Azərbaycanın Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Çinin CEC televiziyasına müsahibə verib.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, müsahibədən öncə ölkəmiz haqqında deyilir:
“Azərbaycan başqa bir deyimlə “Odlar yurdu” adlanır. Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşir. Cənubi Qafqaz regionunda yerləşən Xəzər dənizinin qərbində yerləşən Azərbaycan cənubda İran, şimalda Rusiya, şərqdə Xəzər dənizi üzərindən Qazaxstan və Türkmənistanla, qərbdə isə Gürcüstan və Ermənistanla qonşudur. Bu gün Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı vasitəsilə Azərbaycanı daha yaxından tanımaq şansımız olacaq. Bununla da biz iki ölkənin “Bir Kəmər Bir Yol” təşəbbüsü ilə gələcək münasibətlərini dəyərləndirəcəyik”.
Daha sonra səfirin müsahibəsi yayımlanıb. Ə.Zeynallı bildirib ki, Azərbaycanla Çin dost və tərəfdaş ölkələrdir. Onun sözlərinə görə, iki ölkənin və xalqın dostluğu Qədim İpək Yolu zamanına gedib çıxır:
“Çinlə Azərbaycan arasındakı tarixi, ənənəvi və dostluq münasibətləri “Bir Kəmər Bir Yol” təşəbbüsü vasitəsilə yeni əməkdaşlıq imkanları yaradıb. Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. 1992-ci il 2 aprel tarixində iki ölkə rəhbərliyi Bakı şəhərində diplomatik əlaqələrmizin qurulmasını elan ediblər. Bu illər ərzində Çin Azərbaycanın önəmli ticarət tərəfdaşlarından birinə çevrilib. Çin Xalq Respublikasının sədri Si Cinpinin təşəbbüsü ilə 2013-cü ildə təməli qoyulmuş “Bir Kəmər Bir Yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub”.
Səfir bildirib ki, indiyədək iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı çoxsaylı sazişlər imzalanıb:
“Heç şübhəsiz ki, “Bir Kəmər Bir Yol” layihəsi Azərbaycan üçün yeni inkişaf imkanları gətirib. Bu təşəbbüs əməkdaşlıq üçün böyük imkanlar yaradıb”.