Teleqraf.com siyasi analitik, professor Əli Abbasovla müsahibəni təqdim edir:
- Əli müəllim, İrəvandan baş verən son hadisələri, ələlxüsus, baş nazir Paşinyanın xalqı küçələrə çağırmasını necə şərh edirsiniz?
- Müxalifətə keçən Respublika Partiyası və onunla həmrəy olan Daşnaksütyun Partiyası ilə “Çiçəklənən Ermənistan” Partiyası anlayır ki, parlament seçkiləri ilin sonuna qədər keçirilsə, onlar çətin vəziyyətə düşəcək. Yəni ən azı parlamentdə malik olduqları mandatların müəyyən hissəsini itirəcək. Bu halda Respublika Partiyası parlamentdən kənarda qala, siyasi səhnəyə başqa şəxslər gələ bilər. Üstəlik, Paşinyan baş nazir kimi parlamentdə üstünlüyü ələ keçirə bilər. Bunlar real görünür. Məhz bu səbəbdən də adını çəkdiyim partiyalar parlamentin buraxılmasına yol verməyən və növbədənkənar parlament seçkilərini mümkünsüz edən qərar qəbul ediblər. Digər tərəfdən, Paşinyan növbədənkənar parlament seçkilərini keçirməkdə maraqlıdır. Və geniş xalq kütlələrinə arxalanır. Maraqlısı bundan sonra proseslərin hansı istiqamətdə inkişaf edəcəyidir. Biz, bu prosesi diqqətlə izləməliyik.
- Sizcə, dünən başlayan proses, xüsusilə növbədənkənar parlament seçkilərinin tormozlanması siyasi müxalifətin öz təşəbbüsü ilə həyata keçirilir, yoxsa burada xarici faktorlar da var?
- Xarici təsirindiki mərhələdə o qədər də lazım deyil. Müxalifətə keçən Sərkisyanın partiyası parlamentdə çoxluğu qorumaq və parlament xətti ilə hökumətə təzyiq imkanlarını saxlamaq istəyir. Amma növbədənkənar seçkilər baş versə, onlar bu imkanlar itiriləcək. Hazırda erməni parlamentində səs çoxluğu Respublika Partiyasına məxsusdur. Qənaətimcə, bu partiyaya belə bir qanun layihəsi qəbul etməyi məsləhət görüblər. Bu məqamda Robert Köçəryanın siyasətə qayıtması haqda bəyanatını unutmamaq lazımdır. Hazırda faktiki olaraq Köçəryan Sərkisyanın rolunu üzərinə götürüb. Hesab edirəm ki, belə bir qanun layihəsinin qəbul edilməsi onun məsləhəti ilə baş tuta bilər. Paşinyan Köçəryanı həbs edəndə Rusiya açıq formada Paşinyan hökumətinə təzyiq edərək, onun azadlığa buraxılmasına nail olub. Respublika Partiyası və Çiçəklənən Ermənistan Partiyası ideoloji baxımdan Rusiyaya daha yaxındır. Nəhayət, Düşənbədə Paşinyan-Putin görüşü olub, müzakirələr aparılıb. Ancaq problem ondadır ki, Kreml Paşinyana etibar etmir, hesab edir ki, yeni hökumət Ermənistanı Qərb trayektoriyası istiqamətində aparacaq. Rusiya bu təhlükənin qarşısını almaq istəyir. Başqa sözlə, bu məsələdə Respublikaçılar Partiyası ilə Moskvanın maraqları üst-üstə düşür.
- Xarici və daxili maraqlar üst-üstə düşdüyü halda Paşinyanı siyasətdən silə bilərlərmi?
- Hər halda Paşinyana qarşı duran qüvvələr güclüdür. Sadəcə Paşinyan erməni siyasətinə yeni meydan və xalq prinsipini gətirib. Bir şey olan kimi baş nazir xalqı küçələrə dəvət edir. Beləcə parlamentə təzyiq göstərir. Əgər Respublika Partiyasının Ermənistan daxilində böyük nüfuzu olsaydı, dərhal əks mitinq keçirərdi. Ancaq biz görürük ki, Respublika Partiyasının belə bir imkanı yoxdur. Sadəcə onlar bir qrup dəstədir və vaxtı ilə mafiya formasında iqtidarı əldə ediblər. İndi də həmin prinsiplərlə fəaliyyət göstərirlər.
- Paşinyan dünən mitinqdə bəyan edib ki, heç bir qüvvə Ermənistanda əks-inqilab həyata keçirə bilməz. Sizin bu barədə fikirləriniz nədən ibarətdir?
- Təbii ki, Paşinyan xalqın qarşısında belə deməlidir. Amma problem ondadır ki, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın tutacağı mövqedən asılıdır. Hələlik xalq Paşinyanı dəstəkləyir. Paşinyan komandası bundan yararlanaraq istəklərini yavaş-yavaş həyata keçirəcək.
- Yəni istəyinə nail olacaq?
- Şahmatda pat vəziyyəti var. Paşinyan pat ola bilər. Yəni problemlər qalacaq. Siyasi müxalifət yeni seçkilər, onun forması və tarixi haqqında müzakirələr aparmır. Ola bilsin ki, seçkiləri hansısa müddətə qədər uzatsınlar və Paşinyan bununla razılaşsın. Fikrimcə, bu daha çox siyasi qüvvələrin vəziyyəti və xaricdən alacağı dəstəkdən asılıdır.
- Paşinyana xarici dəstək varmı, əgər varsa, hansı səviyyədədir?
-Sözsüz ki, dəstək var. Ancaq onun forması haqqında bir söz deyə bilmərəm. İndiki halda Paşinyana ən ciddi xarici dəstək Rusiyanın neytrallıq nümayiş etdirməsi ola bilər. Bu özü böyük dəstəkdir. Digər tərəfdən, Qərbdən iki qüvvə Paşinyana dəstək verir. Həm dünya erməni diasporu, həm də dünya ölkələrinin mövqeyi. Məncə, onların da mövqeyindən çox şey asılı olacaq. Keçmiş siyasi elita erməni diasporu və xarici ölkələrin zəhləsini töküb. Bununla belə hesab edirəm ki, Paşinyana eksperiment aparmaq üçün vaxt verəcəklər. İnanmıram ki, bu ilin içində Paşinyana siyasi dəstək kəsilsin. Aydındır ki, Ermənistanda Rusiya faktoru güclüdür. Nəzərə alınmalıdır ki, Rusiya içəridə oturan qüvvədir. Ermənistan daxilində hərbi, siyasi və iqtisadi baxımdan çox güclüdür. Bu faktdır. Amma Rusiya da fikirləşməlidir. Yeni hakimiyyətə gələn baş nazir korrupsiyaya qarşı böyük işlər görüb. Rusiyaya qarşı indi güclü sanksiyalar var. İnanmıram ki, bu ilin sonuna qədər Putin Paşinyana qarşı açıq işə başlasın. İndi gözləmək lazımdır ki, erməni xalqının təzyiqi özünü hansı formada göstərəcək. Nəzərdən qaçırmayaq ki, Nikol Paşinyan xalqın təzyiqi ilə iki dəfə istəyinə nail olmağı bacarıb. Üstəlik, erməni xalqının Paşinyana böyük inamı var. Bu ciddi dəstəkdir.