3 Sentyabr 2018 20:39
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli, təhlükəsizlik, dünyada baş verən hadisələr və bizdən asılı olmayan qaçqın axını və digər məsələlərdə aparıcı ol oynayan ölkələrdən biridir.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Millət vəkili qeyd edib ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri zamanı 16 sənədin imzalanmasına toxunan Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanla müqayisədə qonşu Ermənistanı investisiya qoyuluşu, qarşılıqlı sənədlərin imzalanmasından daha çox hakimiyyət ambisiyası maraqlandırır: “Qonşularımız Rusiyaya səfər edəndə hakimiyyətə kimin gələcəyini, seçkilərin necə nəticələnəcəyini soruşurlar. Hər hansı müqavilə, ticarət dövriyyəsi, investisiya qoyuluşu və başqa məsələlər barədə söhbət açılmır. Müxalifətdə olan da, iqtidarda olan da dəstək üçün qaçır. Bu, Ermənistanın düşdüyü vəziyyəti göstərir. Birinə təbrik göndərilirsə, ölkədə ictimai-siyasi vəziyyət tamamilə dəyişir”.

Rusiya və Azərbaycanın iştirakı ilə Xəzərin statusunun müəyyənləşməsinə dair konvensiyanı xatırladan deputat qeyd edib ki, bu istiqamətdə uzun müddət müzakirələrin aparılması qlobal layihələrin həyata keçirilməsinə maneə yaradırdı: “Bəzi şirkətlər stabil olmayan məkana investisiya yatırmır. Təhlükəsizlik məsələsi çox önəmli rol oynayır. Xəzər dənizində qeyri ölkələrin hərbi bazasının olmaması barədə qərar karbohidrogen ehtiyatlardan istifadə üçün qapıları şirkətlərə açdı. Azərbaycan ərazisində investisiya qoyuluşuna maraqlı olan şirkət qarşısında heç bir maneə olmayacaq”.

Siyavuş Novruzov bildirib ki, iki dövlət təhsil sahəsində sıx əməkdaşlıq edir: “Tələbələrin Avropaya üz tutmasından danışılır, statistikaya nəfər yetirsək, 11 mindən artıq Azərbaycan gənci Rusiyada təhsil alır və onlara xeyli güzəştlər tətbiq edilir. Eləcə də turizmdə, ticarətdə qarşılıqlı anlaşmalar mövcuddur. Ticarət dövriyyəsində müəyyən standartlar var ki, sahibkarlarımız, kənd təsərrüfatı ilə məşğul olanlar Rusiya bazarında tələbatın nədən ibarət olduğunu bilir və ticarətini ona uyğun quraraq ölkəyə valyuta gətirirlər”.

Deputat idman sahəsində mübadilə olduğunu söyləyib: “Azərbaycanda dünya standartlarına cavab verən 40-dan artıq olimpiya kompleksi fəaliyyətdədir. İdmançılarımız qarşılıqlı şəkildə təlim-məşq toplantılarında iştiraklar edirlər.
Bütövlükdə 16 müxtəlif sahə üzrə imzalanan müqavilələr münasibətlərimizin bir daha yüksək səviyyədə olduğunu nümayiş etdirir”.



Müəllif: Nərgiz

Oxşar xəbərlər