm məsələlərdir.

Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf tempinə malikdir. Almaniya Azərbaycanın xarici ticarətində 5-ci, neft təminatı baxımından isə 7-ci ölkədir.

Almaniya kanslerinin Azərbaycana səfəri bir neçə blok məsələlərin müzakirəsi nöqteyi-nəzərindən əhəmiyyətli idi. İlk növbədə enerji təhlükəsizliyi məsələlərini ön plana çəkərdim. Heç şübhəsiz, Almaniya kansleri onun fərqindədir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün yeni alternativ enerji mənbəyidir. Almaniya Azərbaycana bu münasibətdə iki prizmadan yanaşır. Almaniyanın EON şirkəti 2013-cü ildə “Şahdəniz” konsorsium ilə imzaladığı müqaviləyə əsasən 25 il ərzində Azərbaycandan 40 milyard kubmetr qaz alacaq.

İkincisi, Avropa İttifaqı ölkələrinin ildə 500 milyard kubmetr qaza ehtiyacı var. Almaniya təxminən 55 milyard kubmetr qazı Rusiyadan alır, bundan başqa Böyük Britaniya, Norveç, Niderlanddan qaz idxal edir. Almaniya üçün bu asılılığın azaldılması əsas məsələlərdən biridir. Cənub Qaz Dəhlizinin işə salınması, TANAP və TAP layihələrinin reallaşdırılması Azərbaycanın Avropa üçün yeni qaz mənbəyi olaraq əhəmiyyətini artıran amildir.

Almaniya il ərzində təxminən 93-94 milyard kubmetr qaz sərf edir, enerjidən asılılığı 60 faizi ötüb keçib, 97 faiz neftdən, 81 faiz qazdan asılılığı var. Bu reallıqda Azərbaycanın Almaniya, bütövlükdə Avropa İttifaqı regionu üçün önəmi kifayət qədər böyükdür. Eyni zamanda Almaniya Transxəzər layihəsini də müdafiə edir. Bu, Azərbaycanın təşəbbüsü deyil, söhbət Türkmənistan qazının Xəzərin dibi ilə şərq hissədən gəlib Azərbaycan sərhədinə çıxarılması və Cənub Qaz Dəhlizinə qoşulmasından gedir. Bu da təxminən 30 milyard kubmetr qaz edəcək.

Bu mənada Almaniya üçün Cənub Qaz Dəhlizinin reallaşması mühüm məsələlər sırasındadır.

- Səfər zamanı iş adamları ilə birgə görüş oldu. Sizcə, Almaniya Azərbaycanın qeyri-neft sektoru ilə nə dərəcədə maraqlanır?

- Almaniya güclü iqtisadiyyata malikdir və kökündə iqtisadiyyatın şaxələndirilmə siyasəti dayanır. Almaniya gördü ki, Azərbaycan zəngin neft-qaz ölkəsidir, eyni zamanda dövlətimizin siyasəti ilk növbədə iqtisadiyyatın şaxələndirilməsinə, neftdən asılılığın azaldılmasına, ixracyönlü iqtisadiyyatın formalaşmasına yönəlib. Bunu almaniyalı ekspertlər çox yaxşı bilirlər. Bu baxımdan Azərbaycan və Almaniya iş adamlarının görüşü də önəmli hadisədir.

Bu gün ölkəmizdə 200-ə yaxın alman şirkəti fəaliyyət göstərir və 2017-ci ilə olan məlumata görə, alman investorları Azərbaycan iqtisadiyyatına 555 milyon avrodan artıq vəsait qoyublar. Bu da ona dəlalət edir ki, əlaqələrimizi inkişaf etdirmək üçün imkanlar mövcuddur. Doğrudur, ticarət dövriyyəsi potensiala uyğun deyil, təxminən 894 milyon avroluq ticarət dövriyyəmiz var, amma nəzərdən qaçırmayaq ki, 2013-cü ildə iki ölkənin ticarət dövriyyəsinin səviyyəsi 3,1 milyard avroya gəlib çatmışdı.

Belə olan vəziyyətdə əlaqələrimizin qeyri-neft sektorunda inkişafı üçün yaxşı imkanlar var. Hesab edirəm ki, Merkel ölkəsinə qayıdandan sonra səfərin yekunları müzakirə olunanda ilk növbədə iqtisadi blokdan olan məsələlərin müzakirəsi zamanı Azərbaycanın qeyri-neft sektoru ilə əlaqələrin inkişaf etdirilməsi diqqətdə saxlana bilər.

- Angela Merkelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı sərgilədiyi mövqeyini necə dəyərləndirirsiniz?

- Təbii ki, əsas müzakirə mövzularından biri də regional təhlükəsizlik məsələləri idi. Bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi. Angela Merkelin mövqeyi belədir ki, münaqişə sülh yolu ilə həllini tapmalıdır. Almaniya problemin dinc yolla həlli üçün əlverişli atmosferin yaranmasında maraqlıdır və prosesə öz töhfəsini verə bilər. Hesab edirəm ki, perspektivdə Almaniyanın sadəcə Minsk qrupunun 11 üzvündən biri deyil, onun həmsədr olması məsələsi də gündəlikdə ola bilər.

Almaniyanın siyasi təsir imkanlarının böyük olduğunu nəzərə alıb həmsədr kimi diqqətdə saxlanılması pis olmazdı. Yada salsaq, hələ 1996-cı ildə həmsədrlik institutu formalaşanda Azərbaycan tərəfi Almaniyanın həmsədr olmasında israrlı olmuşdu. Ermənistan isə veto hüququ ilə hədələmişdi. Bütün bunlar düşünməyə əsas verir.

Bundan başqa, Almaniya Bundestaqı 2016-cı ildə qondarma erməni soyqırımını tanısa da, kansler Ermənistanda olarkən heç bir halda “soyqırımı” ifadəsi işlətmədi. Bu isə Ermənistan tərəfini xeyli məyus etdi. Bütövlükdə Almaniya kanslerinin ölkəmizə səfəri iki ölkə münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar açır. İndiyə qədər 70-ə yaxın sənəd imzalanıb, bundan sonra ticarət-iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat sferası, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə və digər sahələrdə inkişaf üçün yaxşı perspektivlər yaranıb.

- İki ölkə parlamentarilərinin görüşündə nələr müzakirə edildi?

- Hakim Xristian Demokrat İttifaqı partiyasının parlamentdə olan fraksiyasının sədr müavini və digər fraksiyanın üzvləri Merkeli müşayiət edirdi. Azərbaycan Milli Məclisində də görüşlər oldu. İlk növbədə parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə edildi və onun genişlənməsi ətrafında fikir mübadiləsi aparıldı.

Siyasi dialoq, iqtisadi, humanitar sahədə əməkdaşlıq üçün qanunvericilik orqanları arasındakı təmaslar diqqət mərkəzində oldu.

- Yeri gəlmişkən, hələ səfərdən öncə bir sıra dünya və erməni mediasında kansleri müşayiət etməli olan Bundestaq üzvü, Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısındakı Albert Vayler ətrafında ajiotaj yaranmışdı. Onunla bağlı yaranan situasiyanı necə şərh edərdiniz?

- Angela Merkelin regiona səfəri zamanı onu Almaniya Bundestaqında Cənubi Qafqaz üzrə dostluq qrupunun sədr müavini Albert Vayler də müşayiət edirdi. Vayler həm Gürcüstanın, həm də Ermənistanın paytaxtındakı danışıqlar prosesində iştirak etdi. Azərbaycan tərəfi isə qətiyyətli mövqe ortaya qoyaraq kanslerə məsləhət gördü ki, işğal altındakı torpaqlara qanunsuz səfər etdiyi üçün “arzuolunmaz şəxslər” siyahısında olan parlamentarinin Bakıya səfəri qəbuledilməzdir. Azərbaycanın haqlı mövqeyi Merkel tərəfindən də məqbul hesab edildi və sözügedən deputat Azərbaycana səfər zamanı kansleri müşayiət edə bilmədi.

Gürcüstan mətbuatı ilə yanaşı Ermənistan mətbuatı da yazdı ki, Azərbaycan bununla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, ərazi bütövlüyü məsələsində qətiyyətli və prinsipial mövqedə dayandığını bir daha nümayiş etdirmiş oldu.


Müəllif: Nərgiz

Oxşar xəbərlər